...Və birdən, bir daha, yenidən başa düşürsən ki, Ustad Anarın bütöv yaradıcılığının Baş Qəhrəmanı Şəhər imiş... Elə bu yerdə “Bu şəhər daha mənim şəhərim deyil” misrasının qəm yükünü son zərrəsinə qədər hiss edirsən! Bütün yaradıcılığı boyu urbanistik həyatı, mühiti yazan Anar öz Şəhərini söz-söz, misra-misra, hekayə-hekayə, roman-roman yaradıbmış sən demə. Və zaman keçdikcə – bir az xəyallarında, bir az əsərlərində canlandırdığı, gerçək müşahidələrindən aldığı mövzuları yazıçı laboratoriyasından keçirib oxucusuna sevərək təqdim etdiyi Baş qəhrəman – Şəhər dəyişməyə başlayıb. Daha doğrusu, yadlaşmağa...
Dəmirdən, betondan qat-qat qutular
Küçəni, meydanı, bağı tutdular.
Qədim binaları söküb uddular,
Bu şəhər daha mənim şəhərim deyil.
Əslində Ustad, şəhərin yükünü də, zaman və məkan qarşıdurmasını da, bunların hamısını önə çəkən urbanistik sənətin meyarlarını da yaxşı bilir. 1960-cı ildən (yaradıcılığa gələndən) bu günə kimi Həmidələrin, Əsmərlərin, Mədinələrin, Təhminələrin sayəsində Şəhərin Qadın simasını, Məmməd Nəsirlərin, Səftərlərin, Feyzulla Kəbirlinskilərin nümunəsində yaşa dolmuş, təklənmiş ovqatını, Zaurların, Fuadların, Nemətlərin varlığında gənc, amma bədbin, ümidsiz halını, Qiyasların, Kərim Əsgəroğluların əməllərində ləyaqət uğrunda mübarizəsini görüb. Bu siyahını xeyli uzatmaq olar. Yazıçının hər əsərindən ən kiçik qəhrəmanını belə yada salıb Şəhər xarakterindəki əksini təhlil etmək mümkündür. Çünki ondan ötrü Şəhərini qəhrəmana çevirtdirən də elə bu adamlardı... Adamlar – deyirəm, ona görə ki, Anarın qəhrəmanları, sadəcə, bədii personaj deyillər. Onlar real insanlardır. Hər halda, Yazıçının özü üçün!
Bu detektivsayağı ovqatım qəribə gəlməsin... Ustadın doğum günü ərəfəsində bir neçə kitabını çapa hazırlayırıq. “Keçən ilin son gecəsi”ndən başlayan və “Kəbirlinskinin son etirafı”na qədər uzanan yolu – hekayə və povestləri “Qanun” nəşriyyatı yeni nəfəs, yeni ab-havada oxucuların ixtiyarına vermək niyyətindədir. Bu əsərləri bir yerə topladıqca, yeni gözlə oxuduqca şəhərin havasını sözün bütün mənalarında duydum... Həm məndən xeyli uzaq 60-cı illərin Bakısını və onun sakinlərini, həm də bu gün dəyişməkdə olan dünyada öz simasını qoruyub saxlamağa çalışan, tarixin qəliz dolanbaclarından keçən şəhərimi!
Sənətin, xüsusən də prozanın “şəhər” və “kənd” kimi təsnifatlanması yeni deyil, əlbəttə. Sovet ədəbiyyatşünaslığı bu iki istiqaməti bir-birinə qarşı da qoyurdu. Hətta hansının daha çətin, daha canlı, daha koloritli olması ilə bağlı mübahisələr də çox idi. Ustadın Şəhərini oxuyanda isə bir anlıq başa düşürsən ki, Sənət üçün şəhər təkcə məkan deyil, həm də insanın daxili aləminə təsir edən canlı bir mühitdir. Küçələrin səsi, binaların kölgəsi, insanların tələsik addımları – bütün bunlar şəhər nəsrinin əsas ab-havasını təşkil edir. Mənə görə, Anarın nəsri qəhrəmanın izdiham içindəki tənhalığını, sürətlə dəyişən həyatın onun düşüncəsinə təsirini və müasir insanın daxili ziddiyyətlərini göstərən böyük bir ŞƏHƏRi müxtəlif planlarda önə çəkir.
