Makronun İrəvan səfərinin gözləntiləri

post-img

Proseslər Fransanın Ermənistanın əsas hamisi olaraq qaldığını göstərir

Fransa Prezidenti Emmanuel Makron Ermənistana dövlət səfərinə hazırlaşır. Bu barədə Ermənistan mediası hökumətin mətbuat xidmətinə istinadən məlumat yayıb. Səfər həm region, həm də Avropa üçün diqqətlə izlənilən vacib hadisələrdən biri kimi dəyərləndirilir. Qeyd edək ki, E.Makron mayın 4-də İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin (ASB) VIII sammitində iştirak edəcək. Sammit ərəfəsində hazırlıq işləri artıq aktiv mərhələyə keçib. Ermənistan Baş nazirinin müavini Tiqran Xaçatryan və Fransanın İrəvandakı səfiri Olivye Dekotini ötən həftə ASB-nin sammitinin təfərrüatlarını müzakirə ediblər. Görüş zamanı təşkilati məsələlərlə yanaşı, gündəmdə olan əsas mövzular və tərəflərin gözləntiləri diqqət mərkəzində olub. Baş nazir müavininin ofisi bildirib ki, həmçinin Fransa Prezidenti Emmanuel Makronun mayın 5-də Ermənistana dövlət səfərinin əhəmiyyəti də müzakirə predmeti olub. “Səfərdən əvvəl ikitərəfli münasibətlərin gündəliyindəki bir sıra məsələlər, eləcə də strateji əhəmiyyətli digər proqramlar və təşəbbüslər ətraflı nəzərdən keçirilib”, – deyə açıqlamada qeyd olunub.

Makronun İrəvana səfərinin bir neçə məqsədi var və bu məqsədlər bir-birini tamamlayan istiqamətlər üzrə formalaşır. İlk növbədə, Fransa lideri ASB-nin sammitində iştirak edərək qitə miqyasında siyasi dialoqa töhfə vermək niyyətindədir. Bu sammit Avropanın müxtəlif regionlarında davam edən münaqişələr, təhlükəsizlik çağırışları və iqtisadi əməkdaşlıq məsələləri baxımından fikir mübadiləsi üçün vacib platformadır. İkinci mühüm məqam isə sammitdən dərhal sonra, mayın 4-5-də İrəvanda keçiriləcək ilk ikitərəfli Avropa İttifaqı–Ermənistan sammitidir. Bu tədbir münasibətlərin yeni mərhələyə keçdiyini göstərən önəmli siyasi ismarışdır.

Yeri gəlmişkən, qeyd edək ki, Aİ Şurasının mətbuat xidmətindən verilən məlumata görə, sammitdə Avropa İttifaqını Aİ Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen təmsil edəcəklər. Ermənistan tərəfdən isə sammitə Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə nümayəndə heyəti qatılacaq. Nümayəndə heyətlərinin təmsilçiliyinin səviyyəsi göstərir ki, görüş təkcə formal xarakter daşımır, əksinə, tərəflər arasında konkret məsələlərin müzakirəsi və gələcək planların müəyyənləşdirilməsi üçün ciddi platformadır. Müzakirələrdə Ukrayna və İrandakı hərbi münaqişələr, qlobal nəqliyyat dəhlizlərinin yaradılması, həmçinin Cənubi Qafqazda rifah və iqtisadi inkişaf kimi mövzular əsas yer tutacaq.

E.Makronun səfərinin vaxtı da diqqət çəkir. Bu səfər müəyyən mənada Fransanın regiondakı mövqeyini möhkəmləndirmək və Ermənistanla münasibətləri daha da yaxınlaşdırmaq niyyəti ilə üst-üstə düşür. Eyni zamanda, yaxınlaşan siyasi proseslər, 7 iyun parlament seçkiləri fonunda Ermənistan hakimiyyətinə dəstək mesajı kimi də qiymətləndirilir. Avropa ölkələri Ermənistanın yenidən Rusiyanın təsir dairəsinə qayıtmasına qəti şəkildə qarşıdırlar və bu səbəbdən İrəvanla əlaqələri gücləndirməyə çalışırlar. Bu yanaşma həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik sahələrində özünü göstərir.

Güman etmək olar ki, Fransa Prezidentinin səfərindən sonra 2 ölkə arasında əməkdaşlıq bütün sahələrdə daha da genişlənəcək. Xüsusilə hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq imkanlarının artması diqqət mərkəzindədir. Bununla yanaşı, siyasi dialoq daha intensiv xarakter ala, humanitar və mədəni əlaqələr də yeni layihələrlə zənginləşə bilər. Fransa uzun illərdir Ermənistan üçün Avropaya açılan əsas qapılardan biri kimi çıxış edir və bu rolun daha da güclənəcəyi ehtimal olunur. Bütün bu məqamlar göstərir ki, Makronun İrəvana dövlət səfəri təkcə protokol xarakterli bir hadisə deyil. Bu səfər daha geniş mənada regionda gedən proseslərin, Avropanın prioritetlərinin və böyük güclərin maraqlarının kəsişdiyi bir nöqtədə baş verir. Ona görə də səfərin nəticələri yalnız Fransa və Ermənistan münasibətlərinə deyil, bütövlükdə, Cənubi Qafqazdakı siyasi dinamikanın gələcək istiqamətinə də təsir göstərə bilər.

