Mərdəkan – mərdlər məkanı

post-img

XQ-nin səhifələrində bundan əvvəl “Bakı kəndlərinə səyahət” rubrikası altında sizi Pirşağı və Buzovna kəndlərinin tarixi, mədəniyyət abidələri, tanınmış insanları, burada aparılan tikinti-quruculuq işləri barədə söhbət açmışdıq. Bu dəfə üz tutduğumuz ünvan isə Bakının qədim kəndlərindən biri (1933-cü ildən qəsəbə statusu alıb) Mərdəkandır.

Adından da göründüyü kimi, Mərdəkan mərd insanların yurdu deməkdir. Onun tarixi qədimdir. Orta əsr alim və səyyahları əsərlərində dəfələrlə Mərdəkanın adını çəkiblər. O ki qaldı, mərdəkanlıların mərd, xeyirxah, qonaqpərvər insanlar olmalarına, buna heç kəsin zərrə qədər şübhəsi olmasın. Abşeronun bütün kəndlərində olduğu kimi, mərdəkanlılar da ata-babadan ruzili, bol süfrəli, qonaq-qaralı insanlardır.

Məmləkətimizin ən qədim qalalarından biridir dördkünc Mərdəkan qalası! Möhtəşəm qaladır. Hündürlüyü 22 metr, divarlarının qalınlığı aşağı hissədən 2,1, yuxarıdan isə 1,6 metrdir. XIV əsrin ortalarında Şirvanşah Mənuçöhrün oğlu Şirvanşah Axsitan özünün düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaltdırıb. Qalanın həyətində qədim daş kitabələr, daşdan yonulmuş və saxsı əşyalar, qablar var.

Xəzərin qoynuna sığınan Mərdəkan havası saf, təmiz, torpaqları münbitdir. Buranın ənciri, üzümü bal dadır. Hazırda AMEA-nın Dendrologiya İnstitutunun yerləşdiyi ərazi 1895–1920-ci illərdə neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağı olmuşdur. 1910-cu ildə Muxtarov xanımı ilə Avropaya səyahət etdiyi dövrdə İtaliyanın Venesiya şəhərindəki binaların arxitekturasına valeh olmuş və onlara oxşar bir saray bu bağda bir il ərzində tikdirmişdir.

Görkəmli rus şairi Sergey Yesenin də təlatümlü taleyində Mərdəkanla bağlı məqamlar var. 3 dəfə Bakıda olmuş Yesenin sonuncu dədə 2024-cü ildə o dönəmin yüksək ranqlı məmurlarının himayəsi altında 2 aydan çox Mərdəkanda yaşamışdır. Yeseninşünaslar bu dövrü onun yaradıcılığının “qızıl dövrü” adlandırırlar. 1975-ci ildə Mərdəkanda Yesenin ev-muzeyi açılıb.

Xalq rəssamı Maral Rəhmanzadə isə necə deyərlər, əsl Mərdəkanlı qızıdır. 1916-cı ildə bu kənddə zərgər ailəsində anadan olub. Çox çətin, ağır uşaqlığı olub. Repressiya illərində atasını “Vətən xaini” kimi həbs ediblər. Gənc, gözəl Maralın sevib könül verdiyi nişanlısını ilə toylarından bir həftə sonra müharibəyə aparıblar. Rəssam ömrünün sonuna kimi həyat yoldaşının yolunu gözləyib.

Maral Rəhmanzadə çox istedadlı rəssam idi. “Bizim Xəzərdə”, “Azərbaycan qadınları”, “Doğma Vətənim”, “Sumqayıt-Rustavi” və digər əsərləri dünyanın müxtəlif ölkələrində 50-dən çox sərgidə nümayiş olunub. Rəssamın tablolarında Abşeronun halal insanları, Naxçıvanın əzəmətli dağları, Qubanın bəhərli bağlarını, qədim Lənkəran meşələri, bir sözlə, bütün Azərbaycan təsvir və tərənnüm olunur.

Böyük xeyriyyəçilik əməlləri ilə xalqımızın yaddaşında özünə iz qoymuş neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin nəşi Mərdəkan qəbiristanlığında uyuyur. 1920-ci ildə Sovet Rusiyası Azərbaycanı işğal edəndən sonra onun bütün mülkünü əlindən almışdılar. Nəriman Nərimanovun göstərişinə əsasən Tağıyevə mülk seçmək imkanı verilir. O isə özünün artıq əlindən alınmış keçmiş mülkiyyətlərindən Mərdəkandakı bağ evini seçib. Tağıyev həmin evdə təxminən 4 il yaşayıb.

Mərdəkan haqqında çox danışmaq, yazmaq olar. Üstəlik, nəzərə alsaq ki, bu kiçik qeydlərin xanım həmmüəllifi əslən mərdəkanlıdır, bu gün də orada yaşayıb yaradır, necə deyərlər, bu gözəl məkan barədə bir dastan belə bağlamaq mümkündür. Sadəcə, buna hələlik ehtiyac yoxdur. Mərdəkan haqqında çox yazılıb, deyilib. Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində Mərdəkan qəsəbəsi günbəgün abadlaşır və gözəlləşir.

Bəli, Mədəkan gözəldir. Burada hər daşın, hər ağacın, gül kolunun öz hekayəsi var. Mərdəkanın ruhunu daş divarların arxasında gizlənən qədim bağ evləri, əncir ağacları, yay axşamları küləklərlə oynaşan çinar yarpaqları yaşadır. Bir nəfər ahıl mərdəkanlı bizimlə söhbbəti zamanı fəxrlə söylədi ki, bu gün paytaxtda ən çox qızılgüllər məhz Mərdəkandakı park və xiyabanda becərillir. Olsun. Mərdəkana bütün güllər yaraşır, amma al, ağ qızılgüllər bu ecazkar diyara xüsusi bir gözəllik bəxş edir!

Nurəngiz ADİLQIZI,
Məsaim HACIXANLI
XQ





Sosial həyat