Yeni layihələr Xəzərdə əməkdaşlığı genişləndirir

post-img

“Qarabağ” və “Əşrəfi-Dan ulduzu-Aypara” yataqları üzrə sazişlər gerçəkləşdirilir

Xəzər dənizinin ölkəmizə aid sektorunda yerləşən “Qarabağ” neft yatağı və “Əşrəfi-Dan ulduzu-Aypara” (ADUA) sahəsi üzrə müvafiq olaraq risk xidməti və hasilatın pay bölgüsü sazişləri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Böyük Britaniyanın “British Petroleum” (bp) arasında əməkdaşlıqda yeni perspektivlər açır. Bu sahədə əməkdaşlığın təməli isə 2024-cü il sentyabrın 20-də qoyulub. Məlum olduğu kimi, “Əsrin müqaviləsi”nin 30-cu ildönümü günündə iki qurum arasında sözügedən hasilat və kəşfiyyat bloku üzrə anlaşma memorandumu imzalanıb.

Həmin layihələrdə iştirak paylarının dəqiqləşdirilməsi ilə bağlı sövdələşməni rəsmiləşdirən sazişlər isə 2025-ci il iyunun əvvəllərində keçirilmiş Bakı Enerji Həftəsi çərçivəsində imzalanıb. Sövdələşməyə əsasən SOCAR və bp hər iki layihə üzrə müvafiq olaraq 65 faiz və 35 faiz iştirak payı əldə ediblər. Layihənin operatoru funksiyası isə Britaniya şirkətinə həvalə olunub. Ümumilikdə, bu sazişlər Xəzərdə mövcud infrastrukturdan səmərəli şəkildə istifadə etməyə imkan yaradacaq yeni işlənmə variantlarını müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Ötən müddətdə hər iki layihə üzrə planlaşdırılmış işlər qrafikə uyğun davam etdirilib. “bp-Azərbaycan” şirkətinin 2025-ci ilin yekunlarına dair hesabatına əsasən, hazırda “Qarabağ” yatağında ilk addım olaraq dənizdibi sensor qovşaqlarla tədqiqat daxil olmaqla seysmik tədqiqat proqramı həyata keçirilir. Tədqiqatın yataq haqqında məlumatları artıracağı, quyuların planlaşdırılması işlərinə və yatağın işlənmə strategiyalarının optimallaşdırmasına kömək edəcəyi gözlənilir. Dənizdibi sensor qovşaqlarla tədqiqat ötən ilin dekabrında başlayıb və təqribən 3 ay yarım davam edəcək.

Bundan əlavə, proqram çərçivəsində yüksək dəqiqlikli və ultra yüksək dəqiqlikli tədqiqatların da aparılması nəzərdə tutulur. Bunda da əsas məqsəd quyu bütövlüyünə təsir göstərə biləcək geoloji riskləri, eləcə də platformanın və digər infrastrukturun təhlükəsiz şəkildə quraşdırılmasına maneə yarada biləcək yeraltı təhlükələri müəyyənləşdirməkdir. Yüksək dəqiqlikli və ultra yüksək dəqiqlikli tədqiqatların cari ilin mart-aprel aylarında həyata keçiriləcəyi və 45 günədək davam edəcəyi gözlənilir. “Qarabağ” yatağında seysmik tədqiqat proqramına aid ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin layihə variantı 2025-ci ilin oktyabr ayında ictimaiyyətə açıqlanıb və sənədin yekun variantı dekabrda dövlət tərəfindən təsdiqlənib.

“Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üzrə isə ilk addım olaraq 2026-cı ilin fevral və aprel ayları arasında suyun 20-40 metr dərinliyində seysmik tədqiqat proqramının aparılması planlaşdırılır. Proqrama 2D yüksək dəqiqlikli seysmik tədqiqat daxildir. Qısa müddət üçün nəzərdə tutulmuş bu tədqiqatın 20 günədək davam edəcəyi və “Əşrəfi-Dan ulduzu-Aypara” sahəsinin şimal-qərb hissəsində kiçik bir ərazini əhatə edəcəyi nəzərdə tutulur. Tədqiqatda əsas məqsəd yerin, təxminən, 1500 metr dərinliyinədək qatları haqqında ətraflı məlumatlar əldə etməklə gələcək kəşfiyyat quyularının planlaşdırılmasına dəstək verməkdir. Tədqiqat yeraltı qırılmalar, dayaz qatlara yığılmış qazlar və digər geoloji xüsusiyyətlər də daxil olmaqla qazma əməliyyatları və quyu bütövlüyünə təsir göstərə biləcək yeraltı geoloji risklərin müəyyənləşdirilməsinə kömək edəcək.

“Əşrəfi-Dan ulduzu-Aypara” blokunda seysmik tədqiqat proqramına aid ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin layihə variantı isə ötən ilin son ayında ictimaiyyətə açıqlanıb və nəzərdən keçirilmək üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilib.

Xatırladaq ki, “Qarabağ” perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib. 1984-cü ildə strukturun sahəsi dəqiqləşdirilib və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində neft-qazlılığı təsdiqlənib. Yataq Bakıdan 120 kilometr şərqdə, “Günəşli” yatağından 20-25 kilometr məsafədə, suyun 150-200 metr dərinliyində yerləşir. Yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon ton neftdən artıqdır.

1996-cı il fevralın 13-də xarici şirkətlərlə imzalanmış hasilatın pay bölgüsü sazişinə əsasən, buradan 25 il ərzində neft hasil ediləcəyi qərara alınıb. Həmin il iyunun 4-də layihə çərçivəsində nəzərdə tutulmuş işləri yerinə yetirmək məqsədilə Xəzər Beynəlxalq Əməliyyat Şirkəti yaradılıb. Şirkət tərəfindən burada 3 kəşfiyyat quyusu qazılıb. Quyuların 2-si strukturun cənub-şərq hissəsində layların qazla doyumlu olduğunu təsdiqləyib. 1 quyu isə strukturun qərb hissəsində layların neft və qazla doyumlu olduğunu aşkara çıxarıb. Bununla belə, beynəlxalq şirkətlərdən ibarət olan konsorsium sonradan sahənin rentabelli olmadığı qənaətinə gələrək 1999-cu il yanvarın 26-da əməliyyatı dayandırdığını elan edib.

2018-ci ildə isə “SOCAR Qarabağ” və Norveçin “Equinor” şirkəti arasında yatağın işlənməsi üzrə risk xidməti sazişi imzalanıb. Sazişə əsasən şirkətlər layihədə bərabər pay əldə ediblər. Həmin il sənəd Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunub. 2019-cu il dekabrın 23-də yataqda ilk qiymətləndirmə quyusunun qazılmasına başlanılıb. SOCAR-ın CDC qazma şirkəti tərəfindən “Dədə Qorqud” üzən qazma qurğusu vasitəsilə suyun 180 metr dərinliyində qazılmış quyudan əldə olunmuş ilkin nəticələr yataqda kəşf edilmiş neft və qaz həcmlərinin onun iqtisadi cəhətdən səmərəli işlənməsi üçün yetərli olduğunu təsdiqləyib. Bununla da “Qarabağ” ölkəmizin müstəqilliyi dövründə kəşf edilmış ilk neft yatağı kimi tarixə düşüb. Bununla belə, 2023-cü ilin sonlarında Norveç şirkətinin ölkəmizi tərk etməsi ilə əlaqədar layihə öz işini dayandırmalı olub.

Heç şübhəsiz, yenidən həyata vəsiqə almış “Qarabağ” neft layihəsi SOCAR və bp-nin birgə səyi nəticəsində uğurlu işlənmə mərhələsinə qədəm qoyacaq ki, bu da Xəzər regionunda yeni bir əməkdaşlıq nümunəsinin əsasını qoyacaq. “Qarabağ” yatağından ilk neftin isə 2029-cu ildə hasil olunacağı planlaşdırılır.

“Əşrəfi-Dan ulduzu-Aypara sahəsi” Bakıdan 90-110 kilometr şimal-şərqdə, açıq dənizdə suyun 80-180 metr dərinliyində yerləşir. Bu sahə bir sıra kəşf olunmuş mövcud və perspektiv strukturları əhatə edir. Buranın ehtiyatları tam dəqiqləşdirilməsə də, ilkin qiymətləndirmələrə görə sahə böyük neft-qaz potensialına malikdir. Ölkəmizin enerji sektorunda uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsi olan “Əşrəfi-Dan ulduzu-Aypara” hasilatın pay bölgüsü sazişi Xəzər dənizinin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının artırılmasına yönəlmiş strateji addım kimi xüsusi əhəmiyyət daşıyır.

Mirbağır YAQUBZADƏ
XQ



İqtisadiyyat