Suverenlik diplomatiyasından vasitəçilik platformasına

post-img

Aprelin 25-də Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenskinin mətbuata bəyanatları geniş geosiyasi kontekstdə formalaşan yeni diplomatik imkanları ortaya qoydu. Görüşün analitik çəkisi xüsusilə üç əsas istiqamətdə cəmlənir: ərazi bütövlüyü və suverenlik prinsipinin normativ baza kimi təsdiqi, qarşılıqlı siyasi dəstəyin institusionallaşması və Azərbaycanın potensial vasitəçi platforma kimi önə çıxması.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan–Ukrayna münasibətlərinin əsasında dayanan əsas sütun 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlıq sənədləridir. Bu sənədlərin əhəmiyyəti onların postsovet məkanında formalaşan yeni siyasi-hüquqi identikliyin institusionallaşmasından ibarətdir. Burada diqqətçəkən əsas məqam qarşılıqlı tanınmanın, sadəcə, deklarativ xarakter daşımamasıdır. Strateji tərəfdaşlıq sənədlərində ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prinsiplərinin açıq şəkildə qeyd olunması bu anlayışların ikitərəfli münasibətlərin “siyasi şərti”nə çevrildiyini göstərir. Yəni Bakı və Kiyev üçün əməkdaşlığın legitimlik bazası məhz beynəlxalq hüququn fundamental prinsiplərinə sadiqlik üzərində qurulur.

Eyni zamanda, bu sənədlər postsovet coğrafiyasında tez-tez müşahidə olunan “seçici legitimlik” yanaşmasına alternativ model təqdim edir. Başqa sözlə, bəzi hallarda dövlətlər beynəlxalq hüququn prinsiplərini situativ şəkildə şərh etdiyi halda, Azərbaycan və Ukrayna bu prinsipləri qarşılıqlı və universal şəkildə tətbiq etməyə çalışdıqlarını nümayiş etdirirlər.

Analitik baxımdan bu münasibətlər “normativ həmrəylik” modeli kimi qiymətləndirilə bilər. Belə yanaşma xüsusilə münaqişə və təhlükəsizlik risklərinin yüksək olduğu mühitdə əlavə strateji dəyər yaradır. Çünki prinsiplər üzərində qurulan əməkdaşlıq qısamüddətli siyasi dəyişikliklərdən daha az asılı olur və uzunmüddətli sabitlik üçün etibarlı zəmin yaradır.

***

Ukrayna Prezident Volodimir Zelenskinin bəyanatında bu xəttin davamı dərin siyasi məntiqin ifadəsi kimi ortaya çıxır. Onun Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi dəstəyi xüsusi vurğulaması və eyni yanaşmanın Ukraynaya münasibətdə də mövcud olduğunu qeyd etməsi, əslində, qarşılıqlı legitimlik mübadiləsinin sistemli xarakter aldığını göstərir. Beynəlxalq münasibətlərdə bu yanaşma “qarşılıqlı tanınma və dəstək” mexanizmi kimi xarakterizə olunur. Mexanizmin mahiyyəti ondan ibarətdir ki, dövlətlər öz suverenlik və ərazi bütövlüyü ilə bağlı mövqelərinin legitimliyini gücləndirmək üçün oxşar problemlərlə üzləşən tərəfdaşlarla koordinasiyalı şəkildə çıxış edirlər.

Digər tərəfdən, Zelenskinin bu mesajı daha geniş auditoriyaya ünvanlanmış siyasi siqnaldır. O, bir tərəfdən Azərbaycanın mövqeyinə verilən dəyəri nümayiş etdirir, digər tərəfdən beynəlxalq ictimaiyyətə Ukraynanın tək olmadığını, onun mövqeyinin digər suveren dövlətlər tərəfindən dəstəkləndiyini çatdırır.

***

Görüşün ən diqqətçəkən və geosiyasi baxımdan həssas elementi Zelenskinin Kiyev–Moskva danışıqlarının Bakıda keçirilməsi ilə bağlı istəyi oldu. Müasir münaqişələrdə danışıqların harada keçirildiyi, ən azı, onların məzmunu qədər əhəmiyyət daşıyır və məkan seçimi tərəflərin psixoloji, siyasi və strateji komfort zonasını müəyyən edir.

Təklifin arxasında dayanan birinci mühüm amil Azərbaycanın son illər həyata keçirdiyi balanslaşdırılmış və çoxtərəfli xarici siyasət kursudur. Bakı nə Qərb blokuna tam inteqrasiya olunmuş, nə də alternativ güc mərkəzlərinə birtərəfli şəkildə bağlanmış aktor kimi çıxış edir. Azərbaycan müxtəlif güc mərkəzləri arasında funksional əlaqələr qura bilən, praqmatik və çevik diplomatiya modeli formalaşdırıb. Bakı üçün əsas prioritet hansısa güc mərkəzinə normativ və ya ideoloji bağlılıq deyil, milli maraqların maksimum dərəcədə təmin olunmasıdır. Digər tərəfdən, çoxvektorlu siyasət kursu Azərbaycanın strateji muxtariyyətini də gücləndirir. İkinci amil Azərbaycanın 44 günlük müharibədən sonra irəli sürdüyü “sülh gündəliyi” ilə bağlıdır. Bakı postmünaqişə dövründə yalnız öz milli maraqlarını təmin etməklə kifayətlənməyərək regionda kommunikasiyaların açılması, iqtisadi inteqrasiya və uzunmüddətli sabitlik kimi daha geniş məqsədləri gündəmə gətirdi. Mövcud yanaşmanın praktik təzahürlərini konkret nümunələr üzərindən daha aydın görmək mümkündür. İlk növbədə, regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması təşəbbüsü xüsusi əhəmiyyət daşıyır. Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı və Zəngəzur istiqamətində alternativ bağlantıların müzakirəsi regionun geoiqtisadi xəritəsini yenidən formalaşdırmaq potensialına malikdir. Həmin layihələr Şərq–Qərb ticarətinin intensivləşməsinə xidmət etməklə yanaşı, region ölkələrini bir-birinə daha sıx bağlayan qarşılıqlı asılılıq mühiti yaradır. Digər mühüm nümunə isə enerji sahəsində əməkdaşlıq formatlarının genişlənməsidir. Azərbaycan son illər aktiv şəkildə enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edir. Xüsusilə Avropaya qaz nəqlinin artırılması və alternativ enerji layihələrinin inkişafı Azərbaycanın regional və qlobal enerji arxitekturasında rolunu gücləndirir.

Üçüncü vacib amil isə Bakının artıq formalaşmış diplomatik platforma təcrübəsidir. Azərbaycan müxtəlif beynəlxalq forumlara, çoxtərəfli görüşlərə və yüksək səviyyəli danışıqlara ev sahibliyi etməklə “təhlükəsiz və funksional dialoq məkanı” imici qazanıb. Məhz bu etimad kapitalı Zelenskinin Bakını potensial danışıqlar məkanı kimi irəli sürməsini izah edən əsas amillərdən biridir.

***

Bununla belə, burada bir reallığı nəzərdən qaçırmaq olmaz: belə bir təşəbbüsün reallaşması həm də tərəflərin – xüsusilə Rusiyanın – siyasi iradəsindən asılıdır. Yəni Bakı platforma təqdim edə bilər, lakin danışıqların baş tutub-tutmaması böyük ölçüdə münaqişə tərəflərinin strateji hesablamaları ilə müəyyən olunur. Mövcud transformasiyanı avtomatik və ya birtərəfli proses kimi təqdim etmək doğru olmaz. Vasitəçilik statusu tərəflərin həmin platformanı qəbul etməsi ilə legitimlik qazanır. Məhz bu baxımdan, Zelenskinin “əgər Rusiya tərəfi də bu diplomatiyanı seçərsə” ifadəsi məsələnin mahiyyətini dəqiq əks etdirir. Yəni burada əsas məsələ Moskvanın belə bir platformanı nə dərəcədə uyğun və ya məqsədəuyğun hesab etməsidir. Bunlar isə artıq geosiyasi hesablamalar, təhlükəsizlik narahatlıqları və danışıqların mümkün nəticələri ilə bağlı daha mürəkkəb qərarvermə prosesinə bağlıdır.

Analitik prizma ilə yanaşdıqda, bu vəziyyəti “neytral platforma diplomatiyası” çərçivəsində izah etmək daha məqsədəuyğundur. Müasir beynəlxalq münasibətlərdə bu tip platformalar xüsusilə yüksək gərginlik fonunda birbaşa təmas kanallarının məhdudlaşdığı hallarda aktuallaşır. Belə məkanlar tərəflərə həm simvolik, həm də praktiki üstünlüklər təqdim edir: simvolik olaraq neytrallıq və balans mesajı verir, praktiki olaraq isə, daha az siyasi təzyiq altında dialoq aparmaq imkanı yaradır.

Azərbaycanın bu kontekstdə önə çıxmasının səbəbi onun xarici siyasətində ideoloji qütbləşmədən uzaq durması, praqmatik, nəticəyönümlü xətti qorumasıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, neytral platforma statusu dinamik və həssas kateqoriyadır. Rəsmi Bakı bu statusu qorumaq üçün tərəflərin etimadını davamlı şəkildə təmin etməlidir. Azərbaycanın qarşısında duran əsas çağırış məhz bu etimadın qorunması və mümkün vasitəçilik rolunun geosiyasi risklərə çevrilməsinin qarşısının alınmasıdır.

Son olaraq qeyd edək ki, Qəbələ görüşü bir daha göstərdi ki, Azərbaycan–Ukrayna münasibətləri beynəlxalq hüququn əsas prinsiplərinin – suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı – müdafiəsi üzərində qurulan daha geniş siyasi platformaya çevrilməkdədir. Eyni zamanda, Bakının potensial vasitəçilik məkanı kimi irəli çıxması Azərbaycanın regional aktordan qlobal diplomatik oyunçuya doğru transformasiyasının mühüm indikatoru kimi qiymətləndirilə bilər.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət