Azərbaycan–Niderland tərəfdaşlığı məhz bu tarixi missiyanı yerinə yetirir
Ənənəvi tədarük zəncirlərinin geosiyasi sarsıntılarla üzləşdiyi bir dövrdə, Azərbaycan və Niderland arasındakı münasibətlər diplomatik çərçivələri aşaraq transkontinental əhəmiyyət qazanır. Bu gün Bakı və Amsterdam arasındakı dialoq, sadəcə, iki ölkənin maraqlarını deyil, həm də Avropanın enerji təhlükəsizliyi və yeni ticarət arteriyalarının axtarış strategiyasını formalaşdırır.
Niderland Krallığının ölkəmizdəki səfiri Marian de Yonqun jurnalistlərlə görüşdə səsləndirdiyi fikirlər və regiondakı artan diplomatik hərəkətlilik bir həqiqəti ortaya qoyur: Orta Dəhliz artıq gələcəyin deyil, bu günün onurğa sütunudur. Niderlandın ticarətə söykənən iqtisadi uğurları ilə Azərbaycanın regional qovşaq statusu burada bir-birini mükəmməl tamamlayan loqistik vahidlik yaradır. Səfirin də qeyd etdiyi kimi, Orta Dəhliz bir alternativ marşrut deyil, qlobal logistika zəncirlərinin qırılmaması üçün təhlükəsizlik limanıdıır. Bu böyük oyunun mərkəzində isə iki nəhəng dayanır:
Avropanın logistik qapısı Rotterdam və Xəzərin strateji ürəyi olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı. Dünyanın ən innovativ və rəqəmsallaşmış limanı olan Rotterdamın təcrübəsi Bakı üçün təkcə bir nümunə deyil, həm də “yaşıl liman” konsepsiyasına keçid üçün əvəzolunmaz resursdur. Bu tərəfdaşlıq Şərq bazarlarını Avropanın daxili bazarları ilə daha sıx bağlayaraq, multimodal daşımaların səmərəliliyini yeni səviyyəyə qaldırır.
Niderlandın Azərbaycanla əməkdaşlığa verdiyi önəm təkcə logistika ilə məhdudlaşmır. Burada su idarəçiliyi, kənd təsərrüfatı və şəhərsalma kimi strateji sektorlar ön plana çıxır. Tarixən su resurslarının idarə olunması sahəsində dünya lideri olan Niderland iqlim dəyişikliyi dövründə Azərbaycan üçün kritik tərəfdaşa çevrilib. Səfirin vurğuladığı kimi, Beynəlxalq Sosial Araşdırmalar İnstitutu nümayəndə heyətinin Bakı səfəri və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi rəsmilərinin Niderlanda planlaşdırılan səfəri bu sahədə bilik və texnologiya mübadiləsini dərinləşdirəcək. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin yarım milyard avroya çatması bu iqtisadi potensialın real nəticəsidir. Bununla yanaşı, Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna (WUF13) Haaqa meri Yan van Zanenin rəhbərliyi ilə 50 nəfərlik nəhəng nümayəndə heyətinin qatılması Niderlandın Azərbaycanın dayanıqlı inkişaf modelinə marağının təzahürüdür.
Xüsusi qeyd edilməlidir ki, Niderlandın kənd təsərrüfatı sahəsindəki qabaqcıl texnologiyaları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında mühüm rol oynaya bilər. Niderland şirkətləri Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan “Ağıllı kənd” layihələrinə, xüsusilə dayanıqlı istixana sistemləri, rəqəmsal su idarəçiliyi və yüksək məhsuldarlıqlı heyvandarlıq kompleksləri üzrə öz təcrübələrini təklif edirlər. Zəngilanın Ağalı kəndində tətbiq olunan modeldə istifadə edilən innovasiyalar Niderlandın bu sahədəki “ağıllı həllər”i ilə tam uzlaşır. Niderland səfirliyi dəfələrlə qeyd edib ki, holland şirkətləri bu ərazilərdə şəhərsalma və kənd təsərrüfatının modernləşdirilməsi prosesində fəal iştirak etməkdə maraqlıdırlar.
* * *
Siyasi müstəvidə Niderland Azərbaycanın Cənubi Qafqazda sülh və sabitlik naminə atdığı addımları, sülh təşəbbüslərini yaxından izləyir və birmənalı şəkildə dəstəkləyir. Səfirin “sülh əlaqəlilik, ticarət və rifah üçün yeni imkanlar açacaq” fikri diplomatik bir bəyanat deyil, Niderlandın bölgədəki uzunmüddətli geoiqtisadi strategiyasının özəyini təşkil edir. Niderland tərəfi yaxşı anlayır ki, Cənubi Qafqazda davamlı sülhün bərqərar olması Orta Dəhlizin tam gücü ilə və risksiz işləməsi, habelə regionun xarici investisiyalar üçün cəlbediciliyinin artması üçün zərurətdir. Bu çərçivədə Niderland hökumətinin və xarici işlər naziri Tom Berendsenin həm Bakı, həm də İrəvanla fəal dialoqda olması rəsmi Amsterdamın Avropanın bölgədə balanslı, obyektiv və konstruktiv rol oynamaq istəyindən xəbər verir. Bu balanslı yanaşma xüsusilə parlamentlərarası səviyyədə dialoqun canlandırılması cəhdlərində özünü büruzə verir ki, bu da tərəflər arasında etimad quruculuğu prosesinə birbaşa töhfədir. Marian de Yonq ölkəsinin parlamentinin bu yaxınlarda Azərbaycanın suverenliyi və Ermənistanla sülh prosesi ilə bağlı anti-Azərbaycan sənədlərini qəbul etməsininə də toxunub: “Niderland tezliklə Azərbaycanla parlamentlərarası məsləhətləşmələrin keçirilməsinə ümid edir”.
