ABŞ büdcəsində hərbi prioritetlər güclənir

post-img

ABŞ-da Donald Tramp administrasiyası 2027-ci maliyyə ili üçün təqdim etdiyi federal büdcə layihəsində hərbi xərclərin kəskin artırılmasını əsas prioritet kimi müəyyənləşdirib. Ağ Ev Pentagon üçün 1,5 trilyon dollar ayrılmasını təklif edir ki, bu da hazırkı səviyyədən təxminən 40–42 faiz çoxdur. Layihə Konqres tərəfindən təsdiqlənərsə, ABŞ-da müdafiə xərclərinin artımı İkinci Dünya müharibəsindən bu yana ən böyük artım olacaq. Bu məbləğin təxminən 1,1 trilyon dollarının milli müdafiənin maliyyələşdirilməsi haqqında illik qanun çərçivəsində, qalan hissəsinin isə respublikaçıların partiya xətti ilə keçirməyə çalışacağı əlavə mexanizmlər vasitəsilə ayrılması planlaşdırılır.

Administrasiya “güc vasitəsilə sülh” strategiyasını əsaslandıraraq vəsaitlərin bir neçə istiqamətə yönəldilməsini nəzərdə tutur. Buraya ABŞ-ın nüvə arsenalının modernləşdirilməsi və yeni döyüş başlıqlarının hazırlanması, “Amerika üçün Qızıl Günbəz” adlandırılan yeni nəsil raketdən müdafiə sisteminin yaradılması və orbitdə raketlərin yerləşdirilməsi, kritik əhəmiyyətli adi döyüş sursatlarının kütləvi alınması, pilotsuz sistemlərə və dronlara qarşı müdafiə texnologiyalarına investisiyalar, silahlı qüvvələrdə süni intellekt texnologiyalarının geniş tətbiqi, 85 ədəd yeni F-35 qırıcısının alınması, dəniz qüvvələri və köməkçi donanma üçün təxminən 40 yeni gəminin inşası, həmçinin hərbçilərin maaşlarının artırılması daxildir. Ağ Ev bu addımların ABŞ-ın qlobal hərbi üstünlüyünü qorumaq və rəqiblərin artan hərbi imkanlarına cavab vermək məqsədi daşıdığını bildirir.

Müdafiə xərcləri ilə yanaşı, daxili təhlükəsizlik strukturlarına, xüsusilə qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparan gömrük və miqrasiya xidmətlərinə də əlavə maliyyə ayrılması təklif olunur. Bunun əksinə olaraq, bir sıra mülki qurumların büdcəsinin azaldılması planlaşdırılır. İxtisarların Milli Elm Fondu, Dövlət Departamenti, Əmək Nazirliyi, Səhiyyə və Sosial Xidmətlər Nazirliyi, NASA, Kənd Təsərrüfatı Nazirliyi, Mənzil və Şəhərsalma Nazirliyi, Ticarət Nazirliyi və Təhsil Nazirliyi kimi strukturları əhatə edəcəyi göstərilir. Dövlət Departamentinin nəzdində olan proqramlar çərçivəsində BMT və digər beynəlxalq təşkilatlara ayrılan vəsaitlərin, eləcə də xarici yardım proqramlarının azaldılması da nəzərdə tutulur.

Büdcə layihəsində diqqət çəkən məqamlardan biri 2022-ci ildən bəri ilk dəfə Ukraynaya yardım üçün ayrıca vəsaitin nəzərdə tutulmamasıdır. Eyni zamanda, demokratiyanın təşviqi proqramlarının, o cümlədən beynəlxalq layihələrin maliyyəsinin də azaldılması planlaşdırılır. Bu, ABŞ-ın xarici siyasət prioritetlərinin daha çox hərbi güc və daxili təhlükəsizlik istiqamətinə yönəldiyini göstərən siqnal kimi qiymətləndirilir.

Respublikaçılar bu yanaşmanı dəstəkləyərək bildirirlər ki, müdafiə xərclərinin artırılması ABŞ-ın NATO çərçivəsində müdafiəyə ÜDM-in 5 faizi səviyyəsində vəsait ayırmaq təşəbbüsünə yaxınlaşmasına imkan verəcək. Hazırda ABŞ-da bu göstərici təxminən 3,3 faizdir və alyans daxilində bir sıra ölkələr artıq daha yüksək pay ayırır. Respublikaçı siyasətçilərin fikrincə, büdcə artımı müttəfiqlərə də müdafiə xərclərini artırmaq üçün siyasi mesaj rolunu oynayacaq.

Demokratlar isə layihəni kəskin tənqid edərək bildirirlər ki, administrasiya xarici hərbi prioritetlərə üstünlük verərək sosial proqramları ixtisar edir və bu, daxili ehtiyacların arxa plana keçməsinə səbəb ola bilər. Onların fikrincə, büdcə təhsil, səhiyyə, elmi tədqiqatlar, infrastruktur və sosial təminat kimi sahələrə ayrılan vəsaitlərin azalmasına gətirib çıxaracaq. Demokratlar sənədin hazırkı formada qəbul edilməsinə imkan verməyəcəklərini və Konqresdə dəyişikliklər tələb edəcəklərini açıqlayıblar.

Səbuhi MƏMMƏDOV

XQ

Dünya