BTC 250 min ton “Kaşaqan” nefti nəql edəcək

post-img

2026-cı ildə Qazaxıstanın “Kaşaqan” yatağından hasil edilən neftin müəyyən hissəsi Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəməri (BTC) vasitəsilə nəql olunacaq. Bu barədə Qazaxıstanın “KazMunayQaz” Milli Şirkətinin törəmə müəssisəsi olan “KMG Kashagan B.V.” şirkətinin baş direktorunun müavini Kuanış Keskinbayev məlumat verib.

“Kaşaqan” layihəsi çərçivəsində məhsulun bölüşdürülməsi haqqında sazişin mövcudluğunu xatırladan baş direktor müavini deyib ki, “KazMunayGaz”ı təmsil edən səhmdarlar bu il, təxminən, 250 min ton neftin BTC ilə nəqlini planlaşdırırlar. Şirkət rəsmisinin sözlərinə görə, BTC neft kəməri Aralıq dənizinə çıxdığı üçün Qazaxıstan tərəfi üçün daha əlverişlidir, Bakı-Supsa kəməri ilə müqayisədə isə bu üstünlük daha aydın görünür, çünki həmin kəmər Qara dəniz sahillərinə çıxış təmin edir. “Bakı-Supsa neft kəməri Qara dənizə çıxır. Bizim artıq digər marşrutlar vasitəsilə Qara dənizə çıxışımız var. Və yenidən yüksək tariflə Qara dənizə çıxış əldə etməyin mənası yoxdur. BTC isə Aralıq dənizinə çıxır, buna görə əlverişlidir”, – deyə o vurğulayıb.

Xatırladaq ki, 2022-ci ildə “KazMunayGaz” və SOCAR arasında Qazaxıstan neftinin tranziti haqqında saziş imzalanıb. “Kaşaqan” yatağında ötən il 18,2 milyon ton neft hasil edilib. Bununla belə, Kuanış Keskinbayevin sözlərinə görə, 2026-cı ildə yataqda hasilatın müvəqqəti azalması gözlənilir ki, bu da iyun ayında, təxminən, ayyarım davam edəcək əsaslı təmirin planlaşdırılması ilə bağlıdır.

XQ

İqtisadiyyat