Mirzə Fətəlinin “Müsyö Jordan”ı Türkiyə səhnəsində

post-img

Türkiyədə Mirzə Fətəli Axundzadənin məşhur komediyası əsasında hazırlanmış tamaşa İğdır şəhərində səhnələşdirilib.

Səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə İğdırda yaradılan “Bir millət, iki dövlət” Azərbaycan–Türkiyə Gənclər Teatrının ilk səhnə işi görkəmli dramaturqun "Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” komediyası əsasında hazırlanan "Müsyö Jordan və Dərviş Məstəli Şah" tamaşası olub.

Təqdimatı İğdır Mədəniyyət Mərkəzində keçirilən tamaşada çıxış edən quruluşçu rejissor, Azərbaycanın Əməkdar artisti Tofiq Seyidov bildirib ki, bu təşəbbüs iki ölkə arasında dostluğun möhkəmlənməsinə, bölgənin mədəni həyatına töhfə verməklə yanaşı, gələcəkdə qardaşlığımızın daha da güclənməsinə və Azərbaycan yazıçılarının əsərlərinin səhnələşdirilməsi üçün yeni imkanların yaranmasına xidmət edəcək. Azərbaycanın Xalq artisti, görkəmli teatr və kino xadimi Cahangir Novruzov bunu böyük mədəni hadisə adlandırıb.

Əsəri Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyə türkcəsinə Xalq artisti Cahangir Novruzov çevirib.

1850-ci ildə qələmə alınmış bu klassik komediya cəhalətin və savadsızlığın tənqidi, elmin və maarifin insan həyatındakı rolu, Şərq və Qərb dünyagörüşlərinin toqquşması kimi aktual mövzuları satira və yumor vasitəsilə tamaşaçıya çatdırır. Əsər İğdırla yanaşı, Kars, Ardahan və Ankara şəhərlərində teatr səhnəsində nümayiş etdiriləcək.

XQ

Mədəniyyət