Suveren Fondların Beynəlxalq Forumunun Əbu-Dabi toplantısı

post-img

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Suveren Fondların Beynəlxalq Forumunun təşkilatçılığı ilə “Transformasiya dövründə dayanıqlılığın formalaşdırılması”na həsr olunmuş illik iclas keçirilib. Toplantıda ölkəmizi Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə təmsil edib.

Qeyd edək ki, sözügedən forum idarəetməsində olan məcmu aktivlərin dəyəri 10 trilyon ABŞ dollarından çox olan, dünyanın aparıcı suveren sərvət fondlarını bir araya gətirən yeganə beynəlxalq platformadır. Forum Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi Şeyx Xalid bin Məhəmməd bin Zayidin himayəsi altında, Əbu-Dabi İnvestisiya Təşkilatı, Mubadala İnvestisiya Şirkəti və digər strateji tərəfdaş qurumların ev sahibliyi ilə keçirilir.

Forum qlobal iqtisadi və geosiyasi dəyişikliklərin fonunda suveren fondların uzunmüddətli dəyər yaradan investisiya strategiyalarının müzakirəsinə, dayanıqlı kapital qoyuluşu, texnoloji transformasiya və alternativ aktivlərin inkişafı kimi mövzuların müzakirəsinə həsr olunub. Məclis, həmçinin Santyaqo Prinsiplərinin tətbiqinə dair beynəlxalq standartların yeni çağırışlara uyğun təkmilləşdirilməsi və suveren fondların şəffaflıq, hesabatlılıq və məsuliyyətli idarəetmə prinsiplərinə sadiqliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

İllik iclas çərçivəsində keçirilən İcraçı Direktorların Forumunda İ.Məmmədov çıxış edərək suveren sərvət fondlarının uzunmüddətli dayanıqlılığı və inkişaf imkanlarının formalaşdırılmasında rolu, bu fondların qlobal iqtisadi sistemə təsiri, eləcə də rəqəmsallaşmanın suveren fondların investisiya idarəçiliyində tətbiqi perspektivləri barədə fikirlərini bölüşüb. O, müasir texnoloji innovasiyaların, aktivlərin qorunması və artırılması, həmçinin kapital bazarlarında şəffaflığın təmin olunması baxımından strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.

ARDNF-in bu iclasda iştirakı Azərbaycanın beynəlxalq maliyyə icmasında etibarlı və məsuliyyətli institusional investor kimi mövqeyini möhkəmləndirir, həmçinin qlobal suveren fondlar arasında dayanıqlı inkişaf və uzunmüddətli kapital qoyuluşu sahəsində formalaşan dialoqa fəal töhfəsini nümayiş etdirir.

Suveren Fondların Beynəlxalq Forumunun katibliyi Böyük Britaniyanın paytaxtı Londonda yerləşir. Qurum 2009-cu ildən suveren fondlar arasında əməkdaşlığın təşviqi, təcrübə mübadiləsinin gücləndirilməsi və qlobal investisiya idarəçiliyində institusional etimadın artırılması istiqamətində fəaliyyət göstərir. Forumun 14-cü illik iclası 2022-ci ildə ARDNF-in həmtəşkilatçılığı ilə Bakıda keçirilib və bu tədbir Azərbaycanın suveren fondların qlobal icmasındakı rolunu əhəmiyyətli dərəcədə gücləndirib. 2024-cü ildə Omanın Maskat şəhərində keçirilən illik iclasda isə İ.Məmmədov sözügedən forumun İdarə Heyəti sədrinin müavini seçilib.

 

İqtisadiyyat