Qlobal aclıq dünyanın çağdaş bəlası və utancıdır

post-img

Hərbi xərclərin trilyonları aşdığı dövrdə 266 milyon insan ölümlə üz-üzədir

Müasir dünyada ərzaq təhlükəsizliyi problemi getdikcə daha çox geosiyasi və iqtisadi gündəliyin əsas mövzusuna çevrilir. BMT-nin ixtisaslaşmış qurumları – Ərzaq və Kənd Təsərrüfatı və Ümumdünya Meteorologiya təşkilatlarının aprelin 22-də yaydığı “Qida böhranları üzrə qlobal hesabat”da münaqişələrdən əziyyət çəkən bir sıra dövlətlərdə hazırda qlobal aclıq probleminin ciddi narahatlıq doğurduğu bildirilir. Sənəddə, ümumiyyətlə, ötən il 47 ölkədə 266 milyon insanın kəskin qida təhlükəsizliyi ilə üzləşdiyi qeyd edilir.

Sənəddə deyilir ki, artıq aclıq müəyyən bir ərazini əhatə edən və ya qısa zaman ərzində özünü göstərən müvəqqəti problem deyil, bu, qlobal sistemin struktur çatışmazlıqlarının, eləcə də silahlı münaqişələrin nəticəsi kimi sürətlə dərinləşən bir böhrandır. BMT-nin Baş katibi Antoniu Quterreş adıçəkilən hesabatda bu vəziyyəti “hərəkətə keçmək üçün çağırış” kimi qiymətləndirərək siyasi iradənin gücləndirilməsinin vacibliyini önə çəkir.

Hazırda Əfqanıstan, Sudan, Yəmən və Suriya kimi dövlətlərdə ərzaq çatışmazlığı ən təhlükəli həddə çatıb. Bu ölkələrdə kənd təsərrüfatı infrastrukturu dağıdılıb, istehsal zəncirləri pozulub və əhali kütləvi şəkildə humanitar yardımdan asılı vəziyyətə düşüb. Münaqişə yalnız mövcud resursları məhv etməyib, həm də gələcək istehsal imkanlarını məhdudlaşdıraraq aclığın davamlılığını gerçəkləşdirib.

Ərzaq qıtlığının səbəbləri

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qlobal aclığın dərinləşməsində əsas amillər sırasında iqlim dəyişikliyinin mənfi təsirlərinin, məsələn, quraqlıq, sel və ciddi narahatlıq doğuran digər təbiət hadisələri kimi halların kənd təsərrüfatına ağır zərbə vurduğunu deyir. Onun sözlərinə görə, iqlim dəyişikliyi ekoloji hadisə olmaqla bərabər, həm də iqtisadi və sosial təhlükə mənbəyi kimi ərzaq təhlükəsizliyinə mənfi təsir göstərir. Başqa sözlə, enerji qiymətlərinin artması, ticarət məhdudiyyətləri və logistika zəncirlərindəki çətinliklər ərzaq qiymətlərinin bahalaşmasına gətirib çıxarır. Akif Nəsirlinin qeyd etdiyi kimi, 2026-cı ildə qlobal iqtisadi artımın 2,7 faizə enməsi gözlənilir ki, bu da iqtisadi fəallığın zəifləyəcəyindən xəbər verir.

İqlim dəyişiklikləri, silahlı münaqişələr və iqtisadi qeyri-sabitlik səbəbindən dünyada milyonlarla insanın kəskin ərzaq çatışmazlığı ilə üz-üzə qaldığını və bu vəziyyətin xüsusilə Afrika, eləcə də Yaxın Şərq regionlarında daha da ağırlaşdığını bildirən Liberal İqtisadçılar Mərkəzinin sədri açıqlamasında BMT-nin 2026-cı il üçün proqnozunun, həqiqətən, ərzaq sistemində ciddi narahatlıq doğurduğunu, amma bunun hələ birbaşa “böhran qapıdadır” demək olmadığını xatırladır. O, sözügedən hesabata əsaslanaraq, qlobal iqtisadi artımın 2026-cı ildə 2,7 faiz təşkil edəcəyini, bu göstəricinin 2025-ci ildəki 2,8 faizdən bir az aşağı düşəcəyini və pandemiyadan əvvəlki orta 3,2 faizdən xeyli zəiflədiyini deyir.

