Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti
“Amnesty International” keçən həftə açıqladığı “Dünyada insan haqlarının vəziyyəti” adlı illik hesabatında Azərbaycana da yer ayırıb. Bu dəfə də “prinsipini” pozmayıb, ölkəmizə qarşı əsassız ittihamlar irəli sürüb. Təşkilatın hesabatında təkcə 2 istiqamətə nəzər salmaq kifayətdir ki, onların “İnsan haqları” adı altında hansı ideyalarla çıxış etdiklərini anlamaq mümkün olsun.
Məsələn, sənəddə qeyd olunur ki, “hesabat ilində Azərbaycanda LGBT fəalları diskriminasiya, zorakılıq və dövlət təqibləri ilə üzləşməkdə davam ediblər”. Beləliklə, “Amnesty International” təmsilçiləri “insan haqları” adı altında cinsi azlığın nümayəndələrinin hüquqlarını ön plana çəkiblər. Yaxud digər bir misal: hesabatın “Qarabağ münaqişəsi və hüquqlar” bölümündə bildirilir ki, “Qarabağ münaqişəsindən zərər çəkən şəxslərin hüquqlarının qorunması istiqamətində yetərli addımlar atılmayıb. Azərbaycan hökuməti 23 erməni məhbusun vəziyyəti və sağlamlığı barədə məlumat təqdim etməyib” və sair.
Paradoksal haldır ki, indi “23 erməni məhbusun vəziyyətindən dərin narahatlıq keçirən” “Amnesty International” Ermənistan əsirliyində uzun illər ərzində saxlanılan, işgəncələrə məruz qalan azərbaycanlılar haqqında bu cür aktivlik nümayiş etdirməyib. Məlumat üçün qeyd edək ki, Birinci Qarabağ müharibəsi dövründə (1988–1994) təxminən 3.890 azərbaycanlı itkin düşüb. Onlardan 3.171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxs olub. İtkin düşən şəxslərin taleyi ilə bağlı araşdırmalar hələ də davam edir.
Müxtəlif dövrlərdə aşkarlanan kütləvi məzarlıqlar və identifikasiya prosesi sübut edib ki, bu şəxslərin əksəriyyəti Ermənistan silahlı birləşmələri və separatçı qüvvələr tərəfindən işgəncələrə məruz qalaraq öldürülüb. Amma “Amnesty International” bu problemə göz yumub. Ötən 30 il müddətində bircə dəfə də olsun, fakta diqqət ayırmayıb. Baxmayaraq ki, təşkilat işgəncələrə qarşı mübarizəni özünün 3 əsas fəaliyyət istiqamətindən biri elan edib.
Bu yanaşma onu göstərir ki, “Amnesty International”ın niyətti insan haqlarının müdafiəsi qayğısına qalmaq deyil, bu ad altında erməni separatçılara dəstək verməkdir. Yada salaq ki, təşkilat cəmi 2 ay öncə – 2026-cı il fevralın 17-də yaydığı bəyanatda da Ruben Vardanyanın “məhkəmə hüquqnun pozuntusu” barədə tesizlər səsləndirmişdi. Həmin bəyanatda mandatından kənara çıxaraq, siyasi proseslərə baş vurmuş, iki ölkə və xalq arasında konflikti yenidən qızışdırmağa səy göstərmişdi. Məsələn, 17 fevral açıqlamasında Ruben Vardanyanı separatçı, terrorçu, qanun pozucusu deyil, “Bakı tərəfindən əsir götürülmüş Dağlıq Qarabağın erməni lideri” kimi qələmə vermişdi. Onun əsir götürülmüş mülki şəxs, siyasi lider obrazının yaradılmasına cəhd etmişdi. Həmçinin “Ruben Vardanyana 20 il həbs cəzasının verilməsini, digər separatçı liderlərdən 5 nəfərinin ömürlük həbs cəzasına məhkum edilməsini” “Ermənistan xalqına qarşı qəsd” kimi təqdim etmişdi.
Bu cür nüanslar “Amnesty International”ın hesabatını obyektiv sənəd kontekstindən çıxarır, siyasi münasibət prizmasına keçirir. O öz bəyanat və hesabatları ilə şüurlu şəkildə anti-Azərbaycan və antisülh kampaniyası aparır. Ruben Vardanyanın məhkumluğunu “faciə” kimi dəyərləndirməklə, erməni xalqına qızışdırıcı mesajlar ötürür, qarşı tərəfdə qisasçılıq hisslərini coşdurmağa, iki ölkə arasında münasibətləri alovlandırmağa çalışır.
17 fevral bəyanatı, yaxud 21 aprel hesabatı “Amnesty International”ın Azərbaycan–Ermənistan münasibətləri fonunda sərgilədiyi əcaib siyasətin yalnız bir epizoddur. O, 2021-ci ilin yanvar ayında verdiyi bəyanatda da faktları yanlış təqdim etmişdi. Azərbaycan Ordusunun Qarabağ torpaqlarını işğaldan azad etməsini, az qala, “Azərbaycanın Dağlıq Qarabağı işğal etməsi” kimi qələmə vermişdi. “Amnesty International” Qarabağ torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanıldığı 30 il müddətində buna bənzər çoxsaylı çaşdırıcı bəyanatlar verməklə, Azərbaycan tərəfini haqsız, Ermənistan tərəfini isə haqlı çıxarmağa çalışıb. Təşkilat bu cür davranışla kimin maraqlarına xidmət edir, hansı niyyəti güdür?
Revanşist qüvvələr aprelin 23-24-də Ermənistanda qondarma “soyqırımının” 111-ci ildönümünü qeyd etdilər. 2024-cü ildən etibarən, sönən xətlə gedən, gündəmdən çıxan bu ideyanı yenidən qlobal prosesə çevirməyə çalışdılar. Revanşistlərlə həmrəylik nümayiş etdirən lobbi qrupları isə proses çərçivəsində aprelin 18-də Niderland və Belçika parlamentlərində Azərbaycan əleyhinə qətnamələrin qəbul edilməsini gündəmə gətirdilər. Separatizm və terrorizmdə təqsirli bilinərək Bakı tərəfindən həbs edilən “23 nəfər erməninin hüquqlarının bərpası, həmçinin qondarma erməni soyqırımının tanınması” haqqında sənədləri bu ölkələrin parlamentlərində müzakirəyə çıxardılar. Həmçinin Nyu-York meri Zohran Mamdaninin dilindən qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatın səsləndirilməsinə nail oldular. Təhlillər göstərir ki, “Amnesty International”ın 17 fevral açıqlaması ilə 21 aprel hesabatı bu sinxron ayaqlanmanın tərkib hissəsidir.
Məlumat üçün qeyd edək ki, “Amnesty International”ın fəaliyyət tarixində qərəzli şübhəli nümunələr kifayət qədər çoxdur. Təşkilatın bu cür əməllərindən əziyyət çəkənlər vikipediyada “Criticism of Amnesty International” başlığı ilə xüsusi səhifə yaradıblar. Həmin səhifədə “Amnesty International”ın neqativ əməlləri barədə kifayət qədər faktlar təqdim ediblər.

