Bugün 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyada əhatə olunan və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malik Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr tərəfindən milli maraqlar nəzərə alınaraq qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirilir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıq getdikcə genişləndirilir.
Prezident İlham Əliyev TDT-nin hər zaman möhkəmlənməyə zəruri ehtiyacı olduğunu çıxışlarının birində xatırladaraq, bu istiqamətdə Azərbaycan tərəfindən bir çox layihələrin həyata keçirildiyini vurğulayıb, hazırda da bu istiqamətdə daha bütöv, daha birləşmiş şəkildə gələcəyə doğru addımlar atıldığını bildirib. Ölkə rəhbəri bu əminliyinin təsadüfi olmadığını qeyd edərək deyib: “Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir”.
Prezident İlham Əliyev cari il mayın 20-də Macarıstana işgüzar səfəri zamanı mətbuata bəyanatında bu barədə ətraflı bəhs edib. Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan Macarıstanla birgə “yaşıl” enerji istehsalı ilə bağlı layihələr üzərində fəal iş aparır. Respublikamızın çox böyük miqyaslı “yaşıl” enerji gündəliyi var. Azərbaycanda növbəti 5 il ərzində 6 min meqavat gücündə “yaşıl” enerji istehsal ediləcəyi də nəzərdə tutulur. Qarşıdakı 5 il ərzində 6 min meqavatlıq “yaşıl” enerji potensialının gerçəkləşdirilməsinin qarşıya mühüm vəzifə kimi qoyulması isə reallaşdırılması nəzərdə tutulan layihələrə əsaslanır. Beləliklə, təkcə bu təşəbbüslərin gerçəkləşdirilməsi hesabına ölkəmizin, təqribən, 3- 4 milyard kubmetr qaza qənaət edəcəyi proqnozlaşdırılır. Bundan isə Türkiyə və Avropa ölkələrinin faydalanacağı bildirilir.
Azərbaycan lideri mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışında da respublikamızın, ümumilikdə, adıçəkilən qurumun üzv ölkələri ilə iqtisadi münasibətləri haqqında geniş bəhs edib. Ölkə rəhbəri Azərbaycanın Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığının gücləndiyini bildirib. Qeyd edib ki, son illər ərzində respublikamızda nəqliyyat infrastrukturuna –avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulub. Nəticədə, açıq dənizlərə çıxışı olmayan Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib.
Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılıb, müştərək müəssisələr qurulub. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılıb.
Azərbaycan Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm verir. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində iş davam etdirilir.
Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatacağı gözlənilir.
Azərbaycan son illərdə nəqliyyat sahəsində həyata keçirdiyi genişmiqyaslı islahatlar, infrastruktur layihələri və beynəlxalq əməkdaşlıq formatları ilə yalnız Cənubi Qafqazın deyil, bütövlükdə, Türk dünyasının nəqliyyat və logistika xəritəsində strateji mövqeyə sahib olub. Nəticədə, ölkə ərazisindən keçən yük axınları nəinki respublika iqtisadiyyatına gəlir gətirib, həm də Türk dövlətləri arasında əməkdaşlığın möhkəmlənməsinə xidmət edib.
Coğrafi baxımdan dənizə birbaşa çıxışı olmayan, quru və dəniz yollarının kəsişdiyi bir məkanda yerləşən Azərbaycan son illərdə avtomobil yolları, dəmir yolu xətləri, hava limanları, gəmi donanması və liman infrastrukturu sahəsində həyata keçirilən böyük layihələr sayəsində regional və qlobal tranzit marşrutlarında vacib halqaya çevrilib.
Bu inkişafa rəqəmlər də şahidlik edir: 2024-cü ildə Türkiyə və Mərkəzi Asiya ölkələrinin Azərbaycan üzərindən keçən yük həcmi 11 milyon ton təşkil edib. Bu, təkcə coğrafi mövqedən yox, həm də yaradılan şəraitdən, logistik xidmətlərin səmərəliliyindən irəli gəlib.
