BMU ilə Dünya Azərbaycanlı Alimlər Birliyi üzvlərinin əməkdaşlığı müzakirə olunub

post-img

Bakı Mühəndislik Universiteti (BMU) ilə Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB) üzvləri arasında onlayn görüş təşkil olunub. Görüşdə müxtəlif ölkələrdə fəaliyyət göstərən azərbaycanlı alimlərin universitetlə əməkdaşlıq imkanları müzakirə edilib.

XQ xəbər verir ki, tədbiri giriş sözü ilə açan BMU-nun rektoru Yaqub Piriyev Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə həyata keçirilən dövlət proqramlarının xaricdə təhsil alan gənclərin dünya elminə inteqrasiyasında mühüm rol oynadığını və formalaşan güclü orta nəslin ölkəmizin intellektual potensialını daha da artırdığını bildirib. Bu cür görüşlərin elmi əlaqələrin möhkəmləndirilməsi, əldə olunan təcrübənin bölüşülməsi baxımından mühüm platforma olduğunu diqqətə çatdıran rektor BMU-nun son illərdəki nailiyyətləri və inkişaf istiqamətləri barədə geniş məlumat verib. Qeyd edib ki, universitetdə beynəlmiləlləşmə siyasəti ardıcıl şəkildə həyata keçirilir, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq genişləndirilir. Cənubi Koreya və Çin universitetləri ilə birgə ikili diplom proqramları uğurla icra olunur. Yaqub Piriyev universitetdə ixtisasların beynəlxalq akkreditasiyası istiqamətində görülən işlərdən, elmi tədqiqatların genişləndirilməsi üçün atılan addımlardan, o cümlədən BMU-da təhsil alan əcnəbi tələbələrin sayının və coğrafiyasının iki dəfədən çox artmasından da bəhs edib. Həmçinin akademik heyətin gücləndirilməsi məqsədilə atılan addımları vurğulayan rektor bu çərçivədə xaricdə fəaliyyət göstərən azərbaycanlı alimlərlə əməkdaşlığın, onların təcrübəsinin tədris və elmi fəaliyyət üçün xüsusi əhəmiyyətini qeyd edib.

DAAB İdarə Heyətinin sədri, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyev isə çıxışında BMU ilə xaricdə yaşayan azərbaycanlı alimlər arasında əməkdaşlığın önəmini vurğulayıb. Bildirib ki, müxtəlif ölkələrdə çalışan alimlərlə sıx əlaqələr elmi potensialın güclənməsinə mühüm töhfə verə bilər. O, bu cür görüşlərin yeni layihələrin formalaşması və bilik mübadiləsinin artırılması baxımından vacibliyini və mümkün əməkdaşlıq istiqamətlərini önə çəkib.      

Almaniya, İngiltərə, Avstriya, Fransa, Rusiya və s. ölkələrdə fəaliyyət göstərən azərbaycanlı alimlərin çıxışlarından sonra DAAB-da təmsil olunan elm adamlarının BMU-da tədris prosesinə cəlb olunması, tələbələr üçün master-klassların təşkili, birgə elmi tədqiqatların aparılması, habelə BMU-nun elmi jurnalları ilə əməkdaşlıq müzakirə edilib. Eyni zamanda informasiya texnologiyaları, iqtisadiyyat, biotexnologiya, kimya və mühəndislik sahələri üzrə xaricdə yaşayan alimlərlə əməkdaşlığın geniş müstəvidə inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib, müxtəlif təkliflər irəli sürülüb. 

Sonda gələcək əməkdaşlıqla bağlı ilkin razılaşma əldə olunub, əlaqələrin güclənidirilməsi üçün hər iki tərəfdən koordinatorlar təyin edilib.



Elm