Strateji tərəfdaşlıq yeni mərhələ açıb

post-img

ABŞ–Azərbaycan Ticarət Palatası – 30

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində ABŞ–Azərbaycan Ticarət Palatasının fəaliyyətinin 30 illiyinə həsr olunmuş “Amerika Birləşmiş Ştatları–Azərbaycan ticarət və biznes gündəliyi: Bazarların birləşdirilməsi – gələcəyin qurulması” adlı beynəlxalq konfrans keçirilib.

Konfransda Ağ Ev, ABŞ Dövlət və Ticarət departamentlərinin nümayəndələri, Azərbaycanın dövlət rəsmiləri, həmçinin ABŞ İxrac-İdxal Bankı (EXIM), ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) və ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) yüksək səviyyəli təmsilçiləri iştirak ediblər.

ABŞ–Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov çıxışında Palatanın üç onillik ərzində iki ölkə arasında iqtisadi körpü rolunu oynadığını bildirib. Direktorlar Şurasının sədri Rza Vəziri isə qeyd edib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində qoyulan əməkdaşlıq təməli bu gün etimad və ortaq maraqlara söykənən möhkəm tərəfdaşlığa çevrilib.

Konfrans çərçivəsində keçirilən “İkitərəfli ticarət və strateji tərəfdaşlığın gücləndirilməsi” mövzusunda sessiyada çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, ötən onilliklərdə Amerika şirkətləri Azərbaycanın enerji sektorunun inkişafında mühüm rol oynayıb. Onun sözlərinə görə, hazırda tərəfdaşlığı enerji sahəsi ilə məhdudlaşdırmamaq, texnologiya, logistika, infrastruktur, sənaye və rəqəmsal transformasiya istiqamətlərinə genişləndirmək üçün yeni imkanlar yaranıb.

ABŞ rəsmiləri də çıxışlarında ikitərəfli münasibətlərdə müsbət dinamikanın gücləndiyini vurğulayıblar. ABŞ Ticarət katibinin Sənaye və Təhlükəsizlik üzrə müavini Ceffri Kessler son 1 ildə ABŞ-ın Azərbaycana ixracının 54 faiz artdığını bildirib. SOCAR prezidenti Rövşən Nəcəf isə şirkətin ABŞ-də həyata keçirilən layihələrə qoşulmaq və yeni tərəfdaşlıqlar qurmaq istiqamətində fəal müzakirələr apardığını qeyd edib.

Konfrans federal qurumların nümayəndələri, biznes dairələri və Azərbaycan rəsmilərinin iştirakı ilə ikitərəfli iqtisadi əməkdaşlığın müxtəlif istiqamətlərinə həsr olunmuş panel müzakirələrlə davam edib.

Qeyd edək ki, Palatanın fəaliyyəti Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarına birbaşa təsir göstərir. 1995-ci ildən bəri ABŞ-ın Azərbaycana birbaşa xarici investisiyaları təxminən 19 milyard dollara çatmışdır. Hazırda Azərbaycanda 200-dən çox ABŞ şirkəti uğurla fəaliyyət göstərir. Palata kənd təsərrüfatı, turizm, nəqliyyat və alternativ enerji sahələrində Amerika təcrübəsinin tətbiqinə yardım edərək iqtisadiyyatın neftdən asılılığının azalmasına töhfə verir. Son dövrlərdə Palata Orta Dəhliz çərçivəsində logistika və infrastruktur layihələrinin təşviqinə, həmçinin ABŞ-ın Avrasiya ilə əlaqə strategiyasının tərkib hissəsi olan TRIPP təşəbbüsünə fokuslanmışdır. Bu qurum həm Bakıda, həm də Vaşinqtonda ofisə malik tək müstəqil biznes assosiasiyasıdır və bu, ona iki paytaxt arasında birbaşa və effektiv rabitə qurmaq imkanı verir.

Ümumiyyətlə, Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq uzun illərdir strateji və iqtisadi baxımdan mühüm nəticələr doğuran layihələr üzərində formalaşıb. Xüsusilə “Əsrin müqaviləsi” və Cənub Qaz Dəhlizi kimi qlobal enerji təşəbbüsləri iki ölkə arasında tərəfdaşlığın nə qədər məhsuldar və qarşılıqlı faydalı olduğunu açıq şəkildə nümayiş etdirib. Məhz bu uğurlu əməkdaşlıq tarixinin yaratdığı təcrübə fonunda Azərbaycan və ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının da iqtisadi inkişaf sahəsində yeni və əhəmiyyətli nəticələr doğuracağı gözlənilir.

