“Yüksəliş” müsabiqəsinin qalibləri DİM-də

post-img

Dövlət İmtahan Mərkəzi İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib. Görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, həmçinin gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər.

Görüşdə qaliblərin peşəkar inkişafı, idarəetmə bacarıqlarının gücləndirilməsi və onların dövlət və özəl sektorda daha effektiv fəaliyyət imkanlarının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Məleykə Abbaszadənin sözlərinə görə, müsabiqə çərçivəsində tətbiq olunan mərhələlər və qiymətləndirmə mexanizmləri iştirakçıların analitik düşünmə, qərarvermə və idarəetmə bacarıqlarını obyektiv şəkildə üzə çıxarmağa imkan verir. Eyni zamanda, bu cür görüşlər qaliblərin potensialının düzgün istiqamətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Daha sonra müsabiqənin qiymətləndirmə yanaşmaları və tətbiq olunan metodologiyalar müzakirə olunub.

Sonda qaliblər öz təcrübələrini bölüşüb, qarşılaşdıqları çətinliklər və əldə etdikləri nailiyyətlər barədə məlumat veriblər.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər. Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2025-ci il dekabrın 10-da müvafiq Sərəncam imzalanıb.

XQ

Son xəbərlər