Xaricə qaz nəqli 6,9 faiz artıb

post-img

Bu ilin I rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 12 min 704 metr qazma işləri həyata keçirilib. Hesabat dövründə şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 1 milyon 672,2 min ton neft və 1 milyard 850 milyon 121 min kubmetr qaz hasil olunub.

İlin ilk 3 ayında Azərbaycanda xam neft hasilatı 6 milyon 627 min 830 ton təşkil edib. Ölkə üzrə qaz hasilatı isə 2025-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz artaraq 12 milyard 639 milyon 631 min kubmetrə çatıb.

Yanvar–mart aylarında Dövlət Neft Şirkəti xarici bazarlara 3 milyon 519 min 855 ton neft ixrac edib. Bura şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və milli şirkətə məxsus mənfəət payları da daxildir. Bununla yanaşı, ilin ilk rübündə ölkə üzrə 6 milyard 504 milyon 227 min kubmetr təbii qaz ixrac olunub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artım deməkdir. Hesabat dövründə ölkə üzrə istehlakı isə 4 milyard 755 milyon 547 min kubmetr təşkil edib.

Cari ilin birinci rübündə Dövlət Neft Şirkəti tərəfindən 1 milyon 449 min 696 ton neft və 636 milyon 387 min kubmetr qaz emal edib. Ötən ilin eyni dövrü ilə müqayisədə neft emalında 3,7 faiz artım baş verib. Qurumun Azərbaycandakı müəssisələrində istehsal olunan 394,4 min ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.

XQ

İqtisadiyyat