Təhlükəsiz əmək cəmiyyətə rifah və xoşbəxtlik gətirir

post-img

Hər il aprelin 28-də qeyd edilən Ümumdünya Əməyin Mühafizəsi Günü iş yerlərində təhlükəsizliyin təmin edilməsinin vacibliyini bir daha gündəmə gətirir. Beynəlxalq Əmək Təşkilatı tərəfindən təsis edilən bu gün yalnız simvolik xarakter daşımır, eyni zamanda, əmək münasibətlərinin keyfiyyətini müəyyən edən əsas indikatorlardan biri kimi çıxış edir. Müasir dövrdə iqtisadi inkişafın sürətlənməsi, texnoloji yeniliklərin geniş tətbiqi və əmək bazarının transformasiyası əməyin mühafizəsi sahəsində yeni riskləri və çağırışları da aktuallaşdırır.

Sosial dövlət modelinin əsas prioritetlərindən biri layiqli əməyin, təhlükəsiz və sağlam iş şəraitinin təmin olunmasıdır. Bu istiqamətdə həyata keçirilən ardıcıl islahatlar əmək münasibətlərinin müasir tələblərə uyğun inkişafına, işçi hüquqlarının daha etibarlı müdafiəsinə və əməyin mühafizəsi mədəniyyətinin formalaşdırılmasına xidmət edir.

“Əsas hədəfimiz əməyin mühafizəsi sahəsində preventiv yanaşmanın gücləndirilməsidir. Rəqəmsal həllər, qanunvericilikdə aparılan yeniliklər və genişmiqyaslı maarifləndirmə tədbirləri ölkədə təhlükəsiz və sağlam əmək mühitinin formalaşmasına xidmət edir”. Bu fikirləri XQ-yə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev bildirdi:

– Azərbaycan Respublikasında sosial dövlət modelinin əsas prioritetlərindən biri layiqli əməyin, təhlükəsiz və sağlam iş şəraitinin təmin olunmasıdır. Bu istiqamətdə həyata keçirilən ardıcıl islahatlar əmək münasibətlərinin müasir tələblərə uyğun inkişafına, işçi hüquqlarının daha etibarlı müdafiəsinə və əməyin mühafizəsi mədəniyyətinin formalaşdırılmasına xidmət edir.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi sosial siyasət kursu əsasında ölkəmizdə əmək hüquqlarının qorunması üzrə möhkəm hüquqi baza yaradılıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə islahatlar yeni mərhələyə qədəm qoyub. Bu gün əməyin mühafizəsi yalnız qanunvericilik tələbi deyil, həm də insan kapitalının qorunması, istehsalatda dayanıqlılığın təmin edilməsi və sosial rifahın yüksəldilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Məlumdur ki, əməyin mühafizəsi yalnız fiziki təhlükəsizlik tədbirləri ilə məhdudlaşmır. İş yükü, iş və istirahət vaxtının təşkili, iş yerində münasibətlər və ümumi psixoloji mühit işçinin sağlamlığına, təhlükəsizliyinə və əmək məhsuldarlığına birbaşa təsir göstərir. Ona görə də həmin amillərin sistemli şəkildə qiymətləndirilməsi və aradan qaldırılması zəruridir.

Dövlət Əmək Müfəttişliyi Xidməti ardıcıl şəkildə əməyin mühafizəsi sahəsində nəzarət mexanizmləri ilə yanaşı, maarifləndirmə və preventiv tədbirlər də həyata keçirir.

“Əmək və məşğulluq” (ƏMAS) e-platforması üzərindən istehsalatda baş verən bədbəxt hadisələr üzrə elektron reyestrin formalaşdırılması, zərərli və təhlükəli iş yerlərinin attestasiyası, elektron audit və digər rəqəmsal modullar əməyin mühafizəsi sahəsində risklərin çevik təhlili və proaktiv yanaşmanın əsas komponentlərindən biridir.

