Qeyri-neft ixracında yüksəliş

post-img

2026-cı ilin yanvar–mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz artaraq 862 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 25,1 faiz artaraq 281 milyon ABŞ dollarına bərabər olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üzrə aprel sayında bildirilib.

Yanvar–mart aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 4,5 dəfə, pambıq iplik iki dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 68,4 faiz, pambıq lifi 43,5 faiz, meyvə-tərəvəz 22,1 faiz, alüminium və onlardan hazırlanan məmulatlar 20,4 faiz, çay 15,1 faiz, spirtli və spirtsiz içkilər isə 4,3 faiz artıb.

I rübdə aqrar məhsullar üzrə ixrac 26,6 faiz artaraq 215,6 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 27,4 faiz artaraq 88 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 26,8 faiz artaraq 303,7 milyon ABŞ dollarına bərabər olub. Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (95,3 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda meşə fındığı (68,3 milyon ABŞ dolları) ikinci, mis filizləri (60,8 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2026-cı ilin mart ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (34,6 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq lifi (25,5 milyon ABŞ dolları) ikinci, tomat (18,5 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

3 ayda Rusiya Federasiyasına 211.6 milyon ABŞ dolları, Türkiyəyə 139,9 milyon ABŞ dolları, Gürcüstana 120,7 milyon ABŞ dolları, İsveçrəyə 103,4 milyon ABŞ dolları, Ukraynaya isə 42,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Mart ayında Rusiya Federasiyasına 62,5 milyon ABŞ dolları, Türkiyəyə 56,5 milyon ABŞ dolları, Gürcüstana 43,5 milyon ABŞ dolları, İsveçrəyə 35,7 milyon ABŞ dolları, Ukrayna 13,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

XQ

İqtisadiyyat