Aİ liderləri Ukraynanın üzvlük yolunda dəstəyini bir daha ifadə etdilər

post-img

Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Ukraynanın Avropa İttifaqına üzvlük prosesinə güclü dəstək verdiklərini bildiriblər. Bu barədə Brüsseldə keçirilən Avropa Şurasının iclasından sonra təşkil olunan mətbuat konfransında məlumat verilib.

Antonio Kosta vurğulayıb ki, Ukraynanın təhlükəsizliyi bütövlükdə Avropanın təhlükəsizliyindən ayrılmazdır. O qeyd edib ki, Aİ-nin məqsədi Ukraynanın həyata keçirdiyi islahatları dəstəkləməklə və üzvlük üçün zəruri ilkin şərtləri yaratmaqla ədalətli və davamlı sülhə nail olmaqdır.

“İnanılmaz dərəcədə çətin şəraitə baxmayaraq, Ukrayna hökuməti islahatları sürətlə və effektiv şəkildə həyata keçirir. Məhz buna görə də indi bu prosesi daha da gücləndirməyin və Ukraynanın Aİ-yə üzvlük yolunda irəliləyişə dəstək verməyin vaxtıdır”, – deyə Kosta bildirib.

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen də öz çıxışında Ukraynanın Rusiyanın davamlı hücumları fonunda belə islahatlar aparmaq əzmini yüksək qiymətləndirib. Onun sözlərinə görə, Avropa Komissiyası artıq üzvlük danışıqlarının ilk mərhələsinin – klasterinin – açılmasını dəstəkləyir.

“Ukrayna üzərinə düşən öhdəlikləri yerinə yetirib – indi hərəkət sırası bizdədir. Aİ-yə üzvlük prosesi ləyaqət və nailiyyətlərə əsaslanır. Ukrayna isə bu yolda irəliləməyə layiqdir”, – Fon der Lyayen əlavə edib.

UNIAN agentliyinin məlumatına görə, Litva Prezidenti Gitanas Nauseda da Ukraynanın 2030-cu ildən Aİ-yə üzvlük hədəfinin müdafiə olunmasının vacibliyini qeyd edib.

Eyni zamanda, Ursula Fon der Lyayen vurğulayıb ki, Aİ-yə üzvlük prosesi hər zaman konkret şərtlərin yerinə yetirilməsi və institusional islahatların həyata keçirilməsi əsasında dəyərləndirilir. Onun fikrincə, Aİ konkret tarixlər təyin etməsə də, əgər Ukrayna eyni sürətlə və keyfiyyətlə islahatları davam etdirərsə, üzvlük üçün hazırlıqlar 2030-cu ildən də əvvəl başa çata bilər.

S.ELAY

XQ

Dünya