Güclü yağış əkinlərə də ciddi ziyan vurub

post-img

Son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, güclü yağışlar digər sahələr kimi, kənd təsərrüfatına da ciddi təsir edib. Aqrar Sığorta Fondunun məlumatına görə, güclü yağış, onun nəticəsində yaranan çay daşqınları və yaranan sel səbəbindən bəzi ərazilərdə əkin sahələrini su basıb təsərrüfatlara ziyan dəyib.

Bununla əlaqədar olaraq təsərrüfatı zərər çəkən sığortalı fermerlərin Aqrar Sığorta Fonduna müraciətləri kəskin artıb. Müraciətlərə əsasən subasma halları tarla bitkiləri ilə yanaşı, meyvə bağlarında da baş verib. Təsərrüfatlara zərər dəyməsi ilə bağlı əsas müraciətlər Quba-Xaçmaz, Dağlıq Şirvan, Şirvan-Salyan və Qarabağ regionlarında qeydə alınıb. Son məlumatlara görə, güclü yağış nəticəsində ən çox zərər hadisələri Xaçmaz və Şabran rayonlarında baş verib. Belə ki, Xaçmazda Ağçay çayının və digər kiçik çayların daşması səbəbindən rayonun İstisu qəsəbəsi, Əhmədoba, Hacıəhmədoba, Qaracəlli, Keymərəz, Niyazoba, Qaraqurdlu, Çığatay, Hacılar və Qarqan kəndlərində sığortalı payızlıq arpa, buğda sahələrini, badam, armud və heyva bağlarını su basıb. Bəzi əkin sahələri lillə örtülüb. Hətta bəzi əkin sahələrində suyun hündürlüyü 60 santimetrə çatıb.

Şabranda isə güclü yağışlar nəticəsində Dəvəçi və Şabran çaylarının daşması, eləcə də bəzi kanalların dolub daşması səbəbindən rayonun Liman, Udulu Ağalıq və Gəndov kəndlərində sığortalanmış payızlıq arpa sahələrini, eləcə də gilas bağını su basıb. Qusarda Buxur kəndindən gələn çayın daşması nəticəsində rayonun Çubuqlu kəndində arpa sahəsini, Yasab çayının daşması nəticəsində isə bu kənddə sığortalanmış buğda sahəsini su basıb. Güclü yağışlar nəticəsində Quba rayonunda Quru çay daşaraq Aşağı Xuc kəndində alma bağını, Siyəzən rayonunun Balaca Həmyə və Qalaşıxı kəndində isə intensiv və güclü yağışlar nəticəsində payızlıq arpa sahələrini su basıb.

Dağlıq Şirvan regionundan Aqrar Sığorta Fonduna daxil olmuş müraciətlər, əsasən, Ağsu rayonu üzrə olub. Belə ki, rayonun Rəhimağalı və Muradlı kəndlərində dağdan gələn sel suları nəticəsində sığortalı badam bağlarını və buğda sahələrini su basıb. Şamaxı rayonunda Ağsu çayının daşması nəticəsində Çuxuryurd kəndində, Qobustan rayonunun isə Dərəkənd kəndində güclü yağışlar nəticəsində arpa sahələrində subasma baş verib.

Eyni zamanda, Aqrar Sığorta Fonduna daxil olan müraciətlərə əsasən, Pirsaat çayının daşması nəticəsində Hacıqabul rayonunun Qızılburun kəndindəki arpa sahəsini su basıb. Ağcabədi rayonunda isə alma bağı qasırğa və güclü yağış səbəbindən zərər çəkib.

Ümumilikdə isə, fond tərəfindən 2 min 100 hektara yaxın əkin sahələrinə zərər dəyməsi barədə müraciətlər qeydə alınıb. Sığortalı fermerlərin artan müraciətlərinin qeydə alınması məqsədilə güclü yağış davam edən dövrdə, istirahət günü olmasına baxmayaraq, qurumun 1651 çağrı mərkəzi gücləndirilmiş rejimdə fasiləsiz fəaliyyət göstərib.

Aqrar Sığorta Fonduna daxil olan bütün müraciətlər qeydə alınıb, ərazilərə baxış keçirilməsi, hadisələrin araşdırılması və zərərin qiymətləndirilməsi məqsədilə bölgələrə aqrar sığorta ekspertləri yönəldilib. Aprelin 2-dən etibarən bölgələrdə subasma baş vermiş əkin sahələrində müstəqil ekspertlər tərəfindən zərərin qiymətləndirilməsi prosesinə başlanılıb. Bununla yanaşı, fond hadisə baş vermiş ərazilərdə zərərin vaxtında qiymətləndirilməsi üçün sığortalı fermerləri öz əkin sahələrini baş çəkməyə və hər hansı hadisə müşahidə etdikdə dərhal çağrı mərkəzinə məlumat verməyə səsləyir.

Xatırladaq ki, Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi 41 bitki və bitki məhsulunu çoxsaylı risklərdən qoruyur. Buraya dolu, fırtına-qasırğa, sel-subasma, leysan, şaxtavurma, normadan artıq qar yağması, yanğın, torpaq sürüşməsi, 3-cü şəxsin hərəkəti və sair hallar aiddir. Əkin sahələrini sığorta edərkən sığorta haqqının 50 faizini dövlət ödəyir. Bunun da nəticəsində fermerlər cüzi ödəniş etməklə əkin sahələrini sığorta edə bilirlər. Məsələn, hazırda subasma halları ilə bağlı ən çox müraciətlərin daxil olduğu Quba-Xaçmaz bölgəsində 1000 manatlıq məhsul olan 1 hektar buğda sahəsinin sığortalanması fermerə cəmi 6,65 manata, arpa sahəsinin sığortası isə cəmi 8,05 manata başa gəlir.

Subasma hallarının baş verdiyi Dağlıq Şirvan bölgəsində isə 1000 manatlıq məhsul olan 1 hektar buğda sahəsinin sığortalanması fermerə cəmi 10,80 manata, arpa sahəsinin sığortası isə cəmi 13,65 manata başa gəlir. Aqrar Sığorta Fondu əkin sahələrinin çoxsaylı risklərdən qorunması üçün fermerləri sərfəli dövlət sığortasından istifadə etməyə və əkin sahələrini sığortalamağa çağırır.

XQ

İqtisadiyyat