Tanınmış jurnalist Aslan Aslanovun “Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri” adlı I kitabı işıq üzü görüb. Nəşrə müəllifin Ulu öndərin iştirak etdiyi görüşlərdən hazırladığı informasiyalar və xatirələri daxil edilib.
Ümummilli liderin siyasi fəaliyyəti, 1993–1995-ci illərdə ölkədə baş verən hadisələr də qeyd olunub. Eyni zamanda, kitabda Ulu öndərin xilaskarlıq missiyasına necə başlaması, gənc respublikanı dünya arenasına çıxarması, çoxlarına dərs olan dövlət quruculuğu və diplomatik məharəti, qısa müddətdə müasir dövlət quraraq dünyanı heyrətə salması kimi bir çox mövzuya yer verilib.
Qeyd edək ki, Aslan Aslanov ömrünün böyük hissəsini Azərbaycan mətbuatının inkişafına həsr edib. Ulu öndər Heydər Əliyevin 1993–2003-cü illərdə keçirdiyi görüşlərin, qəbulların, iclasların və digər tədbirlərin, eləcə də xarici ölkələrə səfərlərinin əksəriyyətində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı kimi iştirak edib.
Kitab “Heydər Əliyev xilaskarlıq missiyasına necə başladı?” yazısı ilə açılır. 1993-cü il iyunun 11-də o vaxt hələ Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri olan Heydər Əliyevin Bakıya gələrək Elmlər Akademiyasının Rəyasət Heyətində keçirəcəyi görüşlərdən reportaj hazırladığını xatırlayan müəllif yazır ki, Heydər Əliyev ABŞ-ın və Böyük Britaniyanın ölkəmizdəki səfirləri ilə, sonra Akademiyanın Rəyasət Heyətinin üzvləri ilə görüşləri xeyli çəkdi. “Sonra Ümummilli lider Türkiyənin Azərbaycandakı səfiri Altan Karamanoğlu ilə görüşmək üçün Türkiyə səfirliyinə yollandı. Heydər Əliyev səfirliyə gələndən sonra foyedə biz jurnalistlərlə qısa söhbət etdi. O, gözlənilmədən məndən soruşdu: “Sən hansı təşkilatdansan? Görürəm səhərdən bizimləsən”. AZƏRTAC-ın əməkdaşı olduğumu biləndə dedi: “Baxa bilərəmmi nə yazmısan?” Mən həyəcanlı halda öz bloknotumu ona verdim. Birinci informasiyanın sərlövhəsi belə idi: “Görkəmli dövlət xadimi Heydər Əliyev Amerika və Böyük Britaniya səfirləri ilə görüşüb”. Heydər Əliyev bu başlığı oxuyub təbəssümlə soruşdu: “Elə bilirsən sənin rəhbərlərin bunu buraxacaq?” Bu anda səfir foyeyə çıxdı və Heydər Əliyevi öz kabinetinə dəvət etdi”.
Doğrudan da, o günün xəbərləri AZƏRTAC-da verilmədi. Amma Heydər Əliyevin 1993-cü il iyunun 11-də Bakıda keçirdiyi ilk görüşdən çəkilmiş fotoşəkilləri jurnalist əziz bir xatirə kimi saxladığını qeyd edib.
Aslan Aslanovun sözlərinə görə, o gündən 2003-cü ilədək Prezident Heydər Əliyevin respublikada keçirdiyi görüş, qəbul və iclasların əksəriyyətini işıqlandırmağı, həmçinin xarici səfərləri zamanı agentliyin müxbiri kimi Ulu öndəri müşayiət etməyi ona tapşırırdılar: “Xoşbəxtəm ki, Heydər Əliyevin dünyanın görkəmli dövlət xadimləri ilə bəzən iki-üç saat davam edən görüşlərinin, demək olar ki, hamısında iştirak etmişəm. Bunu unutmaq olmaz. Həmin on il ərzində mən demək olar ki, çox böyük nüfuzlu bir universitet – Heydər Əliyev universitetini bitirdim”.
Bu sətirlərin müəllifi də həmin illərdə AzTV-nin Prezident qrupunun üzvü kimi dəfələrlə Ulu öndərin keçirdiyi görüşlərdən, səfərlərdən materiallar hazırlayıb. Aslan Aslanovu da elə o vaxtdan tanıyıram. Tədbirlərarası fasilələrdə söhbətlərimiz zamanı dahi şəxsiyyət haqqında bizə elə gərəkli bilgilər verirdi ki, reportajlarımızda bundan lazımınca bəhrələnirdik. Sən demə, onun müşahidələri, təəssüratları və bizimlə bölüşdüyü düşüncələri indi təqdim etdiyi kitab üçün toplanan dəyərli faktlar imiş.
“Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri” adlı I kitabın sonrakı fəsilləri “Gənc respublikanı dünya arenasına necə çıxardı?”, “Çoxlarına dərs olan dövlət quruculuğu və diplomatik məharət”, “Çox qısa müddətdə müasir dövlət quraraq dünyanı heyrətə saldı” kimi başlıqlarla verilib. Bunlar hamısı həm də o səbəbdən maraqla oxunur ki, Aslan Aslanov faktları sadəcə qələmə almaqla kifayətlənməyib, hadisələrin ilk baxışda görünməyən tərəflərinə işıq salıb, təcrübəli jurmalist kimi, öz baxış prizmasından münasibətini bildirib.
Siyasi elmlər doktoru, professor, Milli Məclisin deputatı Hikmət Babaoğlu kitaba “Canlı salnaməçidən dövlətçilik tariximizə obyektiv baxış” adlı Ön söz yazıb. O qeyd edib ki, kitabın digər orijinal cəhəti müəllifin hadisələri xronoloji ardıcıllıq və sistemli şəkildə təqdim etməsidir. “Bu yanaşma çərçivəsində böyük dövlət xadimi Heydər Əliyevin informasiyadan mühüm strateji vasitə kimi istifadə etmək bacarığı da aydın şəkildə üzə çıxır. Baş verən tarixi proseslərin bir qismi Ulu öndər Heydər Əliyevlə birbaşa dialoqlar kontekstində oxucuya təqdim edilir ki, bu da kitabı daha oxunaqlı edir... Nəticə etibarı ilə, Aslan Aslanovun “Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri” adlı kitabı Ulu öndərin siyasi və dövlətçilik irsinin öyrənilməsi üçün sanballı bir mənbə olmaqla yanaşı, Əliyevşünaslığa verilən mühüm töhfədir”.
Ulu öndərin anadan olmasının 103-cü ildönümü ərəfəsində nəşr olunan kitab onun 2-ci dəfə hakimiyyətdə olduğu dövrün ilk 3 ilinin hadisələrini əhatə edir. İnanırıq ki, Aslan Aslanovun bu kitabı da, sonrakı dövrləri əhatə edəcək digər kitabları da Ümummilli liderin dövlətçilik və diplomatiya dərslərindən bəhs edən dəyərli publisistik əsərlər kimi maraqla qarşılanacaq.
Əli NƏCƏFXANLI
XQ

