Akademik Zərifə Əliyevanın tibb təhsilinə etik baxışı

post-img

Ümummilli lider Heydər Əliyev həkimin cəmiyyətdəki statusunu onun mənəvi ucalığı ilə əlaqələndirərək, həyatlarını insanların sağlamlığının qorunması kimi qədim, nəcib və xeyirxah bir işə həsr edən həkim üçün ən ali dəyərin mənəviyyat, daxili saflıq, əxlaqi bütövlük və vicdani məsuliyyət olduğunu vurğulayır, həkimin xeyirxah missiyasını onun müqəddəs borcu kimi xarakterizə edirdi. Bu müdrik kəlamın daşıdığı mənəvi və əxlaqi dəyəri Zərifə Əliyeva elmi və fəlsəfi baxımdan inkişaf etdirərək, gələcəyin tibbi kadrlarının peşəkar hazırlığının əsas meyarı kimi tətqiq edib.

Unudulmaz təbibin 1983-cü ildə nəşr olunan “Yüksək əqidə: həkimlik etikası, həkimin ürəyinin və fikirlərinin paklığı” adlı fundamental monoqrafiyası tibbi etikanın nəzəri və praktik əsaslarını sistemli şəkildə təqdim edir. Zərifə xanım tibbi etikaya dair mühüm prinsiplər irəli sürüb, həkim və xəstənin qarşılıqlı münasibətlərinin başlıca qaydalarını tərtib edib, həkimin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərib, bütün tibb işçilərinin təkcə təhsilinin deyil, həm də tərbiyəsinin vacibliyini ön plana çəkib. Onun üçün humanist həkim insanların sağlamlığı, milli səhiyyəmizin inkişafı üçün hər cür fədakarlığa qatlaşan həkim idi. Zərifə xanım həkimliyi belə insanların nümunəvi simasında təsəvvür edir və həkimlik etikasını uca tuturdu. İnsan sağlamlığını ictimai sərvət hesab edən Zərifə xanım bunu gənc həkimlərə təlqin edərək, onların mənəvi tərbiyəsi, peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsi və həlli üçün əməyini əsirgəmirdi.

Akademik Zərifə Əliyeva həkimin etik dəyərlərinin fundamental əhəmiyyətini bu fikirlərlə əsaslandırırdı: “Müalicə və diaqnostikanın texniki təminatı nə qədər mükəmməlləşsə də, insan sağlamlığının keşiyində həmişə canlı həkim dayanır. Təbabət daim inkişaf edir, dəyişir və yenilənir. Lakin həkimin qarşısında duran yüksək mənəvi-etik və peşəkar tələblər dəyişməz olaraq qalır”.

Bu ideyaların davamlılığı və inkişafı tam qanunauyğundur. Elmi-etik düşüncənin məntiqi davamı olaraq Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən evtanaziya problemlərinə həsr olunmuş tədqiqat xüsusi əhəmiyyət kəsb edir.

Ötən əsrlərdə tibb işçisinin mənəvi xarakteri və peşə vəzifəsi haqqında təsəvvürlər sosial-iqtisadi və sinif münasibətlərindən, siyasi sistemdən, milli mədəniyyətin inkişaf səviyyəsindən, müəyyən dini ənənələrin mövcudluğundan və digər amillərdən asılı olaraq dəyişib.

Mehriban xanım tədqiqat əsərində qeyd edir: “Evtanaziya çoxüzlü bir sahədir və onun öyrənilməsi fəlsəfə, teologiya, tibb və etika kimi müxtəlif elmlərin kəsişməsində mümkündür. Hər birimizin müəyyən həyat təcrübəsi var, lakin heç kəsin ölüm təcrübəsi yoxdur. Evtanaziya haqqında düşüncələr mövcudluq və qeyri-mövcudluq arasındakı sərhədə yaxınlaşmaq cəhdidir. Müasir texnologiyalar ölümü hadisədən prosesə çevirib. Həkimin xoş niyyətini praqmatik maraqdan necə ayırmaq olar? Bu sahədə cavablardan daha çox suallar mövcuddur”.

Müasir tibbdə süni intellektin səhiyyə ekosisteminə inteqrasiyası prosesi sürətləndikcə, rəqəmsal texnologiyalarla insani dəyərlər arasındakı etik ziddiyyətlərin həlli də günümüzün ən aktual çağırışına çevrilir. Bu proses süni intellekt əsaslı sistemlərin xəstə rifahına xidmət edən etik prinsiplərə əsaslanması zərurəti yaratsa da, süni intellektin insan mənəviyyatına xas olan bu ali dəyərləri rəqəmsal çərçivədə nə dərəcədə mənimsəyə biləcəyi ciddi müzakirə və şübhə doğuran məsələdir.

Rəqəmsallaşan tibbdə etik prinsiplərin qorunması amilində boşluqları nəzərə alsaq, tibbin fundamental etik dəyərlərinə əsaslanmaq zərurəti bir daha öz təsdiqini tapır. Bu baxımdan, akademik Zərifə Əliyevanın “Yüksək əqidə: həkimlik etikası, həkimin ürəyinin və fikirlərinin paklığı” monoqrafiyasının uzun illər öncə akademik Adilə Namazova tərəfindən Azərbaycan dilinə tərcümə edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhz bu ideoloji və elmi baza əsasında ölkədə tibbi təhsilin etik-humanist komponentlərini özündə birləşdirən kompleks dövlət proqramı formalaşdırılıb.

