Şərq – Qərb dəhlizində qatarların hərəkəti intensivləşir

post-img

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu ilin 8 ayında 265 blok qatarı qəbul edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 58 faiz çoxdur. Yanvar-iyul aylarında həmin qatarlarla 28 min 261 TEU konteyner yük daşınıb. Bu isə 2024-cü ilin eyni dövrünə nisbətən 67 faiz artım deməkdir.

Xatırladaq ki, Çindən Azərbaycana ilk blok qatarı 2023-cü il dekabrın 30-da yola salınıb. Cəmi 11 günə mənzilbaşına çatan blok qatarı Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyətini və rəqabət qabiliyyətliliyini bir daha nümayiş etdirib. 

Hazırda Çindən Azərbaycana yük göndərişi ilə yanaşı, əks istiqamətdə də yükdaşımalar həyata keçirilir. Bakıdan dəmir yolu nəqliyyatı ilə Çinə ilk ixrac yükləri isə ötən il noyabrın 24-də yola salınıb. 62 ədəd 40 futluq konteynerdən ibarət Bakı – Sian ilk ixrac blok qatarı multimodal olaraq Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Sian limanına çatdırılıb. 

2025-ci ildə isə Çindən Azərbaycan və Avropa istiqamətində göndərilən blok qatarlarının sayının 3 dəfədən çox artırılaraq 1000-ə çatdırılması planlaşdırılır.

İqtisadiyyat