Asiya İnkişaf Bankı ölkəmizlə fəal əməkdaşlıq edir

post-img

Ötən il Asiya İnkişaf Bankı (AİB)ölkəmizə 626 milyon dollar vəsait ayırıb.  Bunun da 223,3 milyon dollarını birbaşa ayrılan kreditlər təşkil edib. Bir­başa kreditlərin 131,5 milyon dolları suve­ren kreditlər olub. Həmin vəsait isə Azər­baycanda dəmir yollarının inkişafı layihəsinə ayrılıb. Bu barədə bankdan məlumat verilib. 

Bildirilib ki, dövlət zəmanəti olmayan qeyri-suveren kreditlərin həcmi ötən il, ümumilikdə, 91,6 milyon dollara bərabər olub. AİB 2024-cü ildə “Veysəloğlu” Müasir Pərakəndə Şəbəkəsinin genişləndirilməsinə 10 milyon dollar, “Biləsuvar” Günəş Elektrik Stansiyası üzrə 48,1 milyon dollar, “Neftçala” Günəş Eletrik Stansiyası üzrə 33,5 milyon dollar kredit ayırıb. Bankın ölkəmizdə Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramına ayırdığı vəsaitin həcmi isə 0,2 milyon dollar təşkil edib. 

2024-cü ildə Asiya İnkişaf Bankının birgə maliyyələşdirmə üzrə ayırdığı vəsaitlərin həcmi 399,1 milyon dollara bərabər olub. Bunun da 398,3 milyon dolları layihələr, 0,8 milyon dolları isə texniki məsləhət proqramı ilə bağlı olub.

Xatırladaq ki, ölkəmiz 1999-cu ildə Asiya İnkişaf Bankına üzv olub. 2004-cü ildən bankın Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir. Bankın Rəhbərlər Şurasının 48-ci illik toplantısı 2015-ci ildə Bakıda keçirilib. 

Asiya İnkişaf Bankı iqtisadiyyatın şaxələndirilməsi, yeni iqtisadi imkanların genişləndirilməsi, inklüziv inkişafın təşviqi istiqamətindəki fəaliyyətlərdə Azərbaycana dəstək göstərir. Belə ki, AİB nəqliyyat, su təchizatı, enerji, həmçinin maliyyə sektoru (bank və sığorta), təhsil, səhiyyə və digər sahələr üzrə 1999-cu ildən bəri Azərbaycana 130-dan çox kredit, qrant, investisiya, texniki yardım layihələrinin, ticarət və təchizat zəncirinin maliyyəsi və mikromaliyyə proqramlarının maliyyələşdirilməsi üçün 5,27 milyard ABŞ dolları vəsait ayırıb.

İqtisadiyyat