Bu il Azərbaycan qazının Avropa alıcıları siyahısına daha bir ölkə əlavə olunacaq. Bu, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) keçdiyi Albaniyadır. Artıq TAP Konsorsiumu bu ölkənin Fiyeri şəhərində qaztoplama məntəqəsi layihəsinin icra mərhələsinə başlayıb.
TAP AG-nin bu barədə yaydığı açıqlamada bildirilib ki, layihə boru kəmərinin tikintisi dövründə Fiyeri şəhəri yaxınlığında yerləşən ACS03 qaz-kompressor stansiyasında quraşdırılmış mövcud götürmə məntəqəsindən istifadə edilməklə həyata keçirilir. Layihə çərçivəsində, həmçinin qazın ölçülməsi və təzyiqin azaldılması qurğusunun tikintisi nəzərdə tutulur. Bu qurğu ACS03 yaxınlığında yerləşəcək və gələcək paylayıcı qaz kəmərinə “mavi yanacağ”ın ötürülməsi üçün nəzərdə tutulub.
“Bu layihə ölkənin qazlaşdırılması prosesinin əsas elementi kimi qiymətləndirilir, qaz infrastrukturunun mərhələli inkişafını və təbii qaza çıxışın genişlənməsini təmin edir. Eyni zamanda, Albaniyanın regional qaz axınlarına qoşulmasına və Cənub-Şərqi Avropada enerji əlaqəliliyinin gücləndirilməsinə imkan verəcək. TAP Albaniyada qazlaşdırma prosesinə və ölkənin iqtisadi artımına dəstəyini, dayanıqlı və etibarlı enerji sisteminə keçidi təşviq etməklə bir daha təsdiqləyib”, – deyə məlumatda vurğulanıb.
Layihələndirmə, satınalma və tikinti üzrə müqavilə isə 2025-ci ildə podratçı təşkilata verilib. Konsorsiumun məlumatına görə, hazırda mühəndislik və satınalma işləri davam edir, sahədə tikinti işlərinə başlanmasının 2026-cı ilin ortalarında, layihənin tam başa çatması isə gələn ilin dördüncü rübünə planlaşdırılıb. Qurumdan o da bildirilib ki, Fiyeri qaztoplama məntəqəsi TAP-ın çoxmilyonlu investisiyasıdır və layihə başa çatdıqdan sonra Albaniya hökumətinə təhvil veriləcək.
Qeyd edək ki, TAP Cənub Qaz Dəhlizinin Avropa seqmentidir və Xəzər dənizində yerləşən Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan təbii qazı Avropa bazarlarına nəql edir. Uzunluğu, təqribən, 878 kilometr olan boru kəməri Yunanıstan–Türkiyə sərhədində TANAP-la birləşir, Yunanıstan və Albaniya ərazisindən ötərək Adriatik dənizini keçir və İtaliyanın cənubunda quruya çıxır. TAP-ın 210 kilometrlik hissəsi isə Albaniya ərazisindən keçir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə, təxminən, 10 milyard kubmetr təşkil edir. Bazar tələbi və tənzimləyici razılaşmalar olduğu halda, bu həcmi 20 milyard kubmetrə qədər artırmaq mümkündür.
Trans-Adriatik Qaz Boru Kəmərinin buraxılış gücünün 1,2 milyard kubmetr artırılması və qazlaşdırma layihələrinin həyata keçirilməsi nəticəsində Albaniya tranzit rolundan əlavə Azərbaycan qazı ilə təchiz edilən növbəti ölkə olacaq. Bu qaz tədarükü Trans-Adriatik kəməri vasitəsilə həyata keçiriləcək və Albaniyanın qazlaşdırılması layihəsi çərçivəsində reallaşdırılacaq.
Azərbaycan qazının Albaniyaya illik tədarükü isə, təxminən 200 milyon kubmetr həcmində nəzərdə tutulur. Bu, Trans-Adriatik Qaz Boru Kəmərinin ötürücülük qabiliyyətinin 1,2 milyard kubmetrə qədər genişləndirilməsinin birinci mərhələsinin dövrünə təsadüf edəcək ki, bunun da 1 milyard kubmetri İtaliya üçün nəzərdə tutulub.
Xatırladaq ki, Azərbaycan Avropaya təbii qaz ixracına 2020-ci il dekabrın 31-də başlayıb. Prosesin ilk günündə kəmərlə 10,7 milyon kubmetr qazın Avropaya ixracı qeydə alınıb. Bununla da ölkəmiz tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarmaq imkanı qazanıb. 2021-ci ildə ölkəmizdən “köhnə qitə”yə 8 milyard 150 milyon kubmetr təbii qaz ixrac olunub.
Avropada Azərbaycan qazına tələbatın getdikcə çoxalması ilə əlaqədar həm alıcı ölkələrin, həm də “mavi yanacağ”ın həcmi ildən-ilə artıb. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda Azərbaycan dünyanın 16 ölkəsinə təbii qaz ixrac edir ki, bunun da 12-si Avropa dövlətləridir. 2025-ci ildə həmin ölkələrə 12,2 milyard kubmetr qaz ixrac olunub. Ümumilikdə, ötən müddətdə TAP Avropaya 60 milyard kubmetrdən artıq Azərbaycan qazı nəql edib.
Yeri gəlmişkən, Avropa İttifaqı ilə imzalanmış memoranduma əsasən, Azərbaycan 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünü 20 milyard kubmetrə çatdırmalıdır. Bunun üçün isə ölkəmizin potensialı kifayət qədərdir. Belə ki, Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatları 2,6 trilyon kubmetr qiymətləndirilsə də, mütəxəssislər hesab edirlər ki, bu ehtiyatlar nəzərdə tutulduğunda daha çoxdur.
Hazırda fəal işlənmə mərhələsində olan “Şahdəniz”, “Ümid” və “Abşeron” yataqları ilə yanaşı, yaxın vaxtlarda “Azəri-Çıraq-Günəşli”nin dərinlikdə yerləşən hissəsinin sərbəst təbii qaz ehtiyatlarının, eləcə də gələcəkdə “Babək” və digər yataqların istismara daxil edilməsi ilə ölkəmizin ixrac potensialı bir qədər də artacaq.
Mirbağır YAQUBZADƏ
XQ

