Azərbaycanda iqlimə uyğunlaşma tədbirləri genişlənir

post-img

Bu keçidə beynəlxalq maliyyə dəstəyi də artır

Dünyada iqlim dəyişikliyi ilə bağlı narahatlıqlar dərinləşdikcə, maliyyə dəstəyi məsələsi də ön plana çıxır. “Moody’s” beynəlxalq reytinq agentliyinin son hesabatı göstərir ki, beynəlxalq maliyyə institutları (BMİ) Azərbaycanda iqlimə uyğunlaşma tədbirləri üçün yaranan maliyyə çatışmazlığını aradan qaldırmaqda həlledici rol oynaya bilər.

Hesabatda diqqətə çatdırılır ki, son 10 ildə Mərkəzi Asiya və Qafqaz ölkələrində məhz çoxtərəfli və ikitərəfli inkişaf bank­ları iqlim layihələrinin kreditləşdirilməsini əhəmiyyətli dərəcədə artırıblar. Özəl inves­tisiyaların rolu artsa da, dövlətlərin üzərinə düşən əsas yükün yüngülləşdirilməsində BMİ-lərin iştirakı həyati əhəmiyyət da­şıyır. Bu yanaşma həm də Azərbaycan və Özbəkistan kimi ölkələrin kredit qabiliy­yətinə dair risklərin azalmasına xidmət edir. “Moody’s”in hesabatında vurğulanır ki, region ölkələri artıq BMİ-lərin güzəştli kreditlərinə güvənirlər. Məsələn, çoxtərəf­li inkişaf bankları tərəfindən təmin edilən maliyyələşmə Azərbaycanda dövlət xarici borcunun 36 faizini təşkil edir. Bu göstə­rici Özbəkistanda 26, Gürcüstanda 25, Er­mənistanda və Tacikistanda isə 22 faizdir. Halbuki, orta gəlirli ölkələr üzrə bu rəqəm 2023-cü ildə cəmi 10 faiz olub.

Bu fakt bir daha sübut edir ki, bey­nəlxalq maliyyə institutları region ölkələri, o cümlədən Azərbaycan üçün iqlim müba­rizəsində vacib dayaqlardan birinə çevrilib. Onların dəstəyi olmadan nə qlobal hədəf­lərə çatmaq, nə də “yaşıl” keçidin iqtisadi əsaslarını möhkəmləndirmək mümkündür.

Digər tərəfdən, Mərkəzi Asiya və Qafqaz ölkələri son illərdə enerji sektoru­na özəl investisiyaların cəlb edilməsi üçün mühüm addımlar atıblar. Bu istiqamətdə həyata keçirilən əsas tədbirlərə enerji ba­zarlarının liberallaşdırılması, dövlət sub­sidiyalarının azaldılması kimi məsələlər daxildir. Bu islahatlar nəticəsində Qırğı­zıstan, Tacikistan və Özbəkistan elektrik enerjisi tariflərini xərclərin ödənilməsi sə­viyyəsinə çatdırmaq üçün ardıcıl addımlar atır. Xüsusilə Özbəkistan 2027–2028-ci illərə qədər tam şəkildə bu modelə keçmə­yi hədəfləyir. Atılan bu addımlar regionda rəqabət mühitini gücləndirib, enerji bazar­larını daha cəlbedici edib və yeni investi­siya axınını təmin edib. Nəticə etibarilə, Azərbaycan və Özbəkistan bərpaolunan enerji mənbələrinin inkişafında ön sıralara çıxaraq regional liderlər mövqeyini möh­kəmləndirirlər.

Ümumiyyətlə, Azərbaycan bərpaolu­nan enerji mənbələri üzrə iddialı hədəfləri­ni bir-bir reallaşdırır. Ölkə 2030-cu ilədək quraşdırılmış enerji gücünün 35,5 faizini BOEM-dən (bərpaolunan enerji mənbələ­rindən) əldə etməyi qarşısına məqsəd qo­yub. Bu istiqamətdə ümumi gücü 2 250 meqavat olan günəş və külək layihələrinin istifadəyə verilməsi planlaşdırılır. Məhz “Moody’s”in hesabatında bu faktor başlıca amildir. Belə ki, xarici investorların marağı bu planların həyata keçirilməsində mühüm rol oynayır. 