Səfirin qeyd etdiyi kimi, parlament nümayəndələrinin bir-biri ilə ünsiyyət qurması üçün platformaların yaradılması hər iki ölkənin cəmiyyətləri arasında anlaşmanı dərinləşdirə bilər. Xüsusilə Azərbaycan Prezidenti ilə Niderlandın Baş naziri arasındakı intensivləşən birbaşa təmaslar bu diplomatik dialoqun ən yüksək səviyyədə və strateji məcrada davam etdiyini göstərir.
Səfirin builki brifinqdə səsləndirdiyi ən mühüm və siyasi çəkisi olan anonslardan biri Niderlandın Baş naziri Rob Yettenin Azərbaycana gözlənilən səfəridir. Bu səfər nəinki ikitərəfli əlaqələrdə keyfiyyətcə yeni səhifə açacaq, həm də Niderlandın Azərbaycanın regional liderliyini və qlobal enerji-loqistika arxitekturasındakı yerini rəsmən təqdir etməsi mənasına gələcək.
Bu potensial səfər həm də iki ölkə arasında “yaşıl enerji” sahəsindəki yeni əməkdaşlıq horizontlarını müəyyən edəcək bir katalizator rolunu oynaya bilər. Niderlandın dənizdə külək enerjisi və “yaşıl hidrogen” istehsalı sahəsindəki qabaqcıl texnoloji təcrübəsi Azərbaycanın Xəzər dənizindəki böyük bərpaolunan enerji potensialı ilə birləşdikdə, Avropa üçün yeni bir strateji enerji dəhlizinin yaranmasına zəmin yaradır. Artıq Hollandiya İnkişaf Bankı (FMO) vasitəsilə Azərbaycanda “yaşıl” layihələrin maliyyələşdirilməsi üçün 40 milyon dollar həcmində ilk kredit sazişinin imzalanması bu istiqamətdə maliyyə sütunlarının qurulduğunu göstərir. Qeyd etmək lazımdır ki, bu, FMO tərəfindən Azərbaycan bankına ayrılan ilk “yaşıl” kreditdir. Ayrılmış kredit, ölkənin 2035-ci ilə qədər istixana qazı tullantılarının 40 faiz azaldılması istiqamətindəki səylərinə töhfə verəcək.
Şübhəsiz ki, Baş nazirin səfəri çərçivəsində rəqəmsal enerji idarəçiliyi və hidrogen ixracı üzrə yeni sənədlərin imzalanması Azərbaycanın regional “yaşıl enerji habı” statusunu daha da möhkəmləndirə bilər.
Mövzu ilə bağlı ekspert Kamran Abdullayev XQ-yə bildirdi ki, Azərbaycan və Niderland arasındakı mövcud münasibətləri “strateji praqmatizm” dövrü kimi xarakterizə etmək olar: “Hazırda Rotterdam və Bakı limanları arasındakı yaranmış sinerji, sadəcə, texnoloji təcrübə mübadiləsi və ya ticari əməliyyat deyil. Bu, Orta Dəhlizin beynəlxalq rəqabət qabiliyyətini köklü şəkildə artıran geosiyasi bir gedişdir. Rotterdamın rəqəmsallaşma, avtomatlaşdırılmış logistika və “yaşıl terminallar” sahəsindəki qlobal liderliyi Bakı Limanının strateji mövqeyi ilə birləşdikdə, marşrutun keçid sürəti və şəffaflığı yeni mərhələyə qalxacaq. Əlaqələr Azərbaycanı Avropanın əsas iqtisadi qapısına birbaşa çıxışla təmin edəcək, Niderlandı isə Xəzər regionu vasitəsilə Mərkəzi Asiyanın logistik dərinliyinə və zəngin bazarlarına bağlayacaq. Bununla da hər iki ölkə bir-birinin coğrafi üstünlüklərini iqtisadi dividendə çevirəcək”.
Ekspert, həmçinin qeyd etdi ki, Niderlandın sülh prosesinə verdiyi “yumşaq güc” dəstəyi, yəni dialoq platformalarının təşviqi və iqtisadi stimulların ön plana çıxarılması regionda risklərin azaldılmasına xidmət edir.
Beləliklə, Azərbaycan və Niderland arasındakı münasibətlər qarşılıqlı iqtisadi maraqlardan doğan təbii müttəfiqlik mərhələsinə qədəm qoyur. Orta Dəhlizin inkişafı, işğaldan azad edilmiş ərazilərdəki innovativ quruculuq işləri və sülh prosesinə verilən balanslı dəstək bu əməkdaşlığı çoxşaxəli edir. Hər iki dövlət öz coğrafi statusundan maksimum yararlanaraq Avrasiya məkanında yeni iqtisadi körpülər inşa edir ki, bu da müasir dövrün mürəkkəb geosiyasi şəraitində mühüm sabitlik və rifah amilinə çevrilir.
Pünhan ƏFƏNDİYEV
XQ



