Azərbaycanla İran arasında aviadaşımaların bərpası istiqamətində işlər davam etditilir. Artıq gündəlik Tehran – Bakı reyslərinin fəaliyyəti bərpa olunub.
İran hökumətinin sözçüsü Fatimə Mühacirani mətbuat konfransında bildirib ki, İran prezidenti Məsud Pezeşkianın Azərbaycana ilk səfəri fonunda ikitərəfli siyasi etimadın yaradılması istiqamətində strateji əməkdaşlıq və iqtisadi diplomatiyaya dair hərtərəfli sənəd layihəsinin hazırlanması və özəl sektor investorları ilə çox sayda görüşün keçirilməsi barədə razılıq əldə olunub. Onun sözlərinə görə, səfərin nəticəsi olaraq uzun müddətdir həyata keçirilməyən gündəlik Tehran – Bakı reysləri açılıb.
Bununla yanaşı, hazırda Təbrizdən Bakıya və əks istiqamətdə birbaşa aviareysin bərpası imkanları da nəzərdən keçirilir. Bu barədə qonşu ölkənin Şərqi Azərbaycan vilayətinin rəhbəri Bəhram Sərmast Azərbaycan və İran arasında aviadaşımaların bərpası istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edərkən məlumat verib. Onun sözlərinə görə, bu, iki ölkə arasında iqtisadi, o cümlədən turizm əlaqələrinin inkişafına əhəmiyyətli təsir göstərəcək.
İranın yol və şəhərsalma nazirinin müşaviri Amin Tərfe də İran mətbuatına açıqlamasında Tehran, Təbriz və Bakı arasında birbaşa aviareyslərin təşkili planının tamamlandığını bildirib. “Bu məsələ İranın yol və şəhər inkişafı naziri, Azərbaycan – İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri ilə Azərbaycanın nəqliyyat naziri arasında İran prezidentinin Bakıya səfəri çərçivəsində keçirilən görüşdə qaldırılıb və razılaşdırılıb”, – deyə o qeyd edib. Onun sözlərinə görə, plana əsasən, Tehran – Bakı reysləri həftədə 4 gün, Təbriz – Bakı reysləri isə həftədə 2 gün həyata keçiriləcək: Amin Tərfe onu da bildirib ki, hazırda İran Mülki Aviasiya Təşkilatı bu reyslərin ən qısa müddətdə işə başlaması üçün Azərbaycanın müvafiq qurumları ilə danışıqlar və ekspert araşdırmaları aparır.