1 May Beynəlxalq Əmək Günüdür
Bu günün tarixi Haymarket hadisəsi ilə bağlıdır. 1886-cı ildə ABŞ-ın Çikaqo şəhərində fəhlələr 8 saatlıq iş günü tələbi ilə kütləvi etirazlara başladılar. Etirazlar zamanı baş verən qarşıdurmalar nəticəsində bir neçə insan həyatını itirdi və bu hadisə işçi hərəkatına çevrildi. Sonradan, 1889-cu ildə İkinci İnternasional tərəfindən 1 mayın beynəlxalq əmək günü kimi qeyd olunması qərara alındı.
“Sosialist bacı” adı ilə tanınan kommunist Roza Lüksemburq tarixi məqaləsində yazırdı: “1 May əsasən, 8 saatlıq iş günü çağırışları ilə başlasa da, bu məqsədə nail olduqdan sonra da bu proses bitmədi. Nə qədər ki işçilərin burjuaziya və hakim sinfə qarşı mübarizəsi davam edir, nə qədər ki bütün tələblər yerinə yetirilməyib, 1 May bayramı da hər il bu tələblərin ifadəsi olacaq. Xoş günlərə çıxanda və dünyanın dörd bir yanında işçi sinfi azadlığa qovuşanda belə, çox güman ki, mübarizə yolu və çəkilən əzabları anaraq insanlıq 1 Mayı bayram kimi keçirəcək”.
XIX əsrdə fəhlələrin 8 saatlıq iş günü uğrunda mübarizəsi ilə başlayan proses bu gün daha mürəkkəb və çoxşaxəli sosial-iqtisadi çağırışlarla müşayiət olunur. Əmək münasibətlərinin institusional əsaslarının formalaşmasında İkinci İnternasional tərəfindən 1 Mayın beynəlxalq səviyyədə qeyd olunması qərarı mühüm rol oynadı. Bu qərar işçi hərəkatını beynəlxalq səviyyəyə çıxardı və əmək hüquqlarının qlobal gündəliyə daxil edilməsinə təkan verdi. Lakin keçən onilliklər ərzində əmək bazarının strukturu köklü şəkildə dəyişib.
Sovet dönəmində 1 May dövlət ideologiyasının ən mühüm bayramlarından biri idi və geniş miqyasda təşkilatlanmış şəkildə qeyd olunurdu. İri şəhərlərin mərkəzi meydanlarında minlərlə insan – fəhlələr, kolxozçular, tələbələr, ziyalılar təşkil olunmuş kolonlar şəklində yürüş edirdi. Bayram həm də bir növ “hesabat xarakteri” daşıyırdı. Müəssisə və zavodlar öz nailiyyətlərini nümayiş etdirir, planların yerinə yetirilməsi və sosialist yarışlarının nəticələri vurğulanırdı. Əməyin ali dəyər kimi təqdim olunduğu sistemdə 1 May həm simvolik, həm də praktik baxımdan siyasi məzmun daşıyırdı. Bu gün vasitəsilə hakimiyyət işçi sinfinin rolunu qabardır, cəmiyyətin bütün təbəqələrini vahid ideoloji platforma ətrafında səfərbər etməyə çalışırdı. Bayramın kökləri beynəlxalq fəhlə hərəkatına dayansa da, Sovet İttifaqı şəraitində 1 May xüsusi ideoloji çalar qazanmışdı.
Ayrı-ayrı dövrlərdə 1 May bayramı Dünya Fəhlələrinin Həmrəylik Günü, Dünya Zəhmətkeşlərinin Həmrəylik Günü, Əmək Günü, Beynəlmiləlçilik Günü, Əmək və Bahar Günü kimi fərqli adlar daşıyıb. Bu gün də 1 may bir çox ölkələrdə həm əmək hüquqlarının müdafiəsi, həm də sosial ədalət uğrunda çağırışların rəmzidir. Hazırda dünyanın 100-dən artıq ölkəsində ictimai bayram, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü kimi qeyd olunur. Xüsusən də Çin, Şimali Koreya, Vyetnam, Kuba, Venesuela, Boliviya, Asiya və Latın Amerikasında bu bayram kütləvi şəkildə keçirilir. 1 may Türkiyə Respublikasının tarixinə işçi və fəhlə günü kimi düşmüşdür.
Bu günlə bağlı bəzi ölkələrdə fərqli adətlər var. Məsələn, 1 mayda Fransada qızlara zanbaq gülü hədiyyə edilir. İtaliyada isə gül festivalı keçirilir. Almaniyada bayram münasibətilə yarmarkalar açılır. Həmin yarmarkalarda sakinləri rəqs və digər əyləncələrlə qarşılayırlar. İsveçdə isə mayın 1-də isveçlilər evdən çıxardıqları tullantıları yandırırlar. Rusiyada 1 may Əmək və bahar bayramı, Finlandiyada tələbələrin bahar karnavalı kimi qeyd edilir. 1996-cı ildən Qazaxıstanda 1 may tarixi xalqın birlik bayramı elan olunub. İngiltərədə həmin gün milli paltar geyinən sakinlər rəngli lentlər bağlanmış dirəklərin ətrafında rəqs edərək dünyaya sülh və əmin-amanlıq arzulayırlar.
