AQC Tikinti, Abadlıq və Köçürülmə Komissiyası fəaliyyətə başladı

post-img

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində (AQC) paytaxt Bakıda həyata keçirilən söküntü və abadlıq işləri, vətəndaşların məmnuniyyətinin təmin olunması, habelə kompensasiyaların obyektiv və şəffaf şəkildə müəyyənləşdirilməsi məqsədilə yaradılmış AQC Tikinti, Abadlıq və Köçürülmə (TAK) Komissiyasının ilk geniştərkibli iclası keçirilib. 

XQ xəbər verir ki, iclasda son dövrlər paytaxtın müxtəlif ərazilərində aparılan söküntü prosesləri zamanı vətəndaşların qarşılaşdığı problemlər, kompensasiya məbləğlərinin hesablanmasında vahid yanaşmanın formalaşdırılması, peşəkar qiymətləndirmə standartlarının tətbiqi və tikinti şirkətləri ilə sakinlər arasında sağlam dialoqun qurulması əsas müzakirə mövzuları olub.

AQC İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc çıxışında bildirib ki, ölkədə şəhərsalma proseslərinin intensivləşdiyi, eyni zamanda Şəhərsalma və Arxitektura Forumuna hazırlıq getdiyi bir dövrdə söküntü və köçürülmə məsələləri daha həssas yanaşma tələb edir. O qeyd edib ki, əsas məqsəd bütün proseslərin mövcud qanunvericiliyə uyğun, şəffaf və sosial ədalət prinsipləri əsasında həyata keçirilməsidir.

“Vətəndaşlara ödəniləcək kompensasiyalar real bazar qiymətlərinə və beynəlxalq qiymətləndirmə standartlarına uyğun hesablanmalıdır. İnsanların mülkiyyət hüquqları qorunmalı, onların narazılığına səbəb ola biləcək halların qarşısı peşəkar yanaşma ilə alınmalıdır. AQC bu prosesdə həm ekspert platforması, həm də ictimai etimad institutu kimi fəaliyyət göstərəcək”, – deyə Vüqar Oruc vurğulayıb.

Komissiyanın sədri, daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, TAK Komissiyası həm dövlət qurumları, həm də vətəndaşlar üçün etibarlı və peşəkar platforma rolunu oynayacaq. 

“Biz daşınmaz əmlak bazarındakı mövcud vəziyyəti davamlı şəkildə təhlil edəcəyik. Müstəqil qiymətləndirmə rəylərinin əhəmiyyətini artırmaq, kompensasiyaların obyektiv hesablanmasına töhfə vermək və tərəflər arasında yaranan fikir ayrılıqlarını minimuma endirmək əsas hədəflərimizdəndir”, – deyə o qeyd edib.

Komisiyyanın üzvləri, iqtisadçı ekspertlər - Asif İbrahimov, Firdovsi Xəlilov, hüquqşünas Mayıl Əhməd, memar Cahid Həsənov çıxış edərək, şəhərsalma və memarlıq baxımından söküntü proseslərinin sistemli və balanslı şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

İclasın sonunda qərara alınıb ki, TAK Komissiyası söküntü zonalarında mülkiyyəti olan şəxslərin hüquqlarının müdafiəsi məqsədilə mütəmadi monitorinqlər həyata keçirsin, vətəndaş müraciətlərini operativ şəkildə araşdırsın və müstəqil ekspert rəylərinin hazırlanmasını təmin etsin.

Komissiyanın eyni zamanda aidiyyəti dövlət qurumları, tikinti şirkətləri və vətəndaş cəmiyyəti institutları ilə koordinasiyalı fəaliyyət göstərməsi planlaşdırılır.

 

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti

Sosial həyat