Məşvərət Şurası növbəti hədəfləri müzakirə edib
Azərbaycan qazının əsas ixrac marşrutu sayılan Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsinin zənginləşdirilməsinə mühüm töhfələr verir. Ötən müddətdə bu əvəzolunmaz layihə ölkəmizi “qoca qitə”nin mühüm enerji müttəfiqinə və bir neçə dövlətlə strateji tərəfdaşa çevirib. Təsadüfi deyil ki, Azərbaycan qazını yeni mənbə kimi səciyyələndirən Prezident İlham Əliyev Cənub Qaz Dəhlizini yeni enerji damarı, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihə adlandırıb.
Dövlətimizin başçısı deyib: “Bu layihə, həqiqətən də, uğur hekayəsidir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Çünki Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı”.
Son illər dünyanın prioritet elan etdiyi “yaşıl keçid” platforması mədən yanacağına marağı nə qədər azaltsa da, yaxın perspektivdə təbii qazdan imtina real görünmür. Məlum olduğu kimi, hazırda Avropanın 12 ölkəsi: İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Almaniya və Avstriya Azərbaycandan qaz alır. Bütövlükdə isə, Azərbaycan Türkiyə, Gürcüstan, Ukrayna və Suriya da daxil olmaqla dünyanın 16 ölkəsinə “mavi yanacaq” ixrac edir.
Martın 3-də Bakıda öz işinə başlayan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Sonuncu dəfə bu auditoriya qarşısında çıxış edərkən bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir. Sonuncu dəfə çıxışım zamanı qaz təchizatının coğrafiyasının genişləndirilməsi ilə bağlı planlarımıza toxunmuşdum. Gördüyünüz kimi, bu planlar artıq reallaşdırılıb. Hesab edirəm ki, digər mühüm hadisə qaz təchizatımızın artıq Avropa hüdudlarından kənardakı istiqamətlərə də çatması olmuşdur. İlk dəfə olaraq Suriyaya qaz tədarükünə başlamışıq ki, bu da Suriya xalqına mövcud olan kəskin elektrik enerjisi qıtlığının azaldılmasında yardım göstərmək məqsədi daşıyır”.
Bununla belə, “köhnə qitə”də təbii qaza ciddi ehtiyac duyulduğu indiki şəraitdə bu siyahının daha da genişlənəcəyi şəksizdir. Bakıda keçirilən mötəbər enerji toplantısında bu vacib məqama toxunan dövlətimizin başçısı istehsalçı Azərbaycan, tranzit ölkələr və istehlakçılar arasında əməkdaşlıqda müsbət dinamikanın müşahidə olunduğunu vurğulayaraq deyib ki, birgə maraqlar və qarşılıqlı fayda prinsipi 10 ildən artıq davam edən uğurlu yolumuzun əsas amilidir.
Ölkəmizin Avropanın enerji bazarında mövcudluğunu genişləndirmək niyyətində olduğunu bildirən Prezident İlham Əliyev bildirib ki, qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq istehsal həcmlərinin artacağı gözlənilir ki, bu da mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsinə zərurət yaradır: “Bu gün Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir. Biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanlarını araşdırırıq. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır... Bunun üçün yeni bazarlara, mövcud boru kəməri sisteminin genişləndirilməsinə ehtiyac var və əlbəttə, qazpaylama şəbəkəmizin şaxələndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi zəruridir”.
Bunun üçün isə ölkəmizin potensial imkanları olduqca genişdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu il “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından, növbəti illərdə isə “Ümid” yatağının ikinci mərhələsi və “Şahdəniz”in yeni mərhələsi üzrə hasilata başlanacağı, eləcə də 2-3 il ərzində “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsinə start veriləcəyi gözlənilir ki, bu da 10-15 milyard kubmetr həcmində əlavə qaz əldə etməyə imkan verəcək.
Məlum olduğu kimi, artıq bir neçə ildir ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində “yaşıl gündəlik”lə bağlı məsələlər də geniş müzakirə olunur. Sevindirici haldır ki, Azərbaycan dünyanın prioritet elan etdiyi “yaşıl keçid”in də əsas iştirakçılarından biri kimi mövqeyini getdikcə gücləndirir. Prezident İlham Əliyev beynəlxalq enerji toplantısında ölkəmizin bu sahədəki uğurlarından da geniş bəhs edib. Dövlətimizin başçısı 2023-cü ildə “Masdar” şirkəti tərəfindən inşa olunmuş 230 meqavatlıq “Qaradağ” günəş və bu ilin yanvarında “ACWA Power” şirkətinin maliyyəsi ilə ərsəyə gətirilmiş 240 meqavatlıq “Xızı-Abşeron” külək elektrik stansiyalarının Azərbaycanın dünyanın “yaşıl” gündəliyinə töhfəsi kimi dəyərləndirib.
Bununla yanaşı, hazırda bir neçə “yaşıl” layihənin icra mərhələsində olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev yaxın illərdə alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının istifadəyə veriləcəyini bildirib. Dövlətimizin başçısı açılış mərasimindəki çıxışında, həmçinin “yaşıl” enerjinin ötürülməsi və onun ixraca nəqli istiqamətində görülən işlərdən də ətraflı bəhs edib: “Biz enerji kabelləri – Azərbaycandan Avropaya Qara dənizin dibi ilə gedən enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana gələn enerji kabeli üzərində birlikdə işləməliyik. Hər iki müqavilə imzalanıb və bir layihədə iqtisadi-texniki əsaslandırma tamamlanmaq üzrədir, digər layihədə isə bu iş davam edir. Bütün bu layihələrin reallaşacağı zaman onlar çox dayanıqlı olacaq və deyərdim ki, bir çox ölkələrin enerji dəhlizləri üçün ekzistensial əhəmiyyət kəsb edəcək. Alternativ enerji ilə bağlı planlarımız artıq imzalanmış müqavilələrə əsaslanır”.
Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen isə çıxışında Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətinə toxunaraq bildirib ki, Azərbaycan qazının bu dəhliz vasitəsilə Avropaya ixracı Rusiya qazından asılılığın azaldılmasına imkan yaradıb. Bunu Avropa İttifaqının enerji təhlükəsizliyinə mühüm töhfə kimi dəyərləndirən komissarın sözlərinə görə, 2020-ci ilin sonundan Xəzərdə hasil edilən qazın 50 milyard kubmetrdən çox həcmi Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəməri ilə Avropaya çatdırılıb: “Rusiya qazından asılılığımızı davamlı şəkildə azaltdığımız dövrdə Azərbaycanla tərəfdaşlığımızın vacibliyi yalnız artacaq, Avropanın enerji təhlükəsizliyinə və Azərbaycan iqtisadiyyatına fayda verəcək. Trans-Adriatik Boru Kəməri ilə kommersiya daşımaları başladığı dövrdə Azərbaycan 2024-cü ildə Avropa İttifaqının alıcılarından təbii qazın ixracına görə, təxminən, 24 milyard avro qazanıb. Bugünkü səfərin mövqeyi açıq bəyan etmək fürsətidir: Azərbaycanın qazı, qaz təchizatı Avropa İttifaqının enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq”.
Daha sonra Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 4-cü iclası öz işini “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizində davamlı uğur və yeni inkişaf mərhələsi” və “Yaşıl Enerji Layihələri” üzrə plenar sessiyalarla davam etdirib. “Nazirlər sessiyası”nda Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, Bolqarıstanın energetika naziri Trayço Traykov, Moldovanın energetika naziri Dorin Junqetu, ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Or, Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord Con Alderdays, Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Zəfər Dəmircan və başqaları çıxış ediblər.
“Cənub Qaz Dəhlizi sessiyası”nda SOCAR, bp, Azərbaycan Qaz Təchizatı Şirkəti, TANAP, TAP, ICGB, XRG, TotalEnergies, Asiya İnkişaf Bankı və Boston Consulting Group nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.
“Yaşıl Enerji Layihələri” sessiyasında isə BOEMDA, “SOCAR Green”, “Masdar”, “ACWA Power”, bp, Xlinks, Zhero, CEER, IFC, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı və İƏT-in Təmiz Enerji Mərkəzinin nümayəndələrinin “yaşıl enerji dəhliz”ləri və layihələri, “yaşıl enerji” interkonnektorları ilə bağlı təqdimatları dinlənilib.
İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri
Bakıda keçirilən ənənəvi Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarına maraq olduqca yüksəkdir. Bu il Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 27 ölkənin, 11 beynəlxalq maliyyə institutu və təşkilatın, 49 enerji şirkətinin qatılması, eləcə də bu mötəbər enerji tədbirində nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələrin iştirakı da bunu təsdiqləyir.
Körfəz ölkələrində hərbi münaqişənin alovlanması, dünyanın iri maye qaz ixracatçılarından olan Qətərin qaz emalı obyektlərinə İranın hava hücumu və gündəlik olaraq Hörmüz boğazından 300 milyon kubmetr qazın daşınmasında yaranan fasilələr artıq Avropa və Uzaq Şərq bazarlarında “mavi yanacağ”ın 1000 kubmetrinin qiymətini 600 ABŞ dollarınadək bahalaşdırıb.
Belə bir şəraitdə Avropa qazın tanker daşımalarının da davamlı enerji təhlükəsizliyinin təminatçısı olmadığını görür. Və boru kəmərləri daşımalarının vacibliyi məncə, budəfəki Bakı toplantısında daha qabarıq şəkildə diqqət mərkəzində olacaq. Düşünürəm ki, Avropa İttifaqı Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsini özünün prioritet layihələri siyahısına daxil edə bilər.
Azərbaycan 2025-ci ilin yekunlarına görə, təqribən, 38,9 milyard kubmetr əmtəəlik qaz hasil edib, bunun isə 25,2 milyard kubmetri xarici bazarlarda kapitala çevirib. Avropa bazarlarında satış həcmlərimiz 2 ildir ki, 12,8 milyard kubmetr ətrafında sabitləşib.
Mirbağır YAQUBZADƏ
XQ