Sənəd iki ölkə arasında biznes mühitinin daha da inkişaf etdirilməsi və investisiya axınının stimullaşdırılması istiqamətində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Bu yanaşma Azərbaycanın qlobal iqtisadi sistemə inteqrasiyasını sürətləndirən mühüm imkanlar yaradır və beynəlxalq iqtisadi əlaqələrin daha da şaxələndirilməsinə töhfə verir.

Digər tərəfdən, fevralın 9-da Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib. Görüşdə “Apple”, “Ardea Energy Technologies Inc.”, “Ericsson AB”, “ExxonMobil”, “Herbalife”, “Illumina”, “Meta”, “Visa”, “Wabtec”, “bp”, “Boeing Global”, “Mastercard” və s. kimi aparıcı şirkətlərin rəhbər şəxsləri iştirak ediblər. Qarşılıqlı səfərlər və görüşlərdə verilən mesajlar ABŞ-ın region ölkələri ilə uzunmüddətli əməkdaşlıqda maraqlı olduğunu göstərir. Şübhəsiz, ABŞ-ın aparıcı 31 şirkətindən 60 nəfərdən çox nümayəndə heyətinin ölkəmizə səfəri və ölkə rəhbərliyi səviyyəsində müzakirələrin aparılması Azərbaycan-ABŞ iqtisadi münasibətlərinin uzunmüddətli perspektivlərindən xəbər verir.

Eyni zamanda, texnoloji tərəqqi və innovativ fəaliyyət sahələrində birgə tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsi, qabaqcıl təcrübələrin paylaşılması, eləcə də texniki dəstək mexanizmlərinin tətbiqi ölkədə müasir texnologiyalar üzrə ixtisaslaşmış insan kapitalının formalaşmasına güclü təkan verə bilər. Bu isə, öz növbəsində, əmək bazarında məhsuldarlığın yüksəlməsinə və iqtisadiyyatın daha səmərəli fəaliyyətinə xidmət edir.

Digər mühüm istiqamət isə özəl sektorun fəal iştirakı ilə iqtisadi, ticarət və investisiya əməkdaşlığının genişləndirilməsidir. Bu proses regional iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açır. Nəticə etibarilə, belə bir tərəfdaşlıq modeli ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsinə, investisiya cəlbediciliyinin artmasına və dövlət–özəl tərəfdaşlığının genişlənməsinə mühüm töhfə verə bilər.

Son illər Azərbaycan ilə ABŞ arasında iqtisadi münasibətlərdə nəzərəçarpacaq dinamika müşahidə olunur və əməkdaşlıq ardıcıl şəkildə genişlənir. Statistik göstəricilərə əsasən, ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında önəmli mövqeyə malikdir və hazırda ölkəmizin ticarət dövriyyəsində altıncı pillədə qərarlaşır. 2025-ci ilin yekunlarına əsasən iki ölkə arasındakı ümumi ticarət dövriyyəsi 1,6 milyard ABŞ dollarına çataraq Azərbaycanın ümumi ticarət dövriyyəsinin 3,15 faizini formalaşdırıb.

Müqayisə üçün qeyd etmək olar ki, 2020-ci ildə bu göstərici cəmi 0,7 milyard dollar səviyyəsində idi. Beş illik dövr ərzində qeydə alınan bu artım Azərbaycan–ABŞ iqtisadi münasibətlərinin daha intensiv mərhələyə daxil olduğunu və ticarət əlaqələrinin iki dəfədən artıq genişləndiyini nümayiş etdirir.

İxrac göstəricilərində də müsbət dinamika diqqəti cəlb edir. Belə ki, 2020-ci ildə Azərbaycanın ABŞ-a ixracı 25 milyon dollar təşkil etməklə ümumi ixracın 0,18 faizinə bərabər idi. Sonrakı illərdə əməkdaşlığın genişlənməsi nəticəsində bu rəqəm əhəmiyyətli dərəcədə artaraq 2025-ci ildə 61,8 milyon dollara yüksəlib və ümumi ixracın 0,3 faizini təşkil edib.

Bu tendensiya iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşdiyini, qarşılıqlı maraqların genişləndiyini və yeni investisiya imkanlarının formalaşdığını göstərir. Ticarət və investisiya mühitində yaranan bu müsbət dinamika Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığın iqtisadi müstəvidə daha da möhkəmlənməsi üçün əlverişli zəmin yaradır.

N.ABDALOV
XQ

İqtisadiyyat