Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının Omanın paytaxtı Maskat şəhərində Körfəz ölkələrində ilk dəfə keçirilən 22-ci illik konfransında iştirak edib.
Agentlikdən verilən məlumata görə, əsas mövzusu “Effektiv siyasətlər və tənzimləmə vasitəsilə enerji keçidinin inkişafı” olan tədbirdə enerji təchizatının dayanıqlığı, enerji mənbələrinin şaxələndirilməsi, karbon emissiyalarının azaldılması, eləcə də təmiz enerjinin inkişafının qarşısında duran əsas çağırışlar müzakirə olunub.
Konfransda şəbəkə inteqrasiyası və idarə edilməsi, transsərhəd əməkdaşlıq, bazarların dinamikası, qeyri-sabitliyin qarşısının alınması üçün tələb olunan islahatlar, keçid yanacaqlarının rolu və karbonsuzlaşdırılmış yanacaqların tətbiqi perspektivləri, eləcə də bərpa olunan enerji mənbələrin gələcəyi və onların inkişafına dəstəyə dair təqdimatlar nümayiş edilib.
Xatırladaq ki, 2000-ci il dekabrın 11-də Buxarestdə təsis olunmuş Enerji Tənzimləyicilərinin Regional Assosiasiyası özündə 43 ölkəni təmsil edən 47 tənzimləyici qurumu birləşdirir. Təşkilat enerji tənzimlənməsi sahəsində bilik və təcrübə mübadiləsi üçün platforma rolunu oynayır. Yarandığı ilk vaxtlardan Enerji Tənzimləyicilərinin Regional Assosiasiyası ilə əlaqələr quran Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyi 2018-ci ilin aprel ayından bu təşkilatın assosiativ üzvü seçilib.