2023-cü ildən xidmətin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzində təlim maarifləndirmə tədbirləri təşkil olunur, iş yerlərinin attestasiyası və əməyin mühafizəsi üzrə tədbirlər həyata keçirilir. Təkcə 2025-ci ildə ümumilikdə 5 minə yaxın işçi və mütəxəssis müxtəlif təlim proqramlarında iştirak edib. 130-dan çox təlim və tədbirdə istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması, əməyin mühafizəsi xidmətinin təşkili, müvafiq norma və qaydalar, icbari sığorta, iş yerlərinin attestasiyası, ilk tibbi yardım və yanğın təhlükəsizliyi kimi mövzulara toxunulub. ANAMA və digər sosial tərəfdaşlarla birgə maarifləndirmə tədbirləri təşkil olunub. 2023–2025-ci illərdə keçirilən 115 təlimdə 9 min 700, bu ilin I rübündə isə 76 maarifləndirmədə əməyin mühafizəsi mövzusu üzrə 4 min 500 nəfər iştirak edib. Əməyin mühafizəsi mədəniyyətinin formalaşdırılması məqsədilə təhsil müəssisələrində də təlimlər keçirilib.

Müsahibimiz əməyin mühafizəsi sahəsində dövlət standartlarının hazırlanması istiqamətində də mühüm addımlar atıldığını qeyd edərək söylədi ki, ötən il əmək sahəsində 110 yeni dövlət standartı qəbul edilib:

– Bununla da ümumi standartların sayı 167-yə çatdırılaraq normativ baza daha da təkmilləşdirilib. İş yerlərinin attestasiyası istiqamətində ardıcıl fəaliyyət davam etdirilib, müəssisələrdə təhlükəli və zərərli istehsalat amilləri qiymətləndirilib. 16 yanvar 2026-cı il tarixində ölkə Prezidenti əmək münasibətləri ilə bağlı qanunvericilikdə dəyişiklikləri təsdiq edərək müvafiq qanunun tətbiqi və bəzi fərmanlara dəyişiklik edilməsi barədə müvafiq fərman imzalayıb. Aparılan islahatlar çərçivəsində bir sıra normativ hüquqi aktlara ümumilikdə 400-dən çox dəyişiklik edilib. Bu dəyişikliklər Beynəlxalq Əmək Təşkilatının konvensiyaları və beynəlxalq təcrübəyə uyğun olaraq əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçi hüquqlarının daha etibarlı müdafiə mexanizminin, əmək münasibətlərində çevik və sosialyönlü hüquqi tənzimləmələrin tətbiqi, müasir tələblərə uyğun yeni anlayışların qanunvericiliyə gətirilməsi məqsədi daşıyır.

Əməyin mühafizəsi sahəsində tələblərin tətbiq dairəsi genişləndirilib, fiziki şəxs olan işəgötürənlər ayrıca subyekt kimi müəyyən edilib, təlim və təlimatlandırma mexanizmləri konkretləşdirilib və təlimatlandırılmanın elektron uçot imkanları əlavə olunub. Həmçinin əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi üzrə minimum hədlər müəyyən edilib və əməyin mühafizəsi xidmətlərinin təşkili ilə bağlı qaydalar genişləndirilib.
Ölkəmiz BƏT-in 60 konvensiyasını və 1 protokolunu ratifikasiya etməklə MDB məkanında ən çox BƏT sənədlərini qəbul edən dövlətlərdən birinə çevrilib. BƏT-in 4 əsas və 10 fundamental Konvensiyasını qəbul edən ölkə statusu təmin olunub. Hazırda bu konvensiyalara uyğunluğun təmin olunması məqsədilə əməyin mühafizəsi sahəsində bir sıra normativ aktlara dəyişiklik layihələri hazırlanır.

Əməyin mühafizəsi mədəniyyətinin formalaşdırılması istiqamətində həyata keçirilən layihələr arasında xidmətin Milli Observatoriya ilə birgə layihəsi olan “DOST Müfəttiş”ini xüsusi qeyd etmək istərdim. Layihədə könüllü iştirak üçün müraciət edən işəgötürənlərdə əməyin mühafizəsi və elektron altsistemlərdən istifadə, əmək qanunvericiliyinin tətbiqi və insan resurslarının idarə edilməsi üzrə ekspertlər tərəfindən diaqnostik qiymətləndirmələr aparılır, mövcud boşluqlar aşkar edilir, onların həlli üçün tövsiyələr verilir, təlimlər təşkil olunur. Layihə beynəlxalq təcrübədə istifadə edilən özünü qiymətləndirmə və özünü təftiş (“self-inspection”) modeli əsasında risklərin erkən müəyyənləşdirilməsinə imkan yaradır və bu vaxta kimi 28 müəssisədə uğurla tətbiq edilib. Onu da qeyd edim ki, layihə ödənişsiz əsaslarla həyata keçirilir.

