AZCON Holding şirkətlərindən olan ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan RoPax tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsindən 4 il ötür.
XQ xəbər verir ki, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) məlumat yayıb.
Prezident İlham Əliyevin iştirakı ilə 2022-ci il aprelin 28-də istismara verilən gəmi-bərə ilə indiyədək 681 səfər həyata keçirilib.
Bu səfərlər çərçivəsində 427 vaqon, 2 439 minik avtomobili, 25 226 yük avtomobili (TIR) və 23 330 sərnişin daşınıb.
“Zərifə Əliyeva” gəmi-bərəsi ilə daşımalar Aktau–Ələt, Ələt–Aktau, Türkmənbaşı–Ələt, Ələt–Türkmənbaşı, Kurık–Ələt və Ələt–Kurık istiqamətləri üzrə həyata keçirilir.
Uzunluğu 154,5 metr, eni 17,7 metr, bortunun hündürlüyü 7,5 metr olan gəmi-bərə 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili daşımaq imkanına malikdir.
“Zərifə Əliyeva” gəmi-bərəsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olan ASCO-nun digər bərələri ilə birgə yükdaşımalara, eləcə də əlverişli coğrafi mövqeyə malik ölkəmizin tranzit potensialının reallaşdırılmasına mühüm töhfə verir.
ASCO-nun bu gəmi-bərəsinin “Zərifə Əliyeva” adlandırılması Azərbaycan dənizçilərinin görkəmli alim və həkim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın xatirəsinə olan sonsuz ehtiramının ifadəsidir.

