Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasında (COP30) “Böyük Qayıdış” proqramı çərçivəsində azad edilən ərazilərdə “ağıllı” və “yaşıl” şəhərsalma modelini təqdim edib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Braziliyanın Belem şəhərində keçirilən tədbirdə iştirak edib. Anar Quliyev Şəhərsalma və İqlim Dəyişikliyi üzrə Nazirlər İclasında çıxış edərək mənzil və iqlim problemlərinin həllində çoxsəviyyəli əməkdaşlığın vacibliyini vurğulayıb.
Komitə sədri “Böyük Qayıdış” proqramı çərçivəsində azad olunmuş ərazilərdə aparılan bərpa işlərini beynəlxalq auditoriyaya təqdim edib, bu prosesin “ağıllı” və “yaşıl” prinsiplərə əsaslandığını bildirib. O, həmçinin Azərbaycanın Bakı Davamlılıq Koalisiyasındakı və BMT-nin “Hər kəs üçün münasib mənzil” üzrə İşçi Qrupundakı həmsədrlik rolunun iqlim və şəhərsalma gündəliyinin inteqrasiyasına töhfə verdiyini qeyd edib.
Səfər zamanı Braziliyanın şəhərlər naziri Jader Filho ilə görüşən Anar Quliyev dayanıqlı şəhər inkişafı və inklüziv planlaşdırma üzrə əməkdaşlıq imkanlarını müzakirə edib. O, həmçinin Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) hazırlıqlar barədə məlumat verib və iştirakçıları bu mühüm tədbirə dəvət edib.