...Bütün hallarda zaman ciddi meyardı və elə əsas olan da sürət, dinamikadır. Kiminsə həyat ritmi bu böyük sürətlə ayaqlaşır, kimsə geriyə qalır, başqası tələsir. Yazıçı həyatın artıq qəbul olunmuş, qəlibləşmiş qaydasını inkar edir; onun şəhərində sürət bəzən insanı inkişafa aparsa da, daha çox özündən uzaqlaşdırır. Beləliklə, şəhər yalnız fiziki məkan deyil, həm də insanın psixoloji vəziyyətinin əks olunduğu meydandır.
Sovet ədəbiyyatşünaslığı kəndi saflığın, bakirə duyğuların, ibtidai sevinclərin, kollektiv həyatın simvolu kimi yozurdusa, şəhər əsasən imkanların, azadlığın və yeni başlanğıcların məkanı sayılırdı. Anar bu qəliblərin də içindəki BAŞQAlığı göstərməyə, anlatmağa nail oldu: Onun Şəhəri yadlaşmanın, mənəvi yorğunluğun və insan münasibətlərinin soyuqlaşmasının da simvoludur. Artıq söylədiyim kimi, şəhər sadəcə fon deyil – o, hadisələrin iştirakçısıdır, əsərin bəzən gizli, bəzən açıq qəhrəmanıdır.
İndi də “Qanun” nəşriyyatında çap üçün bir qovluqda topladığım əsərləri ardıcıl oxuduqca, yazıçının kinematoqrafik priyomlarını görürəm. Söhbət yalnız burada yer alan əsərlərin bir çoxunun ekranlaşdırılmasından getmir. Məsələ burasındadır ki, sanki yazıçı seçdiyi, sevdiyi şəhəri böyük bir pavilyon kimi görür və hər əsərində bir hadisənin, qəhrəmanın, sakinin üzərinə işıq salır, onun necəliyini və başına gələnləri iri planda göstərir. Həmin qəhrəmanlar çox vaxt gündəlik həyatın içində yaşayan, lakin daxili dünyasında dərin düşüncə və suallar daşıyan insanlardır. Və elə gündəlik həyatın adi görünən hadisələrindən də dərin fəlsəfi nəticələr çıxarılması bu əsərləri oxucuya sevdirib. Axı həyat yoldaşını itirmiş Həmidə xalanın bayram axşamı tək qalması (“Keçən ilin son gecəsi”), sevmədiyi şəxslə ailə quran Əsmərin bircə günlük uşaqlığına qayıtmaq arzusu (“Gürcü familiyası”), uzun illərdir ki unutduğu qadınlıq duyğularını təsadüfi zənglə yadına salan Mədinənin düşüncələri (“Mən, Sən, O və telefon”), həyatını bacarmadığı bir işə həsr etmiş qoca aktyor Kəbirlinskinin utancaq tənhalığı, sağlığında qiymətini almamış memar Fuad Salahlının qüssəli taleyi və s. – bu cür sadə, sıradan adamlar və onlara aid yaşantılar böyük, izdihamlı şəhərin içində necə olur ki, görünür, təsirləndirir, düşündürür?! Əlbəttə, cavabların hər biri gerçək sənətin gücünə, yazıçının xarakter ustalığına, seçdiyi sadə adamların vasitəsilə ümumbəşəri problemlər ətrafında düşündürmək məharətinə işarə verir... Hətta onu da demək olar ki, bu hekayə və povestlərdə küçələr, mənzillər, avtobus dayanacaqları, kafelər kimi şəhər detallarının arxasında insanın mənəvi axtarışları dayanır. Bu baxımdan, yazıçı urbanistik mühitdə yaşayan qəhrəmanının psixoloji portretini yaratmağa müvəffəq olur. Qəribədir ki, təkcə şəhər həyatının dinamikası yox, monotonluğu da, bütün bunların yaratdığı mənəvi gərginlik də qəhrəmanların psixologiyasında öz əksini tapır. Yazıçı şəhər məkanını sadəcə təsvir etmir, onu insanın taleyi ilə əlaqələndirərək bədii məna qazanmasına nail olur.
Yaza-yaza düşünürəm: axı şəhər elə adamların özüdür... Ustad Anarı düşündürən, kədərləndirən, yazmağa sövq edən adamlar! Niyə kədərləndirən? Çünki dəfələrlə öz qəhrəmanlarının taleyindən söz açanda qəhərləndiyini görmüşəm. Qələm onun əlindədir, ayrı cür yaza bilərdimi?! Məsələn, mən “Dantenin yubileyi” əsərini ilk dəfə oxuyanda dörd dövrəsi tərəfindən sıxışdırılmış Kəbirlinskinin xanımı Həcərin də onu aşağılayan sözlərindən qəzəbləmişdim. Feyzullanın özünü “peşəkar” hiss edə biləcəyi yeganə yerdə, Karamel fabriki dərnəyində davranışından gülümsəmiş, kaş ki, burdakı “aktrisa” Bəhicə onu sevəydi, xilas edəydi deyə düşünmüşdüm... Bunu Ustada deyəndə güldü və uşaqsayağı gözləntimi də anladı. Amma yenə acıdı qəhrəmanının zavallı halına... Təhminənin ölümünü, Fuad Salahlının mühit içində dışlanmağını, Zaurun cəsarətsizliyini, Kərim Əsgəroğlunun çıxılmazda ölümü qarşılamağını, yaxud elə son hekayəsi “Qatardan qalan adam”da qəhrəmanı İshaq Salmanzadənin bir anlıq səhvindən, sözün əsl mənasında, kül olub göyə sovrulmasını necə ürəkağrısı ilə qəbul etdiyini yaxşı başa düşürəm. Və bir daha təkrar edirəm ki, yaratdığı bu dünyanın müəllifi kimi başqa tale, başqa sonluq, başqa duyğular yaza bilərdimi?! Yox! Onda bu, sadəcə Hollivud estetikasında birdəfəlik, bitən kimi unudulan rəvayətlər olardı! Gerçək sənət olmazdı! Bəlkə kiminsə zövqünə görə cəlbedici də olardı, amma Anarın şəhəri görünməzdi gözümüzə! Həm də Ustadın bütün yaradıcılığı boyu əsas ideyası onu düşündürən məqamlara işıq salmaqdır. Hər oxucu öz nəticəsini çıxara bilər. Bəlkə də yazıçı üçün son dərəcə kədərli olan məqamlar oxucu tərəfindən o qədər də ağrılı qəbul edilmir, yaxud da əksinə! Xatırlayıram Anar müəllim onun haqqında yazdığım monoqrafiyanı oxuyandan sonra bir məqamla bağlı polemika yaranmışdı aramızda. Mənim Feyzulla Kəbirlinski xarakterini necə yozmağıma irad tutmuşdu Ustad: axı mən heç bir halda Feyzullanı yaxşı adam kimi göstərmirəm, siz çalışırsız ki, onda nəsə müsbət cəhət tapasız... Məsələn, sən deyirsən ki, Feyzulla istedadsızdı, eybi yox, amma ən azı pis adam deyil... Mən isə deyirəm ki, belə adam da var...Demirəm yaxşıdı, ya pisdi, deyirəm bu da var!
Bu mövzuda xeyli söhbətdən sonra Ustadımı anlamışdım və növbəti yazılarımda bu polemikadan əxz etdiklərimi də təhlilə çəkmişdim. İndilikdə isə yazıçının son illərdə qələmə aldığı hekayələrə diqqət çəkib bəzi məqamları qeyd etmək istəyirəm. Məncə bütün sualların cavabı elə mətnin özündədir. Mənə görə Feyzulla ona görə yaxşıdır ki, yalan danışa bilmir... (“buna istedadı çatmırdı”...Anar. “Dantenin yubileyi”) Yalan danışa bilmədiyi üçün mollalıq da etmir... Deyir ki, mən Allaha inanmıramsa, mollalıq edib para qazana da bilmərəm. Və yalan danışmağı bacarmadığına baxmayaraq, oğlu Eldara “yalan” danışmalı olur. Ona hər gün qarğışlar yağdıran arvadı Həcərin xatirinə Eldara əsl valideynlərinin adlı-sanlı adam olması haqda, onların avtomobil qəzasında dünyalarını dəyişməsi barəsində heç nə demir... Amma YENƏ DƏ! Feyzulla yalan danışa bilmədiyi üçün ölüm ayağında belə bu ağrı tərk eləmir onu! Ona görə də Ustad əsərin ardını yazmaq ehtiyacı duyur:
“Mən qəhrəmanlarıma canlı insanlar tək yanaşıram. Onlar sevirlər, sevilirlər, sevinirlər, kədərlənirlər, əzab çəkirlər və zamanında, bəzən də zamanından çox əvvəl, vaxtsız vəfat edirlər. Qəribə görünsə də, mən bir müəllif kimi bəzən özümü personajlarım qarşısında günahkar hiss edirəm. Bu hissi izah da edə bilmirəm. Bəlkə Təhminənin etibarına şübhəylə yanaşmaqda yanılmışam. Bəlkə Kəbirlinskiyə qarşı çox insafsız olmuşam. Bəlkə bu hekayə də elə günah hissini yumaq üçün yazılıb”.
Beləliklə, mükəmməl bədii xarakter əsl elə canlı insan kimi sona qədər özünə və yazıçının onun boyuna biçdiyi necəliyinə sədaqətini qoruyur. “Kəbirlinskinin son etirafı” hekayəsində illər keçsə də, Həcər də özünə sadiqdir:
“Bədbəxt kişi, – deyə düşündü – vaxtında zvaniyadan – zaddan bir şey versəydilər, indi daha yaxşı palatada qalardı. Ya elə daha yaxşı xəstəxanada yatardı”.
Bəli, ölüm ayağında olan Feyzullaya alma şirəsi gətirən Həcər özüdür. Amma daha təsirlisi Kəbirlinskinin ÖZÜ olmasıdır:
“Düşündü ki, Eldara bunu mütləq deməlidir. İndi də deməsə haçan deyəcək? - Eldar, bilirsənmi mən sənin atan deyiləm. Sənin atan məşhur alim İsgəndər Muradəliyevdir. Anan yazıqla avtomobil qəzasında həlak oldular. Sən körpəydin, salamat qalmışdın. Səni Həcər xalanla biz böyütdük.
Eldar gözünü qırpmadan:
- Təzə xəbər! - dedi. - Mən bunu çoxdan bilirdim.
- Bilirdin?
- Əlbəttə, amma mənim atam sənsən, anam də Həcər”.
Daha öncə dedim ki, qələm öz əlindədirsə, niyə qəmlənir yazıçı qəhrəmanının ağrısına?! Çünki ən böyük diktant zamandan gəlir. Və Anar zamanı o qədər dəqiq hiss edib ki... Bir vaxt dərdi ilə, kədəri ilə başlı-başına buraxdığı qəhrəmanını məhz indi, son anda, ölüm yatağında olsa belə himayə etmək mərhəməti göstərib. Və yenə də, həmişə olduğu kimi, əsl sənət kriteriləri daxilində! Yaxud onları aşaraq.
Və elə zamanın diktəsindən danışanda son illərdə yazılan və kitaba daxil edilmiş daha iki hekayə düşündürür adamı... “Balaca Fuadın son xahişi” və “Qatardan qalan adam”... Ustadın “qum saatı” ideyası hər iki əsərdə apaydın görünür. Zamanın davamlılığı, axıb getməsi üçün qum saatının çevrilməyi lazımdır... Amma belədə də – alt-üst olur hər şey! Sözün əsl mənasında – saat çevrilir və altdakılar üstə gəlir... Üstdə olan alta axıb gedir! “Macal”dan və “Gürcü familiyası”ndan keçən müddətdə zaman elə alt-üst olub ki, nəhəng Şövqü Şəfizadə dünyasını dəyişib, gələcəyə min bir ümidi olan və karyerası üçün hər şeyə hazır “balaca” Fuad heçliyə düşüb... Uğurlu diplomat Camal da zaman sınaqları yolunda məhv olub və onun xanımı, dünyaya sığmayan Əsmər indi rəfiqəsinə möhtac qalıb, başı üstdə damı belə yoxdur! Amma bir vaxt layihələri rəflərdə toz basan Fuad Salahlı ölümündən sonra olsa belə, həqiqi qiymətini alır. Oqtay isə vəzifə, səlahiyyət sahibidir... Oxuduqca düşünürəm axı illərin dolanbaclarından keçən, yaxud keçməyən bu qəhrəmanlarından nə istəyir yazıçı?! HƏQİQƏTİ! Həm gerçək həyatın, həm də Sənətin təsdiq edə biləcəyi həqiqəti! Dəyişən təkcə şəhər deyil, ictimai-siyasi vəziyyət deyil... Həm də zamandır! Amma insan, onun qorxuları, təlaşları, həyəcan və gözləntiləri həminkidir.
“Oqtay sözləri sanki kəlbətinlə içindən dartıb çıxarırdı:
- Bilirsən, Əsmər, - sözünü davam edə bilmədi. Necə deyəydi ki, mümkünsüz bir şey xahiş edirsən. Həyatda ilk, son və yeganə xahişinə, nə qədər istəsəm də, əməl edə bilməyəcəm.
Əsmər heç nə demədən ayağa durdu. Əsmər həmin Əsmər idi - məğrur, sözü bir himdən anlayan, heç bir vəziyyətdə yalvar-yaxarla heç kəsin qarşısında əyilməyən qadın.
Oqtay: - Dur - dedi və hardansa sanki vəhylə ağlına gələn qəfil fikirlə az qala qol qaldırıb oynayacaqdı. Çıxış yolu tapmışdı. Sevincək:
– Mənim mənzilimdə qalarsız, - dedi”.
Bəli, indi Oqtay səlahiyyət sahibi olsa belə, yenə Anar qəhrəmanıdır və buna görə də o, heç vaxt pafoslu “vuran-yıxan oğlan” xarakterinə enə bilməz... Yazıçı yenə də qəhrəmanına ÖZÜ olmaq şansı verir. Vəzifədədir, amma bu, qaydaları pozmaq anlamına gələ bilməz! Səlahiyyəti var, ancaq yenə də həyatın qəribəlikləri qarşısında acizdir və bu fors-major ona özünü tanımaq fürsəti verir.
Bəlkə elə buna görə - yazıçı müasir insanın süni (texniki) gücündən, yalançı dünya idarəçiliyindən, kapitalizmin duyğusuz qanunlarından bezib, ona etiraz əlaməti kimi “Qatardan qalan adam” hekayəsini oxucusuna təqdim etdi. Pulu, işi, gücü, enerjisi, hər cür imkanları olan İshaq Salmanzadə bu günün adamıdır... Dünyanı ovucuna (smartfonuna) sığdıran adam, çətin işləri bir düymə sıxmaqla həll edən insan nəhəng dünyada bir qum dənəsi olduğunu unudursa, sənət bunu xatırladır. Bir anda heç olan və bütün imkanlarına baxmayaraq, əli hər şeydən üzülən qəhrəman sadəcə qatardan yox, dünyadan qalır...
“Sübh tezdən polis qəfəsin cəftəsini açanda məhbusu yerə yıxılmış gördü. Nəbzini yoxladı. Tez polis həkimini çağırdı. Həkim adamın təqribən gecə yarısı keçindiyini müəyyənləşdirdi. Morqda məlum əlamətə görə meyitin müsəlman, yaxud yəhudi olduğu aydınlaşdı. Qəsəbədə müsəlman qəbiristanlığı olmadığı üçün yəhudi qəbiristanlığında basdırmağı qərarlaşdırdılar. Amma yəhudiliyini qəti təsdiq edən heç bir sənəd olmadığı üçün ravvin buna izn vermədi. Meyiti krematoridə yandırdılar və külünə yiyə duran olmadığına görə, havaya sovurdular”.