Ekspert, eyni zamanda, beynəlxalq reytinq təşkilatları tərəfindən Asiya – Sakit okean regionunda isə artımın 4,6 faizdən 4 faizə düşəcəyinin proqnozlaşdırıldığını, bunun əsas səbəblərinin isə Yaxın Şərqdə gərginliyin hökm sürməsi, enerji və ərzaq qiymətlərinin davamlı artması və ABŞ-ın 2025-ci ildə yüksək rüsumlar tətbiq etməsi ilə bağlı olacağını bildirir. A.Nəsirli 2026-cı ildə qlobal ticarət artımının 2,2 faizə enəcəyinin gözlənildiyini də diqqətə çatdıraraq bunun tam çökmə yox, sürətin zəifləməsi anlamına gəldiyini söyləyir.

Qlobal ərzaq böhranının dərinləşməsinə inkişaf etməkdə olan ölkələrin borcunun getdikcə çoxalması, faizlərin yüksəlməsi, dollar bahalaşması və kasıb ölkələrin ərzaq idxal edə bilməməsi kimi amillər də təsir göstərir. Bütün bunlar isə BMT-nin məlum mesajının heç də, necə deyərlər, bəşəriyyətin məhvi ilə nəticələnən qiyamət gününün yaxınlaşması anlamına gəlmir. Bu, daha çox yavaşlama və kövrəkliyi göstərir. Çünki iqtisadi artım müsbət, amma zəif nəzərə çarpır. Ticarət çökmür, sadəcə ləngiyir. Buna görə də ərzaq sistemləri əsasən istidən ciddi zərbə alır. Böhrann olub-olmaması isə növbəti bir ildə havadan, müharibələrdən və dövlətlərin birgə işləyib-işləməməsindən asılı olacaq.

Uşaqlar çörək istəyirlər...

Aclıq böhranının ən ağır nəticələri uşaqlar üzərində müşahidə olunur. BMT-nin Uşaq Fondunun (UNICEF) məlumatına görə, hazırda 35 milyondan çox uşaq kəskin qidalanma çatışmazlığından əziyyət çəkir. Bu, yalnız sağlamlıq problemi ilə bağlı deyil, həm də gələcək nəsillərin fiziki və zehni inkişafına ciddi zərbədir. Məcburi köçkünlük də vəziyyəti daha da ağırlaşdırır. Münaqişə və iqlim səbəbindən evlərini tərk edən milyonlarla insan ərzaq resurslarına çıxış imkanlarını itirir. Belə bir ağır durum isə aclıq və yoxsulluq problemini daha da dərinləşdirir.

Beynəlxalq təşkilatların hesabatlarında artıq yanaşmanın dəyişilməsi zəruriliyi də vurğulanır. Başqa sözlə, bu zaman ənənəvi humanitar yardım modelindən daha çox dayanıqlı kənd təsərrüfatı sistemlərinin qurulmasına keçidin əhəmiyyəti önə çəkilir. Dünya dövlətlərində bu istiqamətdə bir neçə əsas layihə və təşəbbüsə üstünlük verilir. Məsələn, Afrika və Asiya ölkələrində kiçik fermerlərin dəstəklənməsi, suvarma sistemlərinin inkişafı və toxum banklarının yaradılması kimi prioritetlər diqqətdə saxlanılır.

Artıq iqtisadi qeyri-sabitlik hökm sürən dövlətlərdə qida böhranının aradan qaldırılması məqsədilə rəqəmsal kənd təsərrüfatı modelinin tətbiqinə böyük əhəmiyyət verilir. Mütəxəssislər bildirirlər ki, aqrar sektorda peyk monitorinqi, süni intellekt və aqrar məlumat sistemlərinin işə salınması məhsuldarlığın artırılması, son nəticədə isə ərzaq təhlükəsizliyinə mühüm töhfə verilməsi ilə nəticələnir.