Onu da deyək ki, Çin və Avropa arasında strateji əhəmiyyət daşıyan Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Azərbaycanın tranzit strategiyasının əsasını təşkil edir. Bu marşrutun əsas qolu sayılan Bakı-Tbilisi-Qars dəmir yolu son illərdə daşıma qabiliyyətinə görə xüsusi diqqət çəkir. Hazırda Azərbaycanın maliyyə dəstəyi ilə bu xəttin illik yükaşırma potensialı 5 milyon tondur. Bu isə yalnız yük daşımalarının deyil, həm də Azərbaycan – Türkiyə və Azərbaycan – Mərkəzi Asiya əməkdaşlığının konkret infrastruktur üzərində formalaşdığını göstərir.
Nəqliyyat sektorunda innovasiyalara xüsusi önəm verən Azərbaycan Orta Dəhlizin rəqəmsallaşdırılması istiqamətində təşəbbüslərlə çıxış edir. Hazırda Xəzər dənizi limanları arasında ticarətin və logistikanın sürətləndirilməsi məqsədilə vahid rəqəmsal platforma üzərində müəyyən layihələr gerçəkləşdirilir. Bu platforma vasitəsilə yükün daşınması zamanı gömrük, sənədləşmə, logistika və liman xidmətləri bir sistem üzərindən vahid şəkildə idarə ediləcək. Bu, eyni zamanda, vaxt və resurs itkisini minimuma endirəcək, səmərəliliyi isə maksimum səviyyəyə yüksəldəcək.
Azərbaycanın Xəzər dənizi üzərində malik olduğu donanma ölkənin regionda ticarət nəqliyyatına olan təsir imkanlarını genişləndirir. Hazırda respublikamızda 50-dən çox ticarət gəmisindən ibarət donanma fəaliyyət göstərir. Paralel olaraq Bakı Gəmiqayırma Zavodunda da 10 yeni gəmi inşa edilir.
Ələt Beynəlxalq Dəniz Ticarət Limanı isə bu sahədə mühüm rol oynayır. Hazırda 15 milyon tonluq yükaşırma imkanına malik limanın 25 milyon ton səviyyəsinə çatdırılması planlaşdırılır. Bu liman region ölkələri ilə, o cümlədən Qazaxıstan və Türkmənistanla ticarətin genişlənməsinə zəmin yaradır.
Azərbaycanın hava nəqliyyatı da güclü inkişaf mərhələsindədir. Hazırda ölkədə 8 beynəlxalq hava limanı fəaliyyət göstərir, Laçın aeroportu isə istifadəyə hazırlanır. Bu limanlardan 3-ü işğaldan azad olunmuş ərazilərdə yerləşir və Qarabağın iqtisadi reinteqrasiyası baxımından strateji rol oynayır. Bundan başqa, 1,5 milyon ton yükləmə potensialına malik yeni karqo terminalının inşası beynəlxalq yük daşımalarında Azərbaycanın mövqeyinin daha da gücləndirəcəyi gözlənilir.
Azərbaycan nəqliyyat sektoru vasitəsilə yalnız tranzit ölkəsi deyil, həm də region dövlətləri ilə əməkdaşlıq platforması qurur. Qonşu ölkələrlə birgə layihələr həyata keçirilir, müştərək müəssisələr yaradılır. Bu da nəqliyyat infrastrukturunun regionlararası koordinasiyasını və xidmət keyfiyyətini artırır.
Azərbaycanın nəqliyyat sahəsində həyata keçirdiyi siyasət təkcə iqtisadi deyil, həm də geosiyasi nəticələr doğurur. Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanın daşıyıcı rol alması, onu Türk dünyasını birləşdirən fiziki və rəqəmsal körpüyə çevirir.
İnfrastrukturun genişlənməsi, tranzit imkanlarının artması, rəqəmsal texnologiyaların tətbiqi və beynəlxalq tərəfdaşlıq formatları Azərbaycanın regionda və bütövlükdə, Avrasiya məkanında nəqliyyat liderliyini gücləndirir. Bu isə həm ölkə iqtisadiyyatının diversifikasiyası, həm də Türk dünyasının daha sıx inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır.