Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində klassik milli ədəbiyyatın intibah şairi Əfzələddin Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş elmi seminar məşğələsi keçirilib.
Muzeyin əməkdaşı – Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülnar Əqiq “Şiniyyə” qəsidəsi – doqquz əsrlik ənənə” mövzusunda məruzə ilə çıxış edib.
Bildirilib ki, Azərbaycanın dünya mədəniyyətinə bəxş etdiyi görkəmli və nadir simalardan biri olan Xaqani Şirvaninin (1126–1199) yüksək bədii-estetik dəyərə malik yaradıcılığı, klassik Şərq poeziyasının inkişafına əhəmiyyətli təsir göstərmiş, fəlsəfi dərinliyi, poetik üslubunun orijinallığı və dilinin zənginliyi ilə seçilərək sonrakı dövrlərin ədəbi düşüncəsinə də güclü təsir etmişdir.
Məruzəçi, XX əsrdə Xaqaninın həyat və yaradıcılığını araşdıran Məmmədağa Sultanov, Qafar Kəndli-Herisçi kimi alimlərin adlarını çəkərək müasir dövrdə mütəfəkkir şairin bədii irsinin yeni prizmadan və daha dərindən araşdırılmasına ehtiyac olduğunu bildirib.
Gülnar Əqiq qeyd edib ki, Xaqani öz dövründə, xüsusilə, qəsidə yaradıcılığında parlamış və məhz zəngin təxəyyülü sayəsində mənaca dərin məzmunlu əsərlər yaratmaqda seçilən bir sənətkara çevrilmiş, poeziya sənətində yetkinlik və kamillik mərhələsinə yüksəlmişdir. Xaqani Şirvaninin ən məşhur qəsidələrindən biri “Merat üs-səfa” (“Saflıq aynası”) qəsidəsidir. Bu qəsidə ötən doqquz əsrdə şeir xiridarlarının rəğbətini qazanmış, ədəbi mühitdə böyük əks-səda doğurmuşdur. Əsər dərin əxlaqi, fəlsəfi və irfani məzmunu ilə seçilir. Farsdilli mənbələrdə sözügedən qəsidənin adı tam şəkildə “Hikmət və nəfsin kamilləşməsində “Merat üs-səfa” qəsidəsi” kimi verilir. Klassik Şərq ədəbiyyatı tarixində bir çox şairlər bu qəsidəyə nəzirələr yazmışlar.
Məruzəçi onu da vurğulayıb ki, tarixi mənbələrin yazdığına görə bu qəsidəyə Xaqanidən sonra ilk cavab yazan dahi Azərbaycan şairi Nizami Gəncəvi olmuşdur. Təəssüf ki, həmin qəsidə indiyədək naməlum qalmaqdadır. Xaqanidən sonra bu mövzuya müraciət edən şairlər sırasında Hindistanın türk əsilli məşhur şair və musiqiçisi Əmir Xosrov Dəhləvi, dövrünün sufi şairlərindən olan Xacu Kirmani, Teymurilər sarayının məhur şairi İsmət Buxarayi, XV yüzillik şairlərindən fars-tacik mütəfəkkiri, şair və musiqişünası Əbdürrəhman Cami, böyük özbək şair və filosofu Əmir Əlişir Nəvai, böyük Azərbaycan şairi Məhəmməd Füzuli də olmuşdur. “Merat üs-səfa” qəsidəsi müxtəlif dövrlərdə yaşamış şairlər tərəfindən təqlid, təzmin və nəzirə formasında yenidən işlənmiş, beləliklə də klassik Şərq ədəbiyyatında davamlı bir ədəbi ənənəni formalaşdırmışdır.”
Elmi seminar məşğələsinə Xaqani bədii irsinin müasir dövr tədqiqatçılarından olan filologiya üzrə fəlsəfə doktoru Elnarə Zeynalova və Bakı Dövlət Universitetinin “Şərqşünaslıq” fakültəsinin tələbələri də dəvət olunublar.
Geniş diskussiya və polemika ilə müşaiyət olunan seminar məşğələsində Xaqani Şirvani yaradıcılığı, əlyazma nüsxələri və xaqanişünaslıqda sözünü demiş görkəmli alimlər haqqında fikirlər, izahlar səsləndirilib.
Seminar məşğələ AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Elnarə Zeynalova, Nizami muzeyinin Mədəni irs və mənbəşünaslıq şöbəsinin müdiri, professor Xatirə Bəşirli, həmin şöbənin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Faiq Əliyev, Məktəblərlə və ictimaiyyətlə iş şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu, Elmi fondlar şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nərmin Əliyeva və digərlərinin sual və çıxışları ilə davam edib.
Qabil YUSİFOĞLU
XQ