Artıq Azərbaycanın enerji xəritəsində strateji əhəmiyyətli bir sıra iri layihələr var. Onların sırasında gücü 240 MVt, dəyəri isə 200 milyon ABŞ dolları olan “Şəfəq” günəş elektrik stansiyası, 230 MVt gücə malik və 262 milyon dollarlıq “Qaradağ” günəş elektrik stansiyası xüsusi yer tutur. Bundan əlavə, Birləşmiş Ərəb Əmirliklə­rinin “Masdar” şirkəti 1 QVt gücə malik nəhəng “Mega” layihəni reallaşdırır. Eyni zamanda, “Xızı-Abşeron” külək elektrik stansiyasının (240 MVt, 34 milyon dollar) inşası da nəzərdə tutulub. 

Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti isə SOCAR ilə strateji əməkdaşlığa imza atıb. Bu razılaşmaya əsasən, Azərbaycanda quruda 1 QVt, dəniz­də isə 1,5 QVt gücündə külək stansiyaları tikiləcək, enerjinin saxlanması sistemləri yaradılacaq və “yaşıl hidrogen” layihələri həyata keçiriləcək. Məhz Azərbaycanın bu addımları COP29-dan sonra güclü töhfə olmaqla yanaşı, ölkəmizi regionda “yaşıl” enerji lideri mövqeyinə daşıyır.

Eyyub KƏRİMLİ,
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert

Bir çox beynəlxalq reytinq agentlik­lərinin hesabatları "Moody's" in əks etdir­diklərini təsdiqləyir. Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı iqlim dəyişikliklərinə uyğun­laşma tədbirləri üçün çox aşağı faizlə kre­ditlər və qrantlar təqdim edir. Bu, şübhə­siz, görülən işlərin daha genişmiqyaslı və mükəmməl həyata keçirilməsinə, həmçinin investisiya qoyuluşunun artmasına imkan yaradır. Həmin qurumların prosesə cəlb olunması isə risklərin azalmasına xidmət edir. Çünki beynəlxalq təsir imkanlarına malik olan investorlar risklərin minimuma endirilməsini təmin etməklə layihələrin daha real şəkildə gerçəkləşməsinə dəstək göstərirlər.

Bir məqamı da qeyd edək ki, 2030-cu ilə qədər karbonsuzlaşdırma hədəfinə nail olmaq üçün Mərkəzi Asiya və Qafqaz ölkələrinə təxminən 120 milyard dollar in­vestisiya lazım gələcək ki, bu da ÜDM-in təqribən 14 faizini təşkil edir. Məhz bu qə­bildən xarici investisiyaların cəlb olunması iki mühüm aspekti özündə cəmləyir: yeni iş yerlərinin açılmasına, həmçinin ölkələrin maliyyə reytinqlərinin yüksəlməsinə müs­bət təsir və “təmiz” regional sfera. İnves­tisiya həm də gələcəkdə daha ucuz kredit resurslarının tətbiqinə imkan yaradacaq. 

Eyni zamanda, ixrac potensialının şaxələndirilməsi istiqamətində də ciddi fayda verəcək. Əlbəttə, bütün bunlarla yanaşı, müəyyən risklər və çətinliklər də mövcuddur. Digər tərəfdən, iqlim riskləri və regional çağırışlar da diqqət mərkəzində olmalıdır. Hazırkı şəraitdə su ehtiyatları­nın azalması, quraqlıq və su çatışmazlığı təhlükəsi məsələnin aktuallığını artırır və həyata keçirilən tədbirlərin səmərəliliyinə təsir göstərə bilər.

Məsələnin regional və qlobal aspekti –"Moody's" beynəlxalq reytinq agentliyi­nin qeyd etdiyi hökumətlərarası planlar Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında elektrik enerjisinin transsərhəd ticarətinə şərait yaratmaq üçün Xəzər “yaşıl” enerji dəhlizinin yaradılmasını nəzərdə tutur. Azərbaycan və Özbəkistan bərpaolunan enerji mənbələrinin (BOEM) inkişafında regional liderlər kimi seçilir. Hər iki ölkə həm də bərpaolunan enerji və “yaşıl” iqtisadiyyat sahəsində strateji tərəfdaşlıqlarını gücləndirə, bu əməkdaşlıq sayəsində regionda yeni inkişaf imkanları yarada bilərlər.

Nurlan ABDALOV
XQ



İqtisadiyyat