Akademik Zərifə Əliyevanın irəli sürdüyü prinsiplər və görkəmli alimin müasir yanaşmalarla zənginləşdirilən bioetik baxışları günümüzdə də aktuallığını qoruyur.

Müasir dünya təcrübəsində tətbiqi bioetika əsasən klinik kafedralarda tədris olunur. Bu isə onunla bağlıdır ki, həkim - pasiyent münasibətləri, klinik tədqiqatlar və tibbi qərarların qəbulu yalnız tibbi biliklərin deyil, həm də etik və hüquqi yanaşmaların inteqrasiyasını tələb edir.

Qeyd edək ki, 1999-cu ildə UNESCO-nun rəsmi müraciəti əsasında Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Bioetika Komitəsi təsis edildikdən sonra bu istiqamətdə fəaliyyətlərin davamı olaraq, Azərbaycan Pediatrlar Assosiasiyası (APA) tibbi bioetikanı tədris prosesinə inteqrasiya etmək məqsədilə təhsil proqramı hazırlayıb. Proqram AMEA, Səhiyə və Təhsil nazirlikləri tərəfindən tədris üçün tövsiyə olunub.

2000-ci ildən ölkəmizdə tibbi bioetikanın elmi istiqamət olaraq tibb təhsilinə inteqrasiyasına nail olunub və dünya təcrübəsindən, beynəlxalq əməkdaşlıqdan faydalanaraq tibbi bioetikanın tədrisinin müvəffəqiyyətlə həyata keçirmək istiqamətində mühüm addımlar atılıb.

Tibbi bioetika Azərbaycan Pediatrlar Assosiasiyasının üzvü olan həkimlər tərəfindən öncə problem və mühazirələr kimi, 2020-ci ildən isə seçim fənni kimi tədris olunur. Tibbi etika və deontologiyanı tələbələrin yaxşı mənimsəmələri, təhlil etmələri üçün çoxsaylı məsələ, situasiya sualları, işgüzar oyunlar tərtib edilir. 26 ildən çoxdur ki Azərbaycan Tibb Universitetində “Tibbi bioetikanın əsasları” fənni uğurla tədris edilir.

Ötən müddət ərzində tibbi etika üzrə tədris proqramı təkmilləşdirilib, bu sahəyə dair elmi əsərlər nəşr edilib. Bu gün tələbələrə tədris prosesində tibbi etikanın həkim-xəstə münasibətlərinin xüsusiyyətləri, həkimin peşə etikası, məlumatlı razılıq, məxfilik, həkim və xəstə insanın hüquqları, evtanaziya kimi bir çox mövzular öyrədilir. Diqqətəlayiq haldır ki, bioetikaya dair tədris materialları tələbələr tərəfindən böyük maraqla qarşılanır. Hətta tələbələrin həmin problemlərə dair apardıqları elmi araşdırmaların nəticələri Azərbaycan Tibb Universitetinin və başqa universitetlərin tələbə elmi-cəmiyyətlərində Azərbaycan və ingilis dillərində məruzələrlə təqdim olunur, tələbələr sertifikatlara layiq görülür.

APA-nın üzvü olan ATU-nun əməkdaşları Azərbaycan Milli Bioetika Komitəsinin tövsiyəsini nəzərə alaraq mühazirələrin, aparılan təcrübi məşğələlərin daha da yaxşılaşdırılması üçün elmin son nailiyyətlərinə əsaslanan tədris vəsaitləri, kitabçalar, monoqrafiyalar tərtib edirlər.

Qeyd edim ki, Azərbaycanda bioetika sahəsində aparılan elmi-tədqiqatlar beynəlxalq elmi bazalarda, o cümlədən Cons Hopkins Universitetinin platformasında yer alan, nüfuzlu “Asian Bioethics Review” jurnalında dərc edilən “Bioethics in Azerbaijan: History and Development of Bioethics in Azerbaijan” adlı məqalədə əksini tapıb.

Akademik Zərifə Əliyevanın elmi fəaliyyəti bu gün müasir tibb təhsilinin məzmununu zənginləşdirməklə, bioetikanın tədrisində nəzəri biliklərin mənəvi-humanist prinsiplərlə vəhdətini təmin edən fundamental baza rolunu oynayır. Bu zəngin irs, gələcəyin həkimlərinin peşəkar hazırlığında təkcə elmi bilikləri deyil, həm də təbabətin ali etik dəyərlərini əsas tutan istiqamətverici rola malikdir. Bu ənənələrin davam etdirilməsi və praktik tibbi fəaliyyətlə uzlaşdırılması, həkim peşəsinə göstərilən yüksək etimadın doğruldulması baxımından mühüm əhəmiyyət kəsb edir.

Texnoloji tərəqqinin zirvəsi hesab olunan süni intellekt nə qədər mükəmməlləşsə də, insanın xəstəyə qarşı duyduğu saf mərhəməti, qəlbdən gələn şəfqəti və fədakar yanaşmanı heç vaxt əvəz edə bilməyəcək. Bu mənəvi bağ nə bu günün, nə də gələcəyin texnologiyaları ilə ölçülə bilməz. Biz bu şərəfli və məsuliyyətli missiyanı akademik Zərifə xanım Əliyevanın bizə miras qoyduğu yüksək etik dəyərlər və peşə standartları çərçivəsində, onun tövsiyələrinə sadiq qalaraq ən yüksək səviyyədə davam etdirməyi özümüzə mənəvi borc bilirik.

Təranə TAĞIZADƏ,
Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, fəlsəfə doktoru, dosent

Sosial həyat