Xankəndidə I Qarabağ Təhsil Forumu

post-img

Azad torpaqların zəka hədəfləri

Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərimizdə təhsil ənənələrinin bərpası və inkişafı istiqamətində uğurlu fəaliyyətini davam etdirir. Universitetin aprelin 25-də ev sahibliyi etdiyi I Qarabağ Təhsil Forumu da bölgədə təhsil sahəsində əsas perspektivlərin müəyyənləşdirilməsi, gələcəyin layiqli vətəndaşını yetişdirmək naminə orta və ali məktəblərin inteqrasiyası baxımından mühüm platformaya çevrildi.

Qarabağ Universitetinin pedaqoji fakültəsinin təşəbbüsü ilə təşkil olunan forumda yerli və beynəlxalq təhsil mütəxəssisləri, o cümlədən Şuşa, Ağdam, Xankəndi və Xocalı şəhərlərindəki məktəblərin aparıcı müəllimləri iştirak edirdilər. Rektor Şahin Bayramov təhsil subyektlərinin bir araya gələrək təhsilin gələcəyini müzakirə etməsini mühüm strateji addım kimi qiymətləndirdi. Ali və ümumtəhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinin müasir innovativ yanaşmaların tələblərinə cavab verən kadrlarının hazırlanmasında xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq bildirdi ki, aparıcı təhsil ekspertlərinin iştirak etdiyi forum Qarabağda mütərəqqi təhsil ənənələrinin bərpası və tədris prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması baxımından da önəmlidir.

Elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutunun direktor səlahiyyətlərini icra edən Elnur Əliyev forumun məhz Qarabağ Universitetində keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirdi. Qeyd etdi ki, region və ölkə üçün gələcəyin mütəxəssislərinin hazırlandığı bu ali təhsil müəssisəsi aparıcı ümumtəhsil məktəbləri ilə sıx əməkdaşlıq edir və təhsil sahəsində innovasiyaların tətbiqinə töhfə verir.

Pedaqoji fakültənin dekanı Kəklik Gözəlova diqqətə çatdırdı ki, panel müzakirələrində qaldırılan məsələlər ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir və təhsil müəssisələri ilə tədqiqat institutları arasında əməkdaşlığın inkişafı mühüm əhəmiyyət kəsb edir.

“Təhsilin keyfiyyətinin artırılması” mövzusuna həsr olunan paneldə müxtəlif təhsil müəssisələrinin rəhbərləri və nümayəndələri çıxış etdilər. “Sabah üçün gərək olan vacib bacarıqlar” adlı ikinci paneldə isə gələcəyin təhsil trendləri və zəruri kompetensiyalar ətrafında fikir mübadiləsi aparıldı, iştirakçıların sualları cavablandırıldı.

Forum işini seminar sessiyaları və ustad dərsləri ilə davam etdirdi. Seminar məşğələlərində yerli və beynəlxalq təhsil mütəxəssisləri tərəfindən müxtəlif mövzularda təqdimatlar keçirildi.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xankəndi

Sosial həyat