Cabbar Qaryağdıoğlu – 165
Biz onu ilk dəfə məşhur “Neft və milyonlar səltənətində” filmində (1916-cı il) toy və kazinoda çəkilmiş şənlik epizodlarında görmüşük. Tarzən Qurban Pirimov və kamança ifaçısı Məşədi Qulu ilə birgə Cabbar Qaryağdıoğlunun ifası səssiz olsa da, kadrlar tarixilik baxımından önəmlidir. Daha sonra Üzeyir Hacıbəyli haqqında çəkilmiş “Uzun ömrün akkordları” filmində (1981-ci il) onun obrazına Qədir Rüstəmovun ifasında rast gəlmişik. Bu günə qədər qalıb yaşayan isə ölməz səsidir.
Cabbar Qaryağdıoğlu 1861-ci ildə musiqi beşiyi, “Qafazın konservatoriyası” sayılan Şuşada anadan olub. Atası Məşədi İsmayıl kişi boyaqçı idi. Sənətini Cabbara da öyrətmək istəyirdi. Lakin Cabbarı gözəl səsi, anadangəlmə istedadı onu xanəndəliyə yönəldirdi. Zümzümələri, zəngulələri tədricən böyük bir xanəndənin yetişməsindən soraq verirdi. O, atası kimi boyaqçı olmadı, amma ecazkar səsi muğamlarımızı bütün boyaları ilə yaşatmasına səbəb oldu.
Şuşada Xarrat Quludan, Mirzəli Zeynalabdin oğlundan musiqi elmini və fars dilini öyrəndi. 16 yaşında ilk dəfə bir toyda “Kürdü-Şahnaz” oxudu və hər kəsi məftun etdi. Sonra tarzən Sadıqcan Cabbarı özünün sazəndələr dəstəsinə qəbul etdi. Konsertlərdə Cabbar “Heyratı”sı, “Segah”ı, “Mahur”u ilə əsl heyrət doğurdu. Onun “Bayatı Qacar”ı, “Ovşarı”sı da ayrı bir aləm idi. İranda, Türkiyədə, Polşada ifaları ilə konsert salonlarını lərzəyə salırdı.
Qeyd edək ki, ötən əsrin əvvəllərinədək Azərbaycan xanəndələri muğamı yalnız fars dilində yazılmış şeirlərlə ifa edirdilər. Bu ənənəni məhz Cabbar Qaryağdıoğlu pozub. Ondan başlayaraq, muğamların Azərbaycan dilində ifası bütün Güney Qafqazda ənənəyə çevrilib.
Klassikləşmiş muğam və xalq mahnıları ifaçıları Seyid və Xan Şuşinskilər, Bülbül, Zülfi Adıgözəlov, Davud Səfiyarov, Cahan Talışinskaya, Yavər Kələntərli, Mütəllim Mütəllimov Cabbar əminin yetirmələri olmaları ilə həmişə fəxr ediblər.
...Ünlü xanəndə 1925-ci ildə gənc şair Əliağa Vahidlə birlikdə Bakının Mərdəkan qəsəbəsinə gələrək, burada qonaq olan rus şairi Sergey Yeseninlə görüşürlər. Məclis Qaryağdıoğlunun oxuması ilə qızışır. Yesenin heç çür inana bilmir ki, 64 yaşlı qocanın belə zəngin və məlahətli səsi ola bilər. Beləcə, xanəndənin zil və təravətli səsi, sürəkli zəngulələri şairi vəcdə gətirir. Qaryağdıoğlu ifasına “ayaq” verib qavalı yerə qoyunca salonu alqış səsləri titrədir. Lakin ovsunlanmış Yesenin xəyala dalaraq heç özü də bilmir ki, xanəndəni necə mükafatlandırsın və onun şərəfinə bədahətən şeir deyir. Misralarında Cabbar əmini “Şərq musiqisinin peyğəmbəri” adlandırır.
Milli opera sənətimizin pərvərişində də onun rolu böyükdür. Opera səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğlu olub. 1897-ci ildə Şuşada Əbdürrəhim bəy Haqverdiyevin tamaşaya qoyduğu “Məcnun Leylinin məzarı üstündə” adlı musiqili səhnəcikdə Məcnun rolunu dəfələrlə oynayıb. Deyilənə görə, səhnəyə çıxanda başına quş yuvası qoyubmuş. Yuvanın içində bülbül varmış. Cabbar Leylinin qəbri üstündə hönkürəndə bülbül uçub gedib. Onun həmin ifasını izləyən 12 yaşlı Üzeyir Hacıbəyli möhkəm təsirlənib və sonralar Şərqin ilk operası “Leyli və Məcnun”u yazıb.
Onun adı Azərbaycan Dövlət Konservatoriyasının da ilk təşkilatçıları sırasında çəkilir. 1934-cü ildə Tiflisdə Cənubi Qafqaz xalqlarının incəsənət olimpiadasında 73 yaşlı Cabbar Qaryağdıoğlu qeyri-adi sənətkarlıq və saflığı ilə fərqlənərək, 1-ci yerə layiq görülüb. Bir qədər sonra - 1936-cı il martın 31-də Azərbaycan Dövlət Dram Teatrında görkəmli xanəndənin 75 illik yubileyi təntənə ilə qeyd edilib.
Cabbar Qaryağdıoğlunun fon valına köçürülmüş 50 mahnısı “Azərbaycan xalq nəğmələri” adı ilə ayrıca kitab şəklində çap olunub. Yeri gəlmişkən, həmin mahnılardan birinin həm sözlərinin, həm də musiqisinin müəllifi Cabbar əmidir. Bu, məşhur “İrəvanda xal qalmadı” mahnısıdır.
Xalq artisti Cabbar Qaryağdıoğlu 1944-cü ildə Bakıda vəfat edib, şəhər qəbiristanlığında dəfn olunub. Cismən dünyanı tərk etsə də, səsi ilə yaşayır və adını yaşadır.
Ə.NƏCƏFXANLI
XQ
Redaksiyadan: 1948-ci ildə Bakıda Fəxri xiyaban məzarlığı yaradılanda respublika hökumətinin qərarı ilə bir sıra görkəmli şəxsiyyətlə bərabər, Cabbar Qaryağdıoğlunun da məzarının bu ünvana köçürülməsi nəzərdə tutulub. Təəssüf ki, başqa mərhumların məzarları Fəxri xiyabana gətirilsə də, ünlü xanəndə hələ də əvvəlki qəbirdə uyuyur.