Əslində, bu ideya – İnsanın zaman qarşısında acizliyi hər əsərdə bir cür görünür... Yad şəhərdə, qərib bir otel otağında əli dərmanına çatmayıb canını tapşıran Kərim Əskəroğlunun da (“Otel otağı”) taleyi bu mənada qəmləndirir adamı. Ölüm haqdır... Amma insan üçün ən ağırı bunun tənhalıq içində baş verməsidir. Doğma səslərdən, tanış baxışlardan və isti münasibətdən uzaqda ölümün kədəri daha da dərinləşir. Ustad Anar hər iki əsərdə - həm “Otel otağı”, həm də “Qatardan qalan adam”da bu cür səhnələr ilə yalnız bir qəhrəmanın ölümünü təsvir etmir; o, həm də müasir insanın mənəvi tənhalığını göstərir. Kərim Əskəroğlunun da, İshaq Salmanzadənin də qərib yerdə ölümü oxucuya həyatda ən böyük ehtiyacın insan yaxınlığı və mənəvi bağlılıq olduğunu xatırladır. Xatırladır - deyəndə ki, elə bütün əsərlərində bu ehtiyacların insan üçün vacibliyini və yadlığın gətirdiyi bəlaları danışır.
Amma yenə yazımın əvvəlinə qayıdıb düşünürəm görəsən bütün bunlar doğrudanmı qaçılmazdır?! Şəhərin məkan olaraq dəyişilməsi, meqapolisləşməsi təbiidir... Bəs bununla insanların da yadlaşmasının, məsafələrin kiçilməkdənsə, daha da artmasının qarşısını almaq mümkündürmü?!
Elə bu qarışıq sualların beynimi məşğul etdiyi bu günlərdə Ustad yeni şeirini uzadır mənə - öz ad günümə şeir yazmışam – deyir. Qəmlənəcəyimi bilib masanın üstündəki kağızlarla başını qatır sanki... Oxuyub bir çox suallarıma cavab tapıram... Bir vaxt – “Bu şəhər mənim şəhərim deyil”, yaxud “bu şəhərdə mənə tanış olan bircə yağışdır” yazan Ustadın qəribə bir master hüznünü oxuyuram misralardan...
Bir vaxtlar doğmam idi
Ad günüm
İndi ögey olubdu
yad günüm.
Zaman qürbətinə düşməyəydim
Kaş barı
Qəbristandan betərdir qəribistan diyarı
Ancaq yuxudan gəlir
İydənin yaz qoxusu
Solubdu, saralıbdı
Yuxuların çoxusu.
İlişməyən qarmaq tək
Qoparılmış yarpaq tək
İtirilmiş torpaq tək
Yada düşürlər bəzən
Gəncliyin ümidləri
Keçmişin xoş günləri
Yada düşürlər nələr
Yandıran xatirələr
Uzaqlardan səslənir
Həzin, yorğun musiqi
Son akkorda hələ var
Axı qarşıdan gəlir
Novruz bayramı – Bahar!
09 mart 2026
Xatirələr yandırsa da, çoxlu xoş günlər keçmişdə qalsa da, ad günü ögey olsa da, təsəlli var... Təsəlli yazılanlardır! Təsəlli böyük Şəhər içində itməyənlərdir. Təsəlli odur ki, bu bəhrəli ömrün hələ çox-çox illəri qarşıdadır.
Ustadım Anarı doğum günü münasibətilə təbrik edir, ona cansağlığı, arzuladığı əsərləri qələmə almağını diləyirəm. Ad günü ərəfəsində çapa hazırladığımız və tezliklə oxuculara təqdim ediləcək kitablar hər biri yeni hədəflərdir. Yaşamaq, oxucunu sevindirmək və millətinə xidmət missiyasını davam etdirmək üçün! Yeni yaşınız mübarəkdir, Ustadım!
PƏRVİN


