“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin növbəti layihəsi

post-img

“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin növbəti layihəsi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il kiçik qrant müsabiqəsinin qalibi elan olunub. 2021-ci ildə fəaliyyətə başladığı gündən aşıq sənətinin təbliği istiqamətində mühüm işlər görən ictimai birliyin budəfəki layihəsi “Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” adlanır. 

İctimai birliyin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu XQ-yə bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd aşıq sənətinin inkişafında tarixən mühüm rol oynamış Borçalı aşıq mühitini daha geniş müstəvidə təqdim etmək, bu mühitin aşıqlarına, onların ifalarındakı özünəməxsusluqlara diqqəti cəlb etməkdir. Bu bölgənin aşıqlarının özünəməxsus musiqi və dastan repertuarı mövcuddur. Borçalı aşıq mühitinin özəlliklərinə diqqəti yönəltmək üçün layihə çərçivəsində bu bölgənin aşıqlarının repertuarında zaman-zaman mühüm yer tutmuş aşıq havalarının təqdim olunacağı konsertin təşkil olunması nəzərdə tutulur.

M.Nəbioğlu onu da əlavə edib ki, ictimai birliyin “Ozan dünyası” adlı elmi-publisistik jurnalı  işıq üzü görür, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 2023-cü ildə “Sazbəndlik sənəti və sazbəndlər”, 2025-ci ildə isə “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı layihələr uğurla həyata keçirilib. 

Mədəniyyət