Mayın 5-8-də "Bakı Ekspo Mərkəzi"ndə keçiriləcək 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və Forumunda, "InterFood Azerbaijan" - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində, "Horeca Caspian" - 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisində 45 ölkədən 447 şirkət iştirakını təsdiq edib.
XQ xəbər verir ki, bu barədə sərgilərin təşkilatçısı olan "Caspian Event Organisers" şirkətindən verilən məlumatda bildirilib.
Məlumata görə, sərgilərin coğrafiyası Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Benin, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Cənubi Sudan, Çexiya, Çin, Gürcüstan, Efiopiya, Fil dişi sahili, Finlandiya, Fransa, Hindistan, İndoneziya, İspaniya, İsveç, İtaliya, Kamerun, Latviya, Meksika, Misir, Niderland, Nigeriya, Polşa, Qana, Qazaxstan, Rusiya, Seneqal, Somali, Şri-Lanka, Tanzaniya, Tayland, Türkiyə, Türkmənistan, Yunanıstan, Yaponiya, Vyetnam, Zambiya və digər ölkələri əhatə edir.
İndiyə qədər "Caspian Agro" adı ilə tanınan sərgi bu ildən "Caspian Agro Week" adı ilə təşkil edilir. Sərgilər çərçivəsində Almaniya, Belarus, Braziliya, Gürcüstan, İtaliya, Koreya, Niderland və İndoneziya milli qruplar formatında öz kənd təsərrüfatı və qida sənayesi məhsullarını təqdim edəcəklər. AFAZ (Africa-Azerbaijan Cooperation) ayrıca stendlə iştirak edəcək və bu stenddə Benin, Cənubi Sudan, Efiopiya, Fil Dişi Sahili, Kamerun, Nigeriya, Qana, Seneqal, Somali, Tanzaniya və Zambiyadan şirkətlər təmsil olunacaq. AFAZ və Braziliya bu sərgilərə ilk dəfə qatılır. "Caspian Agro Week" regionun ən böyük kənd təsərrüfatı sərgisi olmaqla kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq, quşçuluq, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin yetişdirilməsi, gülçülük, tullantıların emalı, logistika, elektron kənd təsərrüfatı kimi sahələri əhatə edir. Sərgi yenidən kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsulları distribütorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar auditoriyanı bir araya toplayaraq təcrübə, bilik və innovasiyalar mübadiləsi üçün unikal imkanlar yaradır. Eyni zamanda sərgidə "Smart Agro" istiqaməti üzrə süni intellekt, ağıllı kənd, startaplar, İT xidmətləri, robototexnika, pilotsuz uçuş aparatları və "green agro" bölmələri yer alır. Sərgilərin təqdimat zonasında Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 3-cü Beynəlxalq Aqrar İnnovasiya Forumu, Risklərə Qarşı Aqrar Sığortanın Gücü Forumu, Dövlət–özəl tərəfdaşlığı çərçivəsində Aqronomların II Beynəlxalq Forumu, "AGROSCIENCE" Forumu keçiriləcək. Daha bir tədbir isə sərgilər çərçivəsində "Baku Marriott Hotel Boulevard" hotelində baş tutacaq 5-ci Aqrobiznesin İnkişafı Forumudur.
N.Adilqızı
XQ