***

Bu arada Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Fransaya səfər etdiyi məlum olub. Aprelin 27-28-də baş tutan səfər çərçivəsində Mirzoyanın Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro ilə ikitərəfli görüşü keçirilib. Rəsmi dialoqdan əlavə, Ermənistan XİN-in mətbuat xidmətinin “əhəmiyyətli diplomatik tədbir” adlandırdığı hadisə də baş verib: Parisdə Ermənistanın səfirliyinin yeni inzibati binasının təntənəli açılış mərasimi keçirilib. Bundan əlavə, səfər çərçivəsində Avropa ölkələrində akkreditə olunmuş Ermənistan səfirlərinin iştirakı ilə müşavirə planlaşdırılır ki, bu da Xarici İşlər Nazirliyinin regionda atacağı gələcək addımların əlaqələndirilməsinə imkan verəcək.

A.Mirzoyanın Fransaya səfəri Makronun İrəvana planlaşdırılan səfəri və ASB-nin sammiti fonunda təsadüfi görünmür. Əksinə, bu addımlar bir-birini tamamlayan diplomatik xəttin tərkib hissəsi kimi ortaya çıxır. Mirzoyanın Jan-Noel Barro ilə görüşü tərəflər arasında koordinasiyanın artıq yüksək səviyyədə qurulduğunu göstərir. Bu dialoq yalnız cari məsələlərin müzakirəsi ilə məhdudlaşmır, həm də yaxın həftələrdə baş tutacaq siyasi tədbirlərin məzmununa hazırlıq xarakteri daşıyır.

Parisdə Ermənistan səfirliyinin yeni inzibati binasının açılışı da sıradan bir mərasim deyil. Bu addım İrəvanın Fransadakı mövcudluğunu daha da gücləndirmək niyyətini açıq şəkildə göstərir. Ermənistan XİN-in bunu əhəmiyyətli diplomatik tədbir kimi təqdim etməsi təsadüfi deyil. Bu, həm simvolik, həm də praktik baxımdan rəsmi İrəvanın Avropada, xüsusilə Fransada dayaq nöqtələrini genişləndirməyə çalışdığını göstərir. Hələ 2025-ci il oktyabrın 18-də A.Mirzoyan ölkəsinin ya 2025-ci ilin noyabrında, ya da 2026-cı il ərzində Aİ-yə üzvlük üçün müraciət edəcəyini açıqlamışdı. Bu fonda Makronun İrəvana səfəri artıq daha geniş siyasi kontekstdə dəyərləndirilir. Səfər çərçivəsində Avropa ölkələrində akkreditə olunmuş Ermənistan səfirlərinin iştirakı ilə planlaşdırılan müşavirə də diqqət çəkir. Bu, Ermənistanın Avropa istiqamətində fəaliyyətini daha sistemli şəkildə qurmağa çalışdığını göstərir. Belə toplantılar adətən konkret mesajların formalaşdırılması və vahid mövqenin müəyyən edilməsi üçün keçirilir. Bu isə o deməkdir ki, İrəvan qarşıdakı dövrdə Avropa platformalarında daha aktiv və koordinasiyalı çıxış etməyə hazırlaşır.

Bütün bu proseslər Makronun mayın əvvəlində İrəvana səfəri və ASB-nin sammiti ilə birbaşa bağlıdır. ASB təşəbbüsü məhz Makron tərəfindən 2022-ci ilin may ayında təklif edilmiş və Avropanın gələcəyi ilə bağlı siyasi və strateji müzakirələr üçün yaradılmış hökumətlərarası bir təşkilatdır. “Beşinci Respublika” bu platformada həm təşkilati, həm də siyasi baxımdan fəal rol oynayır və Ermənistanı bu proseslərə daha sıx cəlb etməyə çalışır. Mirzoyanın Paris səfəri bu baxımdan bir növ hazırlıq mərhələsi kimi görünür. Burada həm veriləcək ismarışlar razılaşdırılır, həm də tərəflərin gözləntiləri dəqiqləşdirilir. Nəticə etibarilə, baş verənlər ayrı-ayrı hadisələr deyil, vahid siyasi xəttin elementləridir. Ermənistan Avropa ilə əlaqələrini dərinləşdirməyə çalışır, Fransa isə bu prosesdə əsas tərəfdaş rolunu gücləndirir. Makronun İrəvana səfəri bu xəttin zirvəsi kimi çıxış edəcək və əvvəlki diplomatik addımların məntiqi davamı olacaq.

Səxavət HƏMİD
XQ

Siyasət