Şamaxıda Mərkəzi Bankın, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Bakı Fond Birjasının və investisiya şirkətlərinin iştirakı ilə “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir təşkil olunub.
KOBİA-dan XQ-yə bildirilib ki, tədbirdə regionda fəaliyyət göstərən biznes subyektləri üçün kapital bazarının imkanları, bölgədə bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin kapital bazarına yönəldilməsi, Bakı Fond Birjasının Listinq Məsləhət Proqramı, “CFI Financial”ın alternativ maliyyə cəlbi imkanları, qiymətli kağız buraxılışında anderraytinq xidməti barədə təqdimatlar keçirilib, suallar cavablandırılıb.
Qeyd olunub ki, bu, sayca on altıncı tədbirdir. Regionlarda mütəmadi olaraq keçirilən “İnvestisiya səyahəti” tədbirlərinin məqsədi bölgədə çalışan biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaq və ondan istifadəyə təşviq etməkdir.

