Dini harmoniya və sivilizasiyalararası dialoq nümunəsi
Şərqlə Qərbin kəsişməsində yerləşən, müxtəlif sivilizasiyaların birləşmə nöqtəsi olan Azərbaycanın tolerantlıq mühitinin mühüm göstəricilərindən biri ölkədə keçirilən beynəlxalq səviyyəli elmi konfranslar və mədəniyyətlərarası dialoq forumlarıdır. 2010-cu il aprelin son günlərində Bakıda keçirilmiş Dünya dini liderlərinin sammiti də bu istiqamətdə mühüm mərhələlərdən biri idi. Dünyanın müxtəlif ölkələrindən və fərqli dini konfessiyalardan 200-dən çox nümayəndənin iştirakı ilə baş tutan tədbir göstərdi ki, Azərbaycan qlobal dialoq platformasına çevrilməkdədir.
Sammit çərçivəsində Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevlə görüşərkən ölkəmizdə dinlərarası münasibətlərin yaxşı olduğunu və bu işdə ölkə başçımızın rolunu xüsusi vurğulayaraq demişdi: “Mən dinlərarası münasibətlərdə sizin rolunuzu xüsusi vurğulamaq istərdim, Azərbaycan dövlətində insanların əksəriyyəti İslam dininə etiqad edir. Lakin burada pravoslav və yəhudi icmaları da ənənəvi olaraq mövcuddur və Azərbaycanda heç vaxt dinlərarası münaqişələr olmamışdır. Müasir terminologiyadan istifadə etsək, bu gün tolerantlığın yüksək səviyyədə olduğunu deyərdik”.
2011-ci ildən etibarən ölkəmiz bu istiqamətdə daha sistemli və institusional mərhələyə qədəm qoyub. Dövlət başçısının Sərəncamı ilə 2016-cı il “Multikulturalizm ili”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilib. Ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq miqyasda tanınan mühüm platformalardan biridir. Forum “Bakı Prosesi”nin davamı kimi mədəniyyətlərarası əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyır və dünyanın aparıcı beynəlxalq təşkilatlarının dəstəyi ilə həyata keçirilir. 2024-cü il mayın 1-3-də keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın multikultural siyasətinin beynəlxalq rezonansını bir daha nümayiş etdirdi. Forum “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusuna həsr olundu və 100-dən çox ölkədən yüzlərlə nümayəndəni bir araya gətirdi.
Forumda iştirak edən Prezident İlham Əliyev dedi: “Əlbəttə ki, Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Biz bunu gündəlik həyatımızda nümayiş etdirmişik. Biz multikulturalizm haqqında söhbət açanda nəzərdə tuturuq ki, bu, Azərbaycan vətəndaşları üçün nə isə bir abstrakt məfhum deyil, nə isə bir şeyi öyrənmək kimi deyil, bu, məhz bizim həyat tərzimizdir və biz bundan fərəhlənirik. Biz, həmçinin fərəhlənirik ki, bu dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik və çox keşməkeşli vaxtlarda - toqquşmalar, münaqişələr, müharibələr vaxtında qoruyub saxlaya bilmişik”.
Forumda 100-dən çox ölkəni təmsil edən 700-dən artıq nüfuzlu qonağın iştirakı onun beynəlxalq miqyasını və təsir dairəsini göstərdi. Dövlət rəsmiləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gəlməsi bu platformanın intellektual və mənəvi dialoq məkanı olduğunu təsdiqlədi. Forum 3 gün ərzində qlobal problemlərin müxtəlif aspektlərini müzakirə edən geniş fikir platformasına çevrildi. 12 panel müzakirə və 4 plenar sessiyada müasir dövrün çağırışlarının artıq lokal çərçivədən çıxaraq ümumbəşəri xarakter aldığı bildirildi. Xüsusilə süni intellekt və mədəniyyət məsələlərinin eyni forumda müzakirəyə çıxarılması diqqətçəkən məqam idi.
Forumun ən mühüm məqamlarından biri iştirakçıların Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfərlərinin təşkili oldu. Bu səfərlər postmünaqişə reallıqlarının beynəlxalq ictimaiyyətə birbaşa nümayişi idi. Xüsusilə Ağdam və Şuşa şəhərlərində keçirilən xüsusi panel sessiyalar forumun coğrafiyasını simvolik məna ilə zənginləşdirdi. Qarabağın mirvarisi olan Şuşa bu baxımdan sivilizasiyaların birləşdiyi canlı simvol oldu. Ağdam isə dağıntıdan dirçəlişə keçidi, forum iştirakçılarına müharibənin nəticələrini və sülhün dəyərini real şəkildə göstərdi.
Ölkədə müxtəlif dinlərə məxsus ibadətgahlar dövlət tərəfindən qorunur, bərpa edilir və onların fəaliyyətinə şərait yaradılır, dini müxtəliflik burada milli zənginlik kimi qəbul olunur. Etiqad azadlığının hüquqi əsaslarla qorunması isə bu siyasətin institusional dayağıdır. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə yeni məscidlərin təməlinin qoyulması və tarixi dini abidələrin bərpası mədəni yaddaşın bərpası anlamına gəlir. Çünki dini məkanlar, sinaqoqlar, kilsələr və məscidlər xalqın tarixi kimliyinin daşıyıcısı, onların yenidən dirçəldilməsi, milli-mənəvi irsə verilən dəyərin təzahürüdür.
Ölkəmizin tolerantlıq siyasəti həm də beynəlxalq səviyyədə nümunəvi model kimi təqdim olunur. Mədəniyyətlərarası və dinlərarası dialoqa ev sahibliyi edən Bakı qlobal humanitar diplomatiyanın mühüm mərkəzlərindən biridir və Azərbaycanın tolerantlıq modeli sübut edir ki, dini və mədəni müxtəliflik düzgün idarə olunduqda cəmiyyətin güc mənbəyinə çevrilə bilər.
Ceyhun MƏMMƏDOV,
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü
– Müasir dünyanın mühüm çağırışlarından biri fərqliliklər içində birgəlik yaratmaqdır. Bu dünyada hər kəs tolerant və multikultural mühitə sahib ölkədə mənəvi təhlükəsizlik, mədəni zənginlik və ictimai sabitlik şəraitində yaşamaq istəyir. Çünki belə bir mühit insanın özünü ifadə etməsinə, kimliyini qorumasına və fərqliliyə hörmət etməsinə imkan yaradır.
Azərbaycan tarixən müxtəlif xalqların, dillərin və dinlərin kəsişdiyi coğrafiya olub. Bu torpaqlarda əsrlər boyu müxtəlif etnik və dini icmalar birgə yaşayıb, bir-birinin mədəniyyətinə təsir göstərib və ortaq mənəvi məkan yaradıblar. “Multikulturalizm” sözü latın mənşəli olub “çoxlu mədəniyyətlər” mənasını ifadə edir, fərqliliklərin qorunmasını, onların inkişaf etdirilməsini və harmonik şəkildə cəmiyyətə inteqrasiyasını nəzərdə tutur. Yəni multikulturalizm assimilyasiya deyil, qarşılıqlı zənginləşmə modelidir.
Sosioloqlar hesab edirlər ki, multikulturalizm cəmiyyətin sosial kapitalını artıran mühüm mexanizmdir. Çünki müxtəlif düşüncə sistemləri, fərqli dünyagörüşləri və alternativ mədəni kodlar bir araya gəldikdə yeni ideyalar ortaya çıxır. Filosoflar deyirlər ki, mədəni müxtəliflik insanlığın intellektual nəfəsidir. Necə ki, təbiətdə biomüxtəliflik ekosistemin yaşaması üçün vacibdirsə, cəmiyyətdə də mədəni müxtəliflik sosial həyatın davamlılığı üçün zəruridir. Bu sistemin əsas dayağı isə tolerantlıqdır. Tolerantlıq anlayışı latınca “tolerare” sözündən yaranaraq dözmək, səbir və qəbul etmək mənalarını verir. Ədəbiyyatda da tolerantlıq ideyası mühüm yer tutur. Nizami Gəncəvi qeyd edirdi ki, insanı millətinə görə deyil, əxlaqına görə dəyərləndirmək lazımdır. Məhəmməd Füzuli isə sevginin və mərhəmətin insan münasibətlərinin əsası olduğunu vurğulayırdı.
Ləman TƏHMƏZ
XQ

