Rəqəmsal inqilabın bayraqdarı

post-img

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda yeni bir qurum yaradıldı. Bu qurumlarüstü bir təsisat olan Rəqəmsal İnkişaf Şurasıdır.

Ölkədə İqtisadi Şura da var. Bu quruma Baş nazir sədrlik edir. Yeni şuranın statusu daha yüksəkdir. Bu qurumlarüstü quruma dövlətin ikinci ali rəhbəri olan Birinci vitse-prezident Mehriban Əliyeva sədrlik edir. RİŞ-ya Birinci vitse-prezidentin sədr təyin edilməsi ölkədə rəqəmsal keçidin ən önəmli hədəf sayılması deməkdir.

Deməli, Birinci vitse-prezident Mehriban Əliyevanın RİŞ-ya rəhbərlik etməsi bu qurumun ali statusu, rəqəmsal keçidin prioritet sıralamada öncüllüyü ilə yanaşı, həm də qarşıya qoyulmuş məqsədin sürətli və qüsursuz icra olunacağına əminlik deməkdir.

Strateji hədəflərin gerçəkləşməsində təkcə bilik bəs etmir, təşəbbüskarlıq da kifayət deyil, ayrılıqda innovativ yanaşma da yetərli olmaya bilər. Ən əsas meyarlardan biri də uğur təcrübəsidir. Yəni indiyədək qazanılmış uğurlarla zənginləşdirilmiş şəxsi-rəsmi portfolio olduqca önəmlidir.

Birinci xanım Mehriban Əliyeva indiyə qədər bir sıra mötəbər beynəlxalq tədbirlərin təşkilatçısı, çox yüksək rəsmi və ictimai qurumların rəhbəri, bir sıra humanitar hərəkatların təşkilatçısı və rəhbəri olub. Bunların da hamısında istisnasız olaraq uğur qazanıb.

Azərbaycanda “Avroviziya” mahnı müsabiqəsi keçirilib. Bu, həmin yarışmanın tarixindəki ən uğurlu təşkilatçılıq örnəyi idi. I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi isə təkrarlanması mümkün olmayan bir nailiyyət idi. IV İslam Həmrəyliyi Oyunları da bunlar kimi.

Bəzi ümummilli önəmli işlər o qədər yaxşı görülür ki, sonra bir başqası onu daha yüksək səviyyədə görə bilməyəcək. Elə rekordlar var, onu müəllifin özündən başqa, təzələyən olmur. Bəzi sənət əsərləri var ki, onlardan daha yaxşısını yaratmaq, ümumiyyətlə, mümkün görünmür. Məsələn, ikinci “Cakonda”nı yaradacaq başqa bir Leonardo da Vinçi yoxdur. Rəssamın dövründən 5 əsr keçib, lakin daha bir “Mona Liza” yaradılmayıb. Bəlkə, 5 əsr sonra və heç vaxt olmayacaq. Azərbaycanın Birinci vitse-prezidentin portfoliosu bu cür əməllərlə zəngindir.

İndiki dövr isə yeni bir eraya keçiddir – rəqəmsallaşma, sünü zəka erasına. Kim uğurla keçid edə bilsə, o, prosesin önündə gedəcək. Kim geri qalsa, modern texnofeodalizmin vassalına, qlobal trendin autsayderinə çevriləcək. Bax bu səbəbdən Azərbaycanda rəqəmsal keçid, Aİ əsaslı cəmiyyət quruculuğuna rəhbərlik Mehriban Əliyevaya həvalə olunub. RİŞ və bu quruma rəhbərlik bariz nümunədir.

Bəli, Mehriban Əliyeva hələ hakimiyyətdə konstitusiya vəzifəsi tutana qədər də öz təbii - emosional və intellekt səviyyəsini, nadir təşkilatçılıq istedadını, konitiv imkanlarını göstərə bilmişdi. İstər ölkə içində, istərsə də beynəlxalq miqyasda yüksək ictimai-mədəni platformalarda öz potensialını nümayiş etdirmişdi. Ancaq RİŞ bir başqa bilik, üstəgəl əməl meydanıdır. Hədəf kifayət qədər aydın, məqsəd isə fövqəladə dərəcədə aktualdır.

Rəqəmsal keçid faktik olaraq dövləti yenidən qurmaq kimi bir hədəfdir. Bu, keyfiyyətcə yeni və miqyasca nəhəng quruculuq mərhələsinin ön sırasında - işin başında, əlbəttə, ölkənin birinci şəxsi durur. Rəqəmsal keçidin – fərqli tarixi-texnoloji formasiyanın ideya müəllifi, ideoloqu, təşəbbüsçüsü, ilham qaynağı, əlbəttə, Prezidentin özüdür. Dövlət başçısı özü də, yeni çağın qlobal çağırışlarından az-çox xəbəri olan hər kəs də bilir ki, bu işin yarıtmaz icra ehtimalı, yetərsizliyi, yanlış yönləndirilməsi ola bilməz. Ona görə də Prezident bir başqasını deyil, məhz Birinci vitse-prezident Mehriban Əliyevanı ölkədə rəqəmsal inkişafın lokomotivi olaraq görür.

Buna, əslində, “rəqəmsal inqilab” da demək olar. Belə bir innovariv keçid, yenilənmə – yaradıcı inqilab Azərbaycanda ən layiqli bayraqdarını tapıb.

Bahəddin HƏZİ

Sosial həyat