Əmək müqavilələri 1,9 milyona çatıb

post-img

Azərbaycan Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasından aldığımız məlumata əsasən, cari il aprelin 1-dək ölkə iqtisadiyyatında əmək müqavilələrinin ümumi sayı təxminən 1,9 milyon nəfəri əhatə edib. Onlardan 900 min nəfəri dövlət sektorunda, 1 milyon nəfəri isə özəl sektorda fəaliyyət göstərir.

Bu il aprelin 1-dək ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artaraq 1043,6 manat təşkil edib. Bu gün Azərbaycan iqtisadiyyatı modernləşmə, rəqabətədavamlılıq və innovativ yanaşmalarla yeni mərhələyə qədəm qoyub. Müasir biznes mərkəzləri, sənaye zonaları və texnoparkların inkişafı ilə paralel olaraq, insan kapitalı, kadr potensialı və əmək resurslarının səmərəli idarə olunması məsələləri ön plana çıxıb.

Məlumatda qeyd edilir ki, əmək məhsuldarlığı yalnız iqtisadi amillərlə deyil, işçinin psixoloji və fiziki rifahı ilə sıx bağlıdır. Məhz buna görə də Azərbaycan Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyası iş yerlərində İş Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemi (İSO) kimi beynəlxalq standartların tətbiqini təşviq edir. Hazırda ölkədə bu standartlara uyğun fəaliyyət göstərən müəssisələrin sayının əvvəlki illərlə müqayisədə 2,5 dəfə artması da bunun bariz ifadəsidir.

 

İqtisadiyyat