II Türk Ticarət Sərgisi

post-img

İyunun 10-da Bakı Expo Mərkəzində Kiçik və Orta biznesin İnkişafı Agentliyi (KOBİA), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) tərəfdaşlığı, Kiçik və Orta Biznesin Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və “ROK Expo” şirkətinin təşkilatçılığı ilə II Türk Ticarət Sərgisi - Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisinin açılışı oldu. Belə bir mötəbər tədbirin təşkilində əsas məqsəd Türk Dövlətləri arasında - ticarət, sənaye, investisiya və yeni texnologiya xidmətlərini inkişaf etdirmək, dünyanın digər yerlərində də məhsulların satışını və yayılmasını asanlaşdırmaqdır. Üç gün keçiriləcək sərgidə 20-dən çox məhsul və yeni texnologiya avadanlıqları ziyarətçilərə təqdim olunacaq. 

Forumda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrdən - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasından yüksək vəzifəli dövlət nümayəndələri, nüfuzlu şirkət rəhbərləri, investorlar, startap nümayəndələri və akademik dairələrdən ekspertlər iştirak edirdilər. KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov açılış nitqi ilə çıxış etdi. Qeyd etdi ki, KOBİA-nın gündəliyinə daxil olan əsas məsələlərdən biri də KOB subyektlərinin istehsal etdikləri məhsulların nümayiş olunmasıdır: “Sərgidə KOBİA öz stendi ilə çıxış edir və burada KOB subyektləri təmsil olunur. Türk dövlətlərinin bir araya gəlməsi, müxtəlif respublikaların öz məhsullarını nümayiş etdirməsi ölkələrimiz arasındakı ticarət əlaqələrinin  inkişafında platforma rolunu oynayacaq. Burada həm də ideyaların mübadiləsi baş tutacaq. Bu, ölkələrimiz arasında münasibətlərin daha da güclənməsinə gətirib çıxaracaq” - deyə KOB rəsmisi bildirdi. O, həmçinin vurğuladı ki, 2024-cü ildə türk dövlətləri arasında ticarət dövriyyəsi 45 milyard dollar həcmində olub. Lakin bunu daha da artırmaq mümkündür. 

Sərgi-forumda Türkiyənin Azərbaycandakı səfirliyinin ticarət üzrə baş müşaviri Murat Yaman, Qazaxıstan Respublikası Prezidentinin köməkçisi Rasul Axmatov, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov, Kiçik və orta biznes subyektləri və klublarının Assosiasiyası” idarə heyyətinin sədri Ramin Şərifov, millət vəkili Məzahir Əfəndiyev, Türk Ticarət Sərgisinin təşkilatçısı Aygün Əliyeva və başqa rəsmi qonaqlar çıxışlarında qeyd etdilər ki, belə bir sərginin Azərbaycanda təşkil olunması Türk Dövlətlərinin birliyinə göstərilən yüksək etimadın göstəricisidir. İlk dəfə olaraq İstanbulda keçirilən və davamı olaraq bu il ölkəmizdə təşkil olunan II Türk Ticarət Sərgisinin növbəti ildə digər qardaş türk respublikalarında keçirilməsi nəzərdə tutulub. Türk Dövlətlərinin Birliyi bu ənənələrlə tarixin yaddaşına yazılacaq.

Sərgi-forumda iştirak edən müxtəlif ölkələrin təmsil etdikləri şirkətlərin məhsulları haqqında xeyli məlumat əldə etdik.

Səbinə Əliyeva, “Alsancak” qrupun təmsilçisi: “Alsancak” müdafiə, təhlükəsizlik və məsləhətçilik sahələrində xidmətlər göstərən,  güclü maliyyə infrastrukturuna malik özəl şirkətlər qrupudur. Şirkətin əsas məqsədi, Müdafiə Sənayesi və Dəmir Yolları ilə bağlı layihələrdə münasib xərclər və üstün keyfiyyəti əsas tutmaq,  yerli özəl və dövlət müəssisələrində rəqabət gücümüzü artırmaqdır.

Biz personalımızın Keyfiyyət İdarəetmə Sistemi məsələləri üzrə təlim keçməsini təmin edərək, bu sistemi davamlı təkmilləşdirmə yolu ilə inkişaf etdirməyə sadiqik. Bu sərgiyə də şirkətimizin ən yüksək nailiyyətlərini təqdim etmək niyyəti ilə gəlmişik. İnanırıq ki, məhsullarımız türkdilli dövlətlərin sərgilərində ən yüksək qiymətə layiq görüləcək. Çünki, bizim şirkətin təqdim etdiyi məhsullar keyfiyyət etibarı ilə həmişə alıcıların rəğbətini qazanıb. 

Naim Həmidov, Özbəkistan stendinin satış təmsilçisi: “Burada, Özbəkistana məxsus çanta, ayaqqabı və s. ibarət dəri məhsulları sərgilənir. Həm süni, həm də təbii dəridən hazırlanan məhsullarımızı Türk Dövlətlərin bazarına çıxarmaq niyyətindəyik. Məqsədimiz ticarət sahəsində inkişaf etmək və bu yolda bir-birimizi dəstəkləməkdir. Güc birlikdədir.

İsmayıl Ağayev, Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri: “Əvvəla, bu mötəbər sərgiyə görə, təşkilatçılara təşəkkür edirəm. İrəvan xanlığı bizim tarixi torpaqlarımızdır. Bizim ən ağrılı yerimiz də bu torpaqların düşmən tapdağı altında olmasıdır. Biz mərkəz olaraq, bugünki sərgidə Qərbi Azərbaycanda doğulan, bu yerlərin ab-havasında böyüyən bacı-qardaşlarımızın Vətən yanğısını əks etdirən kitablarla, əlimizdəki digər mənbələrlə forum iştirakçılarını məlumatlandırırıq. Xüsusilə, 2020-ci ildə Vətən Müharibəsində şəhid olan Azərbaycan gənclərinin qəhrəmanlığı haqqında yazılan salnamə əsərləri iştirakçılara təqdim edirik. Valideynləri Qərbi Azərbaycanlı olan yüzlərlə şəhidin and yeri olan Qarabağ torpaqlarımız yağı düşməndən təmizləndi. İndi hamımız İrəvanlıyıq. Məqsədimiz, dinc yolla o torpaqlara qayıtmaq, ata-baba yurdumuza qovuşmaqdır. Bu gün mən qədim İrəvan xanlığının bayrağını başım üstündən asmışam. Bu müqəddəs bayraqla bütün türk dünyasına səslənirəm. İrəvan torpaqları Azərbaycanın əzəli və əbədi yurd yerləridir. Bizim soylar kökümüzə bağlı nəsillərdir. Ona görə də, tariximizə, qan yaddaşımıza qayıtmalıyıq. Unutmamalıyıq ki, bu bizim əsrlərə sinə gərən qədim məskənlərimizin təkrarsız izləridir.      

İlk Türk Ticarət Sərgisi Türkiyə Ticarət Nazirliyi himayəsində, Türk Dövlətləri Təşkilatı - Türk Ticarət və Sənaye Palataları Birliyinin əməkdaşlığı, “Rok EXPO” şirkətinin təşkilatçılığı ilə ötən il noyabrın 7-9-da İstanbul Sərgi Mərkəzində təşkil olunmuşdu. 

Qeyd edək ki, sərgi iyunun 12-dək davam edəcək. Sərgidə 11 dövlət iştirakçı, 20-dən çox ölkə isə ziyarətçi kimi təmsil olunur.

Kəmalə ABDİNOVA
Fidan SALMANOVA
XQ 

























İqtisadiyyat