“AzərGold”un gəlirləri çoxalıb

post-img

Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə əsas ixracatçı dövlət şirkətlərindən biri olan “AzərGold” QSC 2026-cı ilin birinci rübündə beynəlxalq və yerli bazarlarda 12 min 284 unsiya qızıl və 22 min 53 unsiya gümüş satıb. Qurum bununla ölkə iqtisadiyyatına 102,4 milyon manat vəsait cəlb edib.

Hesabat dövründə əldə edilən gəlirlərin 91,1 milyon manatdan çoxu ixrac əməliyyatlarının, 11,3 milyon manatdan çox hissəsi isə yerli bazarda pərakəndə satışın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac gəlirləri (72,5 milyon manat) 26 faiz, pərakəndə satış gəlirləri isə (5,6 milyon manat) 102 faiz artıb. Beləliklə, dövlət şirkəti fəaliyyət dövrü ərzində, ümumilikdə, 572,3 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satışını həyata keçirərək ölkə iqtisadiyyatına 2 milyard 40 milyon manat vəsait cəlb edib.

Ümumilikdə isə, şirkət bütün fəaliyyəti ərzində dövlət büdcəsinə 281 milyon manat vəsait ödəyib. Bunun 242 milyon manatı vergi, 39 milyon manatı isə sosial ödənişlərin payına düşüb. Yeri gəlmişkən, Azərbaycanın milli dağ-mədən şirkəti 2025-ci il üzrə dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan 100 vergi ödəyicisi arasında 20-ci yerdə qərarlaşıb.

“AzərGold” QSC əhəmiyyətli vergi ödənişləri ilə yanaşı, fəaliyyət göstərdiyi regionda məşğulluğun genişləndirilməsinə də mühüm töhfələr verib. Bu ilin birinci rübündə şirkət və onun törəmə müəssisələrində çalışan əməkdaşların sayı 1152 nəfərə çatıb. Hazırda dövlət şirkətinin fəaliyyəti nəticəsində Gəncə–Daşkəsən iqtisadi rayonunda podratçı təşkilatlar da daxil olmaqla 2595 nəfər daimi işlə təmin edilib.

Milli dağ-mədən şirkəti cari ilin birinci rübündə əldə etdiyi maliyyə göstəriciləri, ixrac və satış həcmlərində müşahidə olunan artım, dövlət büdcəsinə ödənişlər, məşğulluğun genişləndirilməsi, eləcə də yerli icmalara yönəlmiş təşəbbüslərin icrası istiqamətindəki fəaliyyəti ilə ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verməyə davam edir.

XQ

İqtisadiyyat