Ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə parlamentlərarası işçi qrupunun nümayəndə heyəti Göygöl rayonunda olub.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov qonaqları qəbul edib. Görüşdə Milli Məclisin deputatı, Azərbaycan – Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov, Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann, Almaniya Bundestaqının deputatı və işçi qrupunun rəhbəri Edis Mirze və heyət üzvləri iştirak ediblər.
Söhbət zamanı Göygöl rayonunun tarixi-mədəni irsi, bölgənin turizm potensialı və Azərbaycan–Almaniya əlaqələrinin inkişafı barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, belə səfərlər iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verir.
Qonaqlar səmimi qəbula və göstərilən mehribanlığa görə təşəkkürlərini bildiriblər.
Alman parlamentarilər Göygölün tarixi məkanları, eləcə də alman koloniyası irsi ilə də tanış olublar.
Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri

