Çinə səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazov “China Datang Korporasiyası”nın sədri Lyu Junla görüşüb.
Nazirlikdən XQ-ə bildirilib ki, görüşdə Çin şirkətlərinin Azərbaycanın “yaşıl enerji” kursunun əsas tərəfdaşlarından olduğu və bu əməkdaşlığın daha da genişləndirilməsinə maraq ifadə edilib. Bu ilin aprelində Azərbaycan Prezidentinin Çinə dövlət səfəri zamanı imzalanmış Birgə Bəyanatın bərpaolunan enerji mənbələri sahəsində fəal əməkdaşlığı və təmiz enerji sahəsində qlobal tərəfdaşlığın formalaşmasını birgə irəli aparmağı təşviq etdiyi vurğulanıb. Bu xüsusda Çin şirkətləri, o cümlədən “China Datang Overseas Investment Co. Ltd” ilə bərpaolunan enerji sahəsində imzalanmış müqavilələrin əhəmiyyətindən bəhs edilib.
Söhbət zamanı Azərbaycanın “yaşıl enerji” layihələri, şirkətlə əməkdaşlıq çərçivəsində dənizdə külək enerjisinin inkişafı və Günəş elektrik stansiyası layihələrinin icrası, həmçinin potensial əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Görüş çərçivəsində Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə “China Datang Overseas Investment Co. Ltd” arasında “yaşıl enerji” dəhlizinin inkişafı üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Memorandum Azərbaycanın bərpaolunan enerji mənbələri hesabına yaradılan elektrik enerjisi istehsalı güclərinin elektrik şəbəkəsinə təhlükəsiz qoşulmasını təmin etmək və bu enerjinin etibarlı və sabit şəkildə ötürülməsini həyata keçirmək məqsədilə əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, “China Datang Overseas Investment Co. Ltd” ilə şirkətin texniki imkanlarının və elektrik şəbəkəsinin inkişafı üzrə sistem tədqiqatlarının tətbiqi, eləcə də HVDC layihələrinin dizaynı, mühəndislik və tikinti idarəçiliyi sahəsində zəngin təcrübəyə malik Çin şirkətlərinin cəlb olunması üçün texniki və maliyyə dəstəyi sahəsində əməkdaşlıq ediləcək.
Görüşdə Azərbaycanın energetika sektoru üzrə mütəxəssisləri üçün təlim proqramına da start verilib.
Proqramın məqsədi şəbəkə idarəçiliyi, sualtı kabel layihələri, üzən günəş texnologiyaları və batareya enerji sistemləri sahələrində qabaqcıl təcrübə ilə tanışlıqdır. Təlim çərçivəsində praktiki ekskursiyalar və müxtəlif enerji obyektlərinə səfərlərin təşkili də nəzərdə tutulur.