Müasir dövrdə əmək münasibətləri yalnız sənaye sektorunda çalışan fəhlələrlə məhdudlaşmır. Rəqəmsallaşma, avtomatlaşma və platforma iqtisadiyyatının genişlənməsi yeni əmək formaları yaradıb. Uzaqdan iş imkanları və qeyri-formal məşğulluğun artması işçi hüquqlarının qorunması baxımından yeni risklər doğurur. Ənənəvi əmək müqavilələrinin zəifləməsi sosial təminat sistemlərinin yenidən nəzərdən keçirilməsini zəruri edir.
Ölkəmizdə əmək hüquqları, məşğulluq siyasəti və sosial müdafiə məsələləri dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi diqqətdə saxlanılır. Həyata keçirilən aktiv məşğulluq proqramları, peşə hazırlığı kursları və özünüməşğulluq layihələri əmək bazarının daha çevik və inklüziv olmasına xidmət edir. Regionlarda kiçik bizneslərin qurulması, kənd təsərrüfatı sahəsində məşğulluğun artırılması və rəqəmsal bacarıqların inkişafına yönəlmiş təşəbbüslər bu sahədə diqqətçəkən istiqamətlərdəndir. Qeyri-formal məşğulluğun azaldılması, əmək müqavilələrinin sayının artırılması və iş yerlərində təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlər də böyük əhəmiyyət kəsb edir.
Əmək hüququ sosial dövlət modelinin əsas sütunlarından biri kimi çıxış edir və əmək münasibətlərinin hüquqi çərçivədə tənzimlənməsi iqtisadi sabitliklə yanaşı, sosial ədalətin təminində mühüm rol oynayır. Bu sahənin əsas hüquqi bazasını Azərbaycan Respublikasının Əmək Məcəlləsi təşkil edir. Məcəllə işçi və işəgötürən arasında münasibətləri sistemli şəkildə tənzimləyərək tərəflərin hüquq və vəzifələrini aydın şəkildə müəyyən edir.
Əmək münasibətlərinin əsas prinsipləri sırasında könüllülük, bərabərlik, ayrı-seçkiliyin yolverilməzliyi və əmək hüquqlarının dövlət tərəfindən qorunması xüsusi yer tutur. Bu prinsiplər beynəlxalq standartlarla da uzlaşır və ölkənin qoşulduğu Beynəlxalq Əmək Təşkilatı (BƏT) konvensiyalarında əksini tapır.
Ümumilikdə, ölkəmiz BƏT-in 60-dək Konvensiyasını ratifikasiya edib. Bu sənədlər əsas işçi hüquqları ilə bağlıdır, habelə əməyin mühafizəsi ilə əlaqədar yanaşmaları əks etdirir. BƏT-lə əməkdaşlıqda Layiqli Əmək üzrə iki Ölkə Proqramı uğurla icra olunub, 2025-ci ildə isə “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” imzalanıb.
Qeyd edilənlərlə yanaşı, mütərəqqi beynəlxalq yanaşmalar əsasında əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində son illər əhəmiyyətli irəliləyişlərə nail olunub. Əmək və məşğuluq sahəsində rəqəmsallaşma, əmək bazarının transformasiyası fonunda elektron əmək müqavilələrinin tətbiqi geniş vüsət alıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən son illər yaradılan “Əmək və məşğulluq” altsistemi bu sahədə mühüm rola malikdir. “Əmək və məşğulluq“ altsistemi (ƏMAS) əmək münasibətlərinin tənzimlənməsi və məşğulluğun təmin edilməsi proseslərində işəgötürənlər və işçilərin, işsiz və işaxtaranların vahid elektron platformada cəmləşməsinə, insan resursları ilə işin təşkilinə və bu sahədə şəffaflığın təmin edilməsinə zəmin yaradan elektron platformadır. Bu elektron sistem əmək münasibətlərinin şəffaflaşmasına və bu sahəyə nəzarətin çevik və səmərəli təşkilinə imkan verib. ƏMAS vasitəsilə əmək müqavilələrinin e-qeydiyyatı prosesi şəffaflaşdırılıb və əmək müqavilələrinin artıq 97 faizi elektron qaydada bağlanıb.
Əmək münasibətlərinin effektiv tənzimlənməsində dövlət nəzarət mexanizmləri də xüsusi əhəmiyyət daşıyır. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məqsədyönlü işlər aparır. Eyni zamanda, iş yerlərində əmək şəraitinin təhlükəsizliyi və sağlamlığı ilə bağlı tədbirlər həyata keçirilir.
Sosial tərəfdaşlıq institutu da əmək münasibətlərinin balanslı inkişafında mühüm rol oynayır. İşəgötürənlər, işçilər və dövlət arasında sosial dialoq platforması olan üçtərəfli əməkdaşlıq mexanizmi fəaliyyət göstərir.
Mustafa KAMAL
XQ