Azərbaycan dövlətinin ərzaq siyasəti

Yuxarıda sadalananlarla yanaşı, qida böhranı ilə mübarizədə quraqlığa davamlı bitki sortları, suya qənaət edən texnologiyalar və karbon emissiyasını azaldan üsullardan da geniş istifadə edilir. Qlobal ərzaq ehtiyatlarının idarə olunması da önəmli prioritet hesab olunur. Başqa sözlə, bəzi ölkələrdə strateji ərzaq ehtiyatları artıraraq bazar şoklarına qarşı dayanıqlılıq gücləndirilir.

Azərbaycanda da qlobal çağırışlar nəzərə alınaraq ərzaq təhlükəsizliyi strateji prioritet kimi müəyyənləşdirilib. Son illərdə bu istiqamətdə bir sıra mühüm layihələrin həyata keçirilməsinə başlanılıb. Məsələn, aqrar islahatlar və subsidiya mexanizmlərinə diqqət artırılıb. Başqa sözlə, fermerlərə dövlət dəstəyi genişləndirilib, subsidiya sistemi rəqəmsallaşdırılıb və kənd təsərrüfatında məhsuldarlıq artırılıb.

Müasir texnologiyalar əsasında qurulan aqroparklar isə irihəcmli və səmərəli istehsala imkan yaradır. İşğaldan azad olunmuş ərazilərdə “ağıllı kənd” layihələri kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqini şərtləndirir və uzunmüddətli ərzaq təhlükəsizliyinə xidmət edir. Bundan savayı, yeni su anbarlarının tikintisi və suvarma sistemlərinin yenilənməsi iqlim risklərinin azaldılmasına əsaslı təsir göstərir.

Ərzaq təhlükəsizliyi eksperti Eldar Hacıyevin sözlərinə görə, respublikada meliorasiya və suvarma layihələrinin həyata keçirilməsinin diqqətdə saxlanılması kənd təsərrüfatının inkişafını sürətləndirib. Ölkədə yeni su ehtiyatlarının idarə olunması strategiyası qəbul edilib, çox sayda su kanalı yenilənib və alternativ suvarma üsullarının (damcı suvarma və s.) təşviqinə önəm verilib. Su resurslarının səmərəli istifadəsi də məhsuldarlığın artmasına səbəb olub.

Yerli toxumçuluğun inkişafı da yeni mərhələyə yüksəlib. Bu mərhələdə strateji əhəmiyyətli toxum sortlarının yerli istehsalı çoxalıb. Bununla da həm xarici asılılıq azalıb, həm də məhsulun adaptasiya qabiliyyəti güclənib. Sənaye heyvandarlıq və quşçuluq təsərrüfatları genişləndirilib. Protein tələbatını yerli istehsal hesabına gerçəkləşdirmək üçün yeni iri komplekslərin yaradılmasına başlanıb. Bu sahənin dirçəldilməsi ilə idxaldan asılılıq minimuma endirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlar bu gün kənd təsərrüfatının inkişafını daha da sürətləndirir və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək layihələri gerçəkləşdirilir. Bunun nəticəsində fermerlərin həyat səviyyəsi getdikcə yüksəlir, aqrar sahənin dayanıqlı inkişafı təmin edilir.

Eldar Hacıyev qeyd edir ki, 30 il işğal altında qalmış Azərbaycan torpaqları minalanıb, su mənbələri çirkləndirilib, ətraf mühitə böyük ziyan vurulub. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra həmin ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanılıb. Məqsəd isə bu ərazilərin aqrar potensialından səmərəli istifadə etmək, dağıdılmış kənd təsərrüfatı infrastrukturunu yenidən qurmaq və bu torpaqlara yeni həyat bəxş etmək olub. Bu prosesdə ən müasir aqrar innovasiyaların tətbiqi diqqətdə saxlanılıb.

Beləliklə, BMT-nin son hesabatı bir daha göstərir ki, aclıq artıq humanitar yardım çərçivəsində həll edilə biləcək problem deyil. Bu, qlobal iqtisadi, siyasi və ekoloji sistemlərin qarşılıqlı təsirindən yaranan kompleks böhrandır. Dünya ölkələri, o cümlədən Azərbaycan da bu çağırışa cavab olaraq daha dayanıqlı, innovativ və inklüziv ərzaq sistemlərinin qurulmasına yönəlmiş siyasət həyata keçirməlidir. Əks halda, aclıq və qıtlıq sosial problem olmaqla yanaşı, həm də qlobal sabitliyi təhdid edən əsas amillərdən biri kimi qalmaqda davam edəcək.

Samir HEYDƏROV,
iqtisadçı-ekspert

BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Baş katibinin müavini Li Cunhuana mediaya müsahibəsində 2026-cı ildə qlobal iqtisadi artımın pandemiyadan əvvəlki səviyyədən də aşağı düşəcəyinin gözlənildiyini bildirir. Onun sözlərinə görə, qlobal ÜDM-in 2026-cı ildə 2,7 faiz, 2027-ci ildə isə 2,9 faiz artacağı proqnozlaşdırılır ki, bu da 2010-2019-cu illər üçün orta hesabla qeydə alınmış 3,2 faizdən aşağıdır. Li Cunhuana vurğulayıb ki, bu aşağı artım templəri iqtisadi zəiflikdən daha çox “dərin köklü struktur məhdudiyyətlərini” əks etdirir.

Artımı ləngidən əsas amillər daha çox inkişaf etməkdə olan ölkələrdə xarici birbaşa investisiyaların aşağı səviyyədə qalması və dövlət borc yükünün yüksək olaraq qalması ilə bağlıdır. Bundan əlavə, faiz ödənişləri milli büdcələrdə getdikcə daha çox pay tutur. Bu isə infrastruktura, insan kapitalına və iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərinə investisiya qoyuluşu imkanlarını məhdudlaşdırır.

BMT Baş katibinin müavini, həmçinin qeyd edib ki, süni intellektin tətbiqi məhsuldarlığın artmasına töhfə verir, lakin onun faydaları məhdud sayda böyük iqtisadiyyatlarda cəmləşib ki, bu da qlobal struktur problemlərini kompensasiya etmir.

Azərbaycana gəldikdə isə respublikamız qlobal ərzaq bazarlarındakı dəyişikliklərə daha həssas reaksiya verir. Bu həssaslığın bir neçə səbəbi var. Əvvəla, bu gün Azərbaycanın bəzi strateji ərzaq məhsullarında idxaldan asılılığı 30-60 faiz arasında dəyişir. Xüsusilə taxıl, şəkər, bitki yağları və bəzi növ tərəvəzlər üzrə ixrac həlledici rol oynayır. Beynəlxalq qiymətlər yüksəldikcə, idxal xərcləri də artır və bu, tədricən daxili pərakəndə bazara ötürülür.

Bu məsələdə daşınma və logistik xərclərin artması da, necə deyərlər, öz sözünü deyir. Belə ki, ölkəmizin coğrafi yerləşməsi əlverişli olsa da, idxal məhsullarının böyük hissəsi uzaq regionlardan gətirilir. Nəqliyyat xərcləri artdıqca, məhsulun son qiymətinə ciddi təsir göstərir.

Dünya bazarında dolların möhkəmlənməsi də ərzaq idxalını bahalaşdıran amillərdən biridir. Hər hansı kiçik valyuta dəyişməsi belə ərzaq qiymətlərində hiss olunan dalğalanmalara səbəb olur. Bu məsələdə yerli istehsalın struktur məhdudiyyətləri də təsirsiz ötüşmür. Son illərdə kənd təsərrüfatında mühüm irəliləyişlər əldə olunsa da, aqrar sektorun bəzi sahələrində məhsuldarlıq hələ də beynəlxalq standartlardan aşağıdır. Suvarma, gübrə, toxum və texnika təminatındakı müəyyən problemlər yerli istehsalın maya dəyərini yüksəldir və xarici məhsullarla rəqabəti çətinləşdirir.

Onu da qeyd edək ki, idxaldan asılılıq yalnız qiymət artımları baxımından deyil, həm də milli təhlükəsizlik kontekstində risk yaradır. Bu səbəbdən son illərdə Azərbaycan hökuməti aqrar sektorda struktur dəyişikliklər həyata keçirməyə başlayıb. Aqroparkların genişləndirilməsi ərzaq istehsalının sənaye üsulu ilə aparılmasına və məhsuldarlığın artırılmasına müsbət təsir göstərib.

Vaqif BAYRAMOV
XQ



Sosial həyat