Lakin bir çox inşaatçının adı hələ də rəsmi qeydiyyatdan gizlədilir
Tikinti hər bir ölkədə olduğu kimi, respublikamızda da iqtisadi artıma mühüm təsir göstərən aparıcı sahələrindən biridir. Azərbaycanda həm dövlətin infrastruktur proqramlarında, həm də özəl investisiya layihələrində mühüm rol oynayan bu sektorda inşaat obyektlərinin geniş miqyas alması inkişaf dinamikasından xəbər verməklə bərabər, həm də əmək münasibətlərinin bir sıra hallarda tam hüquqi əsaslarla tənzimlənməməsi ilə diqqət çəkir.
Qeyri-rəsmi iş 10-12 saat davam edir
Prezident İlham Əliyev çıxışlarının birində tikinti sektorunda qeyri-rəsmi məşğulluq və bəzi hallarda isə müəssisə rəhbərinin fəhləni daha çox pula qənaət məqsədilə vaxtından çox – 8 saat əvəzinə 10-12 saat işlətməsi kimi ciddi narahatlıq doğuran bir məsələyə toxunaraq işçilərə müraciət edərək deyib: “Siz əmək müqaviləsi olmadan işləməyin. Mən bilirəm ki, bəzi hallarda sizi məcbur edirlər. Amma bilin ki, əgər əmək müqaviləsi olmasa, sabah pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Ona görə sahibkarlar vergisini ödəməli, bütün qanuni tələblərə riayət etməli və məsuliyyətli olmalıdırlar. İmkanlı sahibkarlar, əlbəttə ki, öz sosial məsuliyyətini də dərk etməlidirlər. Eyni zamanda, əsassız olaraq işçiləri ixtisar etməməlidirlər. Çünki ixtisar edilən hər bir iş yeri bir ailəni çörəksiz qoyur. Buna getmək olmaz”.
Məsələyə münasibət bildirən Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, əsasən qeyri-formal əmək bazarında işçilər normadan artıq işlədilir. Sözügedən problemi doğuran bir sıra səbəblər var. Məsələ ondadır ki, Azərbaycanda qeyri-formal əmək bazarının həcmi həddən artıq yüksəkdir. Düzdür, bir çox sahədə işçilərlə əmək müqaviləsi bağlanılır. Ancaq buna baxmayaraq, qanunsuz olaraq işçilər normadan çox işlədilir. Əslində, əmək qanunvericiliyində iş yerlərində vaxtından çox işlədilən hallar dəqiq şəkildə diqqətə çatdırılaraq ödənişin həyata keçirilməsi yolları aşkar göstərilir.
Müsahibimiz bildirdi ki, bu hal kütləvi şəkildə nəzərə çarpmır. Bir çox tikinti obyektində belə vəziyyət rəsmiləşdirilərək işçiyə ikiqat ödəniş edilir. Bu sahədə ən böyük problem özəl sektorda müşahidə olunur. Orada işçilər iş vaxtından artıq fəaliyyətə cəlb edilməklə kifayətlənilmir, həm də əməyin mühafizəsinə laqeyd münasibət bəslənilir. Dövlət investisiya layihələri həyata keçiriləndə də bəzən bu tələblər pozulur. Yollar, körpülər və digər obyektlərin tikintisi zamanı fəhlələr qızmar günəş altında saatlarla işlədilir. Bu, birincisi, əmək hüquqlarının, ikincisi, əməyin mühafizəsi qaydalarının kobud şəkildə pozulması deməkdir. Bütün bunlar daha çox sağlamlığa zərər vurur...
Yeri gəlmişkən, Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin bir neçə gün əvvəl yaydığı məlumata görə, tikinti obyektlərində aparılan yoxlamalar nəticəsində son 9 ildə 1677 nəfərin əmək müqaviləsi olmadan işlədildiyi müəyyənləşdirilib. Bu rəqəm, eyni zamanda, 2,5 milyon manatdan artıq cərimənin tətbiqi ilə nəticələnib. Belə bir konkret pozuntu faktı isə adıçəkilən mərkəz tərəfindən əmək bazarında mövcud “kölgədə məşğulluq” probleminin tikinti sektorunda hələ də tam aradan qalxmadığını göstərən ciddi siqnal kimi diqqətə çatdırılıb.
Onu da deyək ki, vurğulanan rəqəmlər dövlətin son illər həyata keçirdiyi nəzarət və monitorinq siyasətinin bu problemin azalmasına təsir etdiyini göstərir. Ekspertlərin qiymətləndirmələrinə əsasən, tikinti sektorunda qeyri-rəsmi məşğulluq səviyyəsinin son dövrdə 4 dəfədən çox azalması dövlətin həm inzibati nəzarət, həm də maarifləndirmə siyasətinin səmərəliliyini nümayiş etdirir.
“Çörək pulu” bəlası
Tikinti sektorunda bəzən işçilərin bir çoxu əmək müqaviləsi olmadan işləməyə razı olur. Bunun əsas səbəbi gündəlik qazanc ehtiyacıdır. “Əlində pul olsun” prinsipi ilə çalışan fəhlə ilk baxışdan “çörək pulu” əldə etdiyini düşünür. Əslində isə bu, gələcək üçün ən böyük sosial riskdir. Çünki əmək müqaviləsi imzalamayan işçi pensiya kapitalı toplaya bilmir, iş yerində xəsarət alarsa, hüquqi müdafiədən məhrum olur, əmək qabiliyyətini itirərsə, sosial təminatın əldə edilməsi müşkülə çevrilir.
Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin apardığı yoxlamalar, səyyar monitorinqlər və maarifləndirmə tədbirləri göstərir ki, dövlət bu sahədə sistemli yanaşma tətbiq etməyə başlayıb. Ekspert Qulu İsgəndərovun sözlərinə görə, hazırda qeyri-rəsmi məşğulluğun 4 dəfədən çox azalması məhz bu tədbirlərin bariz ifadəsidir. Eyni zamanda, tətbiq olunan 2,5 milyon manatdan artıq cərimə və çox sayda əmək müqaviləsinin rəsmiləşdirilməsi dövlətin həm inzibati, həm də maliyyə mexanizmlərindən səmərəli istifadə etdiyini göstərir.
Bu prosesin iqtisadi baxımdan əsas nəticələri isə əmək bazarında şəffaflığın artmasını, dövlət büdcəsinə vergi daxilolmalarının genişlənməsini, sosial sığorta fondunun güclənməsini, qeyri-qanuni fəaliyyət göstərən şirkətlərin rəqabət üstünlüyünün zəifləməsini deməyə əsas verir. Deməli, əmək müqaviləsi təkcə formal sənəd deyil, bu, eyni zamanda, işçinin hüquqi statusunu təsdiqləyən əsas göstəricidir. Bu, Azərbaycan Respublikasının Əmək Məcəlləsində də xüsusi diqqət çəkir. Sənəddə aydın vurğulanır ki, əmək müqaviləsi işçi ilə işəgötürən arasında əmək münasibətlərinin hüquqi əsasını təşkil edir. Müqavilə olmadan işləyən şəxsin hüquqları faktiki olaraq gerçəkləşmir.
Əmək müqaviləsi ilə çalışan işçi isə qanunvericiliklə minimum əməkhaqqından aşağı olmayan əməkhaqqı almaq, əlavə iş saatlarına görə əlavə ödəniş əldə etmək, gecə vaxtı işlədikdə xüsusi əlavələr qazanmaq, təhlükəsiz əmək şəraitində çalışmaq, sosial sığorta sistemindən yararlanmaq və pensiya və məzuniyyət hüquqlarından bəhrələnmək kimi üstünlüklərə sahib olur. Sadalanan bu hüquqlar təkcə sosial təminat deyil, həm də insanın həyatının sabitliyini formalaşdıran amillərdir.
Tikinti sektorunda uzun illər fəaliyyət göstərən Oqtay Nəbiyev inşaatda təhlükəsizlik məsələsinə toxunaraq müqaviləsiz işləməyi ikiqat risk adlandırır və əlavə edir ki, bu fəaliyyət dünyanın hər yerində ən təhlükəli əmək sahələrindən biridir. Burada yüksək mərtəbələrdə çalışmaq, ağır texnika ilə işləmək, elektrik və qaynaq əməliyyatlarını həyata keçirmək, təhlükəli materiallarla təmas qurmaq kimi risklər mövcuddur. Əmək müqaviləsi olmayan işçi bu risklərin qarşısında, demək olar ki, “təhlükəsizlik şəbəkəsindən” kənarda qalır.
O.Nəbiyev deyir ki, əgər işçi işəgötürülənlə əmək müqaviləsi bağlamırsa, bədbəxt hadisə nəticəsində xəsarət alırsa, onun müalicə xərclərinin, kompensasiyanın və gələcək sosial təminatının ödənilməsi məsələsi sual altında qalır. Bu səbəbdən qeyri-rəsmi məşğulluq tikinti sektorunda hər zaman sadəcə iqtisadi yox, həm də humanitar və sosial təhlükəsizlik problemi kimi vurğulanır.
Aşkarlıqdan qaçmaq olmaz
Ekspertlər bildirirlər ki, qeyri-rəsmi məşğulluq problemi inkişaf etmiş ölkələrdə də mövcuddur, lakin həmin dövlətlərdə bu sahə ilə bağlı sistemli mexanizmlərdən geniş istifadə edilir. Məsələn, Almaniyanın tikinti sektorunda “kölgədə məşğulluq” probleminə qarşı ən sərt tədbirlərə üstünlük verilir. Burada subpodratçı qeyri-qanuni işçi çalışdırırsa, onun özü ilə bərabər, baş podratçı da məsuliyyətə cəlb olunur. Bu cür zəncirvari məsuliyyət prinsipi bazarda ciddi intizamla nəticələnir. Bununla da böyük şirkətlər tərəfindən subpodratçı seçilərkən onların əmək münasibətləri əvvəlcədən diqqətlə yoxlanılır.
Böyük Britaniyada tikinti sektoru üçün ayrıca vergi qeydiyyat mexanizmi tətbiq olunur. Subpodratçıların ödənişləri, işçi statusu və vergi öhdəlikləri elektron platforma üzərindən izlənilir. Bu sistemin tətbiqi ilə “kölgədə məşğulluq” probleminin qarşısı ciddi şəkildə alınır. Estoniya isə tikinti sektorunun rəqəmsal idarəedilməsi sahəsində lider sayılır. Bu ölkədə əmək müqavilələri elektron sistemdə qeydiyyata alınır və işçi əmək fəaliyyətinə başlamazdan əvvəl həmin məlumatlar dövlət sistemində diqqətə çatdırılır. Bu, qeyri-rəsmi məşğulluğun texniki baxımdan mümkünsüzlüyü kimi dəyərləndirilir.
Ekspertlərin fikrincə, əldə edilən müsbət nəticələrə baxmayaraq, xüsusilə kiçik podratçı seqmentində qeyri-rəsmi məşğulluq halları hələ də qalır. Bu isə göstərir ki, inzibati tədbirlər davamlı xarakter almalıdır. Bu istiqamətdə, ilk növbədə, subpodrat sisteminə nəzarət sərtləşdirilməlidir. Başqa sözlə, əgər subpodratçı əmək müqaviləsi bağlamırsa, məsuliyyətin bir hissəsi baş podratçıya da aid edilməlidir.
Respublikanın tikinti obyektlərində elektron işçi qeydiyyat sisteminin qurulmasına da zəruri ehtiyac duyulur. Bu, o deməkdir ki, inşaat obyektinə daxil olan hər bir işçi elektron sistemdə qeydiyyatdan keçməli və onun əmək müqaviləsi real vaxt rejimində yoxlanılmalıdır. Bu mexanizm gələcəkdə rəqəmsal nəzarətin ən təsirli forması ola bilər.
Əlbəttə, burada stimullaşdırıcı mexanizmlərdən danışarkən, təkcə cərimə ilə kifayətlənməklə vəziyyət düzəlmir. Yəni qanunu pozanlara cərimə tətbiq etmək səmərəliliyə nail olmaq anlamına gəlmir. Ona görə də bu proses paralel şəkildə stimullaşdırıcı mexanizmlərlə gücləndirilməlidir. Başqa sözlə, rəsmi işçi sayı yüksək olan şirkətlərə dövlət tenderlərində üstünlük, vergi güzəştləri, sosial məsuliyyət reytinqi kimi yanaşmalar diqqətdə saxlanılmalıdır. Bütün bunlarla yanaşı, qeyri-rəsmi məşğulluğun qarşısını almaq məqsədilə hər bir işçi əmək müqaviləsinin onların gələcəyinə təsirini dərk etməlidir. Çünki əmək müqaviləsi işçi üçün sadəcə kağız parçası deyil, həm də gələcək pensiya, sığorta, məzuniyyət və hüquqi müdafiə deməkdir.
Asif İBRAHİMOV,
beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis
Tikinti sektorunda qeyri-rəsmi məşğulluq uzun illər formalaşmış struktur problemlərdən qaynaqlanıb. Bu çətinliklər bir neçə əsas istiqamətdə cəmləşib. Əvvəla belə vəziyyəti daha çox layihə əsaslı iş modeli və müvəqqəti əmək bazarı şərtləndirib. Başqa sözlə, tikinti sektorunun digər sahələrdən fərqi ondadır ki, burada iş yerləri daimi deyil, çox zaman konkret layihə ilə məhdudlaşır. Layihə başa çatdıqdan sonra isə işçi heyətinin böyük hissəsi yeni obyektlərə yönəldilir və ya qeyri-sabit məşğulluq vəziyyətinə düşür.
Bu qeyri-sabitlik isə bəzi işəgötürənlər üçün əmək müqaviləsi bağlamağı “əlavə məsuliyyət” kimi göstərir. Halbuki qanunvericilik əmək müqaviləsini layihə müddətinə də bağlamağa imkan verir. Problem hüquqi imkanın olmamasında deyil, məsuliyyətdən yayınma meyillərindədir. Digər bir məsələ isə inşaat prosesində, necə deyərlər, məsuliyyətin parçalanması ilə bağlıdır. Belə ki, tikinti obyektlərinin əksəriyyətində baş podratçı ilə yanaşı, çoxsaylı subpodratçılar da fəaliyyət göstərir. Bu zəncirin uzanması nəticəsində məsuliyyət parçalanır, nəzarət çətinləşir və bəzi subpodratçı qeyri-rəsmi işçi qüvvəsi hesabına xərclərini azaltmağa çalışırlar.
Ən riskli məqam isə odur ki, baş podratçı çox zaman işçilərlə birbaşa əlaqədə olmaması səbəbindən əmək münasibətlərinin qanuniliyinə dair nəzarət mexanizmləri yetərincə işləmir və qeyri-rəsmi məşğulluq halları artır. Bundan başqa, tikinti sektorunda qeyri-rəsmi məşğulluğun mövcudluğuna sosial sığorta və vergi ödənişlərindən yayınma meyilləri də mənfi təsir göstərir. Başqa sözlə, işəgötürən bəzən əmək müqaviləsi bağlamamaqla sosial sığorta haqqı ödəməkdən, icbari tibbi sığorta ayırmalarından, vergi öhdəliklərindən yayınmağa çalışır. Bu isə əmək bazarında qeyri-bərabər rəqabət mühiti yaradır.
Mövcud vəziyyət göstərir ki, problem tam aradan qalxmayıb, xüsusilə kiçik podratçı seqmentində qeyri-rəsmi məşğulluq halları hələ də qalmaqdadır. Bu baxımdan, subpodrat münasibətlərinə nəzarətin gücləndirilməsi, rəqəmsal qeydiyyat sistemlərinin geniş tətbiqi və stimullaşdırıcı mexanizmlərin artırılması növbəti mərhələdə əsas prioritetlər olmalıdır. Düşünürəm ki, əldə olunan irəliləyişlər müsbət qiymətləndirilməli, lakin davamlı və sistemli islahatlarla bu sahədə tam şəffaflığın təmin olunmasına nail olunmalıdır.
Vaqif BAYRAMOV
XQ