Xidmət rəisi onu da bildirdi ki, əməyin Mühafizəsi Mərkəzi tərəfindən icra olunan “Nümunəvi müəssisə” layihəsi mövcuddur. Bu layihə seçilmiş müəssisədə əməyin mühafizəsi standartlarına uyğun olaraq təhlükəsiz iş şəraitinin yaradılmasının təmini və digər müəssisələr üçün nümunəvi müəssisənin təcrübəsinin öyrənilməsinin təşkilini nəzərdə tutur. Layihənin əsas məqsədi preventiv həllərin təqdim olunmasıdır. Belə ki, mütəmadi təlimlər vasitəsilə işçilərdə təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması, qəzasız iş mühitinin təmin edilməsi və müasir texnologiyaların tətbiqi ilə insan xətası ehtimalının minimuma endirilməsi nəzərdə tutulur.

Eyni zamanda, layihə nümunəvi iş şəraiti yaradaraq digər müəssisələr arasında müsbət rəqabətin formalaşdırılmasını hədəfləyir. Belə ki, bu layihə çərçivəsində müəssisələrdə əməyin mühafizəsi norma, standart və qaydalarının tətbiqi, işçilərin bu sahədə təlimatlandırılması, eləcə də risklərin idarə olunması üzrə birgə tədbirlər təşkil olunur. Artıq Abşeron-Xızı iqtisadi rayonunda, Qarabağda və Naxçıvan Muxtar Respublikasında nümunəvi müəssisələr yaradılıb. Bu müəssisələrdə yaradılmış təhlükəsiz iş şəraiti mütəmadi olaraq təşkil olunan mediatur və infoturlar vasitəsilə yerində nümayiş etdirilir.

Hazırda əsas hədəfimiz fəaliyyətimizi daha çox preventiv və proaktiv yanaşma əsasında qurmaqdır. Əmək hüquqlarının pozulmasının qarşısının alınması, risklərin erkən mərhələdə müəyyən edilməsi və problemlərin operativ həlli diqqət mərkəzində saxlanılır. Eyni zamanda, istehsalat qəzalarının və peşə xəstəliklərinin azaldılması prioritet olaraq qalır. Bu baxımdan “Vision Zero” yanaşması xüsusi əhəmiyyət daşıyır. Yanaşmanın əsas fəlsəfəsi ondan ibarətdir ki, heç bir bədbəxt hadisə qaçılmaz deyil və düzgün idarəetmə, risklərin vaxtında müəyyən edilməsi və təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi ilə onların qarşısını almaq mümkündür.

“Vision Zero” yanaşmasının 7 qızıl qaydası bu istiqamətdə mühüm əhəmiyyət daşıyır. Bu qaydalara liderlik və prinsiplərə sadiqliyin artırılması, təhlükələrin müəyyən edilməsi və risklərin idarə olunması, məqsədlərin müəyyənləşdirilməsi və proqramların hazırlanması, təhlükəsizlik və əməyin gigiyenası sisteminin qurulması, iş yerlərində təhlükəsizlik və gigiyenanın təmin edilməsi, ixtisas səviyyəsinin artırılması və peşəkar bacarıqların inkişaf etdirilməsi, həmçinin kadr potensialına investisiya qoyuluşu və iştirakçılığın təşviqi daxildir.

Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) təşəbbüsü olan bu qaydalar iş yerlərində təhlükəsiz və sağlam mühitin yaradılmasına, risklərin minimuma endirilməsinə və davamlı təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına xidmət edir.

Mustafa KAMAL
XQ



Sosial həyat