Françayzinq modeli – səmərəli biznes aləti, yeni düşüncə tərzi

post-img

Dünən Bakıda Avrasiya Françayzinq Forumu keçirilib. Toplantıda regionun müxtəlif ölkələrindən olan dövlət rəsmiləri, sahibkarlar, investorlar və françayzinq sahəsinin nümayəndələri iştirak ediblər.

Açılış mərasimində Azərbaycan Françayzinq Assosiasiyası İdarə Heyətinin sədri Camid Mövsümov ölkəmizdə françayzinq üçün güzəştli kredit modelinin tətbiqinin planlaşdırıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu, İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznes İnkişaf Fondu ilə əldə olunmuş razılaşmaya əsasən, 2026-cı ildən françayzinqin təşviqi üçün tətbiq ediləcək və ölkəmizdə françayzinq fəaliyyətinin genişlənməsinə, sahibkarlığın inkişafına və yeni layihələrin reallaşmasına böyük töhfə verəcək.

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov bildirib ki, françayzinq modeli KOB subyektləri üçün təkcə biznes aləti deyil, həm də yeni düşüncə tərzidir. Onun sözlərinə görə, françayzinq sahibkarları daha sistemli, planlı və beynəlxalq təcrübəyə əsaslanan fəaliyyətə sövq edir: “Bu mexanizmin daha geniş tətbiqi ölkəmizdə həm yeni iş yerlərinin açılmasına, həm də yerli brendlərin beynəlxalq arenaya çıxmasına şərait yaradacaq. KOBİA olaraq biz françayzinqin inkişafını prioritet istiqamətlərdən biri kimi görürük”.

Qazaxıstan ticarət nazirinin müavini Aycan Bicanova isə qeyd edib ki, bu ilin 8 ayında iki ölkə arasındakı qarşılıqlı ticarət, təxminən, 350 milyon ABŞ dolları təşkil edib: “Dövlət başçıları qarşılıqlı ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq üzrə ambisiyalı vəzifə qoyublar. Hesab edirəm ki, bu vəzifələr bizim üçün əlçatandır. Françayzinq tərəfdaşlıqlarının tərkibində birgə türkdilli dövlətlərin vahid brendi altında inkişaf üçün böyük potensial mövcuddur”. Sabit ticarət və logistika əlaqələrinin təmin olunmasının vacibliyini vurğulayan nazir müavini bu baxımdan Orta Dəhlizin əhəmiyyətini diqqətə çatdırıb.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev bildirib ki, Azərbaycanda yerli brendlərin françayzinq layihələrinin icrasına başlanacaq. Onun sözlərinə görə, AZPROMO milli məhsul və xidmətlərin ixracının təşviqində fəal iştirak edir, brendlərin beynəlxalq bazarlara çıxışına xüsusi diqqət ayırır. Qurum rəhbəri “Azərbaycan Françayzinq Assosiasiyası” və digər aidiyyəti qurumlarla bu istiqamətdə sıx əməkdaşlıq həyata keçirildiyini diqqətə çatdırıb.

Türk Dünyası Həmrəylik və Yardımlaşma Dərnəyinin sədri Halit Kanak isə bildirib ki, Türk Dövlətləri Təşkilatı yaradıldıqdan sonra üzv ölkələr arasında ticarət artmağa başlayıb və 2024-cü ildə 53 milyard dollar səviyyəsinə çatıb. Bunu qənaətbəxş hesab etməyən türkiyəli qonaq deyib: “Biz müstəqil türk dövlətləri olaraq düşünürük ki, 180 milyonluq əhalimizlə yanaşı, Rusiya, Çin, Əfqanıstan, Pakistan, İran, Balkan ölkələri, Orta Şərq, Şərqi Avropa, Şimali Afrika, Cənubi və Cənub-Şərqi Asiya kimi regionlarda yaşayan soydaşlarımızla birlikdə 350 milyon əhalinin daxil olacağı daxili ticarətimiz ən azı 400 milyard dollar olmalıdır. Biz bu hədəflərə çatmaq üçün imkanın mövcud olduğunu hesab edirik”.

Forumda Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə, Qazaxıstan ticarət nazirinin müavini Aycan Bicanova, “Gaztrade” şirkətinin icraçı direktoru Aynur Amirbekova və digərləri çıxış ediblər.

Rəsmi açılışdan sonra “AzInTelecom” şirkətinin rəqəmsal marketinq bölməsinin rəhbəri Nərgiz Abdulhüseynova “Biznes prosesini SİMA ilə rəqəmsallaşdır” mövzusunda təqdimatla çıxış edib.

Forum çərçivəsində “Françayzinqin qlobal trendləri və Avrasiyada yeni imkanlar”, “Pərakəndə ticarət və qida sənayesində françayzinq”, “Rəqəmsallaşma və texnologiyanın françayzinqə təsiri” mövzularında üç panel müzakirəsi də keçirilib. Panellərdə françayzinq sektorunun inkişaf perspektivləri, rəqəmsal transformasiya, e-ticarət, süni intellekt və texnologiyanın biznes modellərinə təsiri müzakirə olunub. Sonda B2B görüşlər keçirilib, yekun çıxışlar dinlənilib və iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, françayzinq bir şirkətin (françayzer) öz brendini, texnologiyasını və biznes modelini müəyyən şərtlərlə başqa bir şirkətə (françayzi) satması deməkdir. Bu, françayzi tərəfindən françayzerə ödənilən haqq (royalti) əsasında həyata keçirilir və françayzi bu françayzerin brendi altında fəaliyyət göstərir. Hazırda ölkəmizdə, təqribən, 300 françayzinq nöqtəsi mövcuddur. Françayzinq sahəsi üzrə Azərbaycanda ümumi brendlərin sayı 20, illik dövriyyəsi 0,03 milyard ABŞ dolları, ümumi daxili məhsuldakı payı isə təqribən, 0,1 faiz səviyyəsindədir. Türkiyədə 43 mindən çox, Qazaxıstanda 4 min, Özbəkistanda isə 2,5 min françayzinq nöqtəsi mövcuddur. Ümumi brendlərin sayı isə Türkiyədə, təqribən, 1,3 min, Qazaxıstanda 150, Özbəkistanda 120 vahiddir.

 

İqtisadiyyat