Böyük Britaniyada keçirilən yerli seçkilərin ilk nəticələri ifrat sağçı siyasətçi Naycel Fərəcın rəhbərlik etdiyi “Reform Böyük Britaniya” (Reform UK) partiyasının əhəmiyyətli dərəcədə mövqe qazandığını, hakim Leyborist Partiyasının isə ciddi itkilər verdiyini göstərib.
Məlumatı “Anadolu” yayıb.
İlkin nəticələrə görə, “Reform UK” artıq bələdiyyə şuralarında 352, Leyboristlər Partiyası 245 və Liberal Demokratlar 237 yer qazanıb.
Əsas müxalifət olan Mühafizəkarlar Partiyası 217, Yaşıllar Partiyası 48, müstəqil namizədlər isə 20 yer qazanıb.
Ümumiyyətlə, İngiltərə üzrə 136 yerli özünüidarə orqanındakı təxminən 5000 yer uğrunda səsvermə keçirilib. Eyni vaxtda Londonun Kroydon, Hekni, Luişem, Nyuhem, Tauer Hemlets və Uotford rayonlarında mer seçkiləri keçirilib.
Bir çox bölgədə səslərin sayılması davam edir və yekun nəticələrin sabah gözlənilir.
P.ƏMİRCANOV
XQ
Